manera.az
manera.az

Dərdini Mirzə Cəlilə danış...

Dərdini Mirzə Cəlilə danış...
Bu gün sənin doğum günündür. Ustad, istəyirəm sənlə bir az dərdləşim...

Əvvəlla Allah səni rəhmət eləsin, ay ustad. Sənə deyəcəklərim var. Bilirəm, sən mənə cavab verməsən də, təəssüflə dinləyəcəksən. Sən necə dözmüsən, necə yaşaya bilmisən? Sən möhkəm adam olmusan! Sənin dövründə hər yer cəhalət idi. Hər kəs cahil idi. Şeyx Nəsrullalara uyan avam camaatı seyr etməkdən, onların halına yanmaqdan betər nə ola bilər? Amma, yox, sənin zamanında nə də olmasa, cəsarətli ziyalılar bir yerə toplaşmışdılar. Axır, bölüşüb rahatlaşırdınız da.

Ay ustad, məndən xəbərin varmı? Mən də cəmiyyətə nəzər salıram, görürəm, hərdən satira yazıb ürəyimi boşaldıram. Amma, yenə də ürəyim boşalmır. Sıxılıram. Darıxıram. Bölüşməyə adam da tapa bilmirəm. İt-pişiklə, keçiylə dostluq edirəm. Onlara güvənirəm. Güvəniləsi adam qalmıb həndəvərimdə. Arada gedib Sabirin məzarın ziyarət edirəm. Rəhmətlik anam demişkən, dəli dərvişə dönmüşəm az qala. Bizdə bir "Arpaçayı" deyilən yer var, gedib orada dağda-dərədə gəzirəm tək-tənha. Görən Məcnun sanar. Məcnunun yenə Leylisi var idi, mənim heç o da yoxdur.

Anam dünyasın dəyişəndə dedi ki, "Yusifin taleyindən nigaran gedirəm". Elə mən özüm də öz taleyimdən nigaranam. Atam və iki qardaşımla heç cürə anlaşa bilmirəm. Ayrı-ayrı dünyanın adamlarıyıq. Qohum-əğrəbadan heç danışmasam yaxşıdır. Ətrafımda könül adamı tapa bilmirəm, mədə-gödən güdən insanların arasında mən neyləyim, ay ustad. Ürəyim ağrayır. Əsəb gərginliyi keçirirəm. Dünya-aləmi vecinə almayan, səhərdən-axşamacan şilingə qalxan adamları görürəm, mat-məəttəl qalıram. Bu qədər biganənin, diplomlu, savadlı kütlərin içində yaşa görüm necə yaşayırsan?

Ay ustad, xətrinə dəyməsin, elə-bil biz də bir az normal deyilik, deyəsən. Öz kefində olan camaatın dərdin çəkmək normal bir şeyə oxşamır vallah. Yaltaqlığından məmnun olan birinin halına acıyırıq. O, məmnundur, sevinc içindədir, biz niyə onun halına, xoşbəxtliyinə acıyaq ki?! Çoxduye çox. Yazmaqla bitməz. Bu doğum günündə səni də narahat edirəm. Bağışla! Vallah danışmağa adam tapmadım. Hələ burasına bax, ay Mirzə.

Deməli, bir müddətdir kənddə oluram. Dedim, gedim rayonda bir ədəbi məclis yaradım. Qocalı-cavanlı, çoxdan yazan, yeni yazanları yığım bir yerə, şeirdən, ədəbiyyatdan danışaq, bədii söhbətlər edək, partlamayaq. Məclisin də adını "Söz Muzeyi" qoydum. Bu aralar Dövlət Təhlükəsizliyi Xidməti bir İcra başçısını apardı. Mən də sosial şəbəkədə bunu təqdirəlayiq hal kimi qiymətləndirdim. Xalqla Dövlət arasında dostluq yaratmayan məmurlar, İcra başçıları dəyişilsə yaxşıdır, dedim. Bizim bu Qobustan rayonuna da gələcəklər, yəqin ki, yazdım. Axşamı mənə zəng gəldi ki, "müəllim, bizə tapşırıq verdilər ki, onlara kitabxanada toplaşmağa icazə verməyin". İndi bilmirəm İcra hakimiyyətindən tapşırıblar, yoxsa, Rayon Mədəniyyət şöbəsindən. Gedib maraqlanacam. Hərçənd ki, bir-birinə bağlı olan varlıqlardır. Bax belə, ustad. 4 gün sonra "Xocalı soyqrımı"nın 28-ci ildönümüdür.

28 il öncə ermənilər Xocalı camaatını Xocalıdan çıxardığı kimi, bizi də - "Söz Muzeyi" Ədəbi Məclisini Qobustan rayon Mərkəzi Kitabxanasından çıxardılar. Vallah, əgər bir az qorxuları olmasa, gəlib bizi şillə-təpiklə qovardılar. Bax belə, Mirzə, rayonda fikir adamına, şairə belə təpki göstərirlər. Nə deyəsən, neyləyəsən? Hə, hələ mənim yanımda olan dostlar da məni qınayırlar, sil o yazdığını, deyirlər. Təhqir yazmamışam, söyüş yazmamışam. Adi bir fikri deməyə cəsarətimiz yoxdursa, bizdən nə olacaq? Allah özü kömək olsun bizə!

Ay Mirzə, Allah məkanını cənnət eləsin. Vallah xeyli rahatlaşdım. Amma, hələ ürəyim doludur. Vaxtın olanda danışacam sənə!

Yusif Nazim Ərəbsoy,
22 fevral 2020
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031