Xalq Şairi vəfat edib MANERA.AZ
Xalq Şairi Söhrab Tahir uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.
Manera.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidməti yayıb.
Söhrab Tahir 1926-cı il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub.
O, 1962-1966-cı illərdə Azərbaycan Demokrat Firqəsinin Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor işləyib.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. 1991–ci ildə bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.
Şairin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub. Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilib.
Allah rəhmət eləsin!