manera.az
manera.az

Könülsüz nə sevdam, nə ahım olub | MANERA.AZ

Könülsüz nə sevdam, nə ahım olub | MANERA.AZ
Manera.az görkəmli şair Ramiz Qusarçaylının yeni şeirlərini təqdim edir:

Yaxşı ki...

Yaxşı ki, yaxşını pis tanımadım,
Yaxşı ki, yamanı pis tanımışam.
Tanımadıqlarım vecimə deyil,
Tanıdıqlarımı düz tanımışam.

Çox gülü tağından uçurdu fələk,
Payız bulud-bulud, yaz lələk-lələk,
Dünyaya gələndən bir halal bələk
Gedəndə bir büküm bez tanımışam.

Şərin qürubunda dan keçməmişəm,
Ürək keçməmişəm, can keçməmişəm,
Nə yaxşı özümdən yan keçməmişəm,
Nə yaxşı, özümü tez tanımışam.

Ömür cihad deyil, gün taran deyil,
Ölüm haxdan yazı, üz qaran deyil,
Onsuz da çəkilib qurtaran deyil,-
Dərdin özündə də naz tanımışam.

Könülsüz nə sevdam, nə ahım olub,
Bir bənövşə boylu günahım olub,
Başımın üstündə Allahım olub,
Ən başda ilahi söz tanımışam.

Borc

Sənə borcum olmasa da,
Ölməyi borc bildim sənə.
Ölüb qalan borcumu da
Bölməyi borc bildim sənə.

Gəl oxşa bu viranlığı,
Bir ömürdü bir anlığı,
Gözündəki qaranlığı
Silməyi borc bildim sənə.

Kim var eylər bu yoxluğu,
Vardan keçir ac toxluğu,
Tənha qalan bu çoxluğu
Gülməyi borc bildim sənə.

Bir ağı yon bu bəstənə,
Gül qoy sükutun büstünə,
Dirilib bir də üstünə
Gəlməyi borc bildim sənə...

Ağrı

Bu gün bir az yaxşıyam.
Kefim soğan doğrayır.
Sağ olsun ayağım da
Bu gün yaxşı ağrıyır.

Oxşayıb ayağımı
Hey basıram bağrıma.
Üzərrik də allmışam
Göz dəyməsin ağrıma.

Bütün ağrılar qara,
Mən ağına düşmüşəm.
İşə bax, ayağımın
Ayağına düşmüşəm.

Ayağım ağam olub,
Nə desə qol çəkirəm.
Yol çəkmir ayağımı,-
Ayağa yol çəkirəm.

Ayağım hər ağrıya
Deyir açıqdı qapım.
Bəs niyə geyən kimi
Utanır ayaqqabım.

Yazı büküb payıza
Ayağıma yığıram.
Açan çiçəklərə də
Ayağımla baxıram.

Həzz alıram əzabdan,
Görən məni dağ sayır.
Gözüm yol çəkmir daha
Yol gözümdə axsayır.

Bu baş-ayaq dünyanın
Ruhunu əridiblər.
Başına hər bəlanı
Ayaqdan yeridiblər.

Ağrılar nazlı-nazlı,
Üzünə də baxmıram.
Ayağıma dolaşır
Yuxarı buraxmıram.

Hər əlüstü ağrıya
Ayaqüstü hazıram.
Elə bu şerimi də
Ayaqüstü yazıram.

Bu gün bir az yaxşıyam.
Kefim soğan doğrayır.
Sağ olsun ayağım da
Bu gün yaxşı ağrıyır...

Səndən küsməyə gəlmişəm

Səndən küsməyə gəlmişəm,
Qarşıma gül-çiçəklə çıx.
Yığ başına günahları
Tut üzünə ələklə çıx.

Mindi dağların sayı,
dan,
Gül açılmır hər boyadan,
Özün qazdığın quyudan
Tut əlimdən ürəklə çıx.

Düş dilimdən, boğuluram,
Yum gözünü, sıxılıram,
Sənə tərəf yıxılıram
Qollarında xərəklə çıx.

Yoxmu bu qəhrin axırı,
Səbrim dərdlərin yağırı,
Gedirəm, göylər çağırır
Ta yoluma mələklə çıx...

Kişilər, satmayın bir-birinizi

Bilmirəm nə vərdiş,
nə azardı bu,
Nə molla, nə məmur, nə yazardı bu,
Bu nə mərəkədi,nə bazardı bu
Kişilər, satmayın bir-birinizi...

Göylərə yozmayın Yerin dərdini,
Xeyrə calamayın şərin dərdini,
Kirkirə üyütməz pərin dərdini
Kişilər, satmayın bir-birinizi.

Kişilik kürsüdə satılmır axı,
Papaq ayaqlara atılmır axı,
Alçaq kölgəsində yatılmır axı
Kişilər, satmayın bir-birinizi.

Gəzib əylənməyə bulvarınız var,
Bezib asılmağa talvarınız var,
Nə ucuz sövdəniz,alveriniz var,-
Kişilər, satmayın bir-birinizi.

Baxın soyunuza,
soy adınıza,
Bir xələl gəlməsin qoy adınıza,
Nə üzlə baxırsız arvadınıza…
Kişilər, satmayın bir-birinizi.

Bir lafı yüz yerə bölüşənə bax,
Baxıb için-için gülüşənə bax,
Arvad balağına ilişənə bax,
Kişilər, satmayın bir-birinizi.

Birdi Allahınız,
dininiz birdi,
Sevginiz vardı ki...
kininiz birdi,
Ağlınız,qayğınız,gününüz birdi,
Kişilər, satmayın bir-birinizi.

Daha dəbdən düşüb keçi qiyməti,
Küçə siyasəti, küçə qiyməti,
Qiymətdən salmısız neçə qiyməti...
Kişilər, satmayın bir-birinizi.

Əri, ərəniylə seçilir millət,
Satıla-satıla kiçilir millət,
Əzilir, tapdanır, biçilir millət
Kişilər, satmayın bir-birinizi.

Bilmirəm nə vərdiş,
nə azardı bu,
Nə qeybət, nə qırğın, nə bazardı bu,
Bu nə mərəkədi, nə bazardı bu
Kişilər, satmayın bir-birinizi.

Dünya

Nə əksən erməni çıxır,
Alağına şükür, Dünya.
O da mənə qənim çıxır
Dolağına şükür, Dünya.

Bir səsdi, bir hənir,-hamı,
Gündə bir boy enir hamı,
Bir-birini minir hamı
Ulağına şükür, Dünya.

Toyuq ağlı, quş biliyi,
Kürsüdə tuğyan eləyir,
İt də yemir kişiliyi
Yalağına şükür, Dünya.

Papağı yox sanır arvad,
Kişinin nöqsanı arvad,
Yüzündən doxsanı arvad...
Balağına şükür, Dünya.

Alim özünü aldadır,
Şair sözünü aldadır,
Ata qızını aldadır
Çalağına şükür, Dünya.

Adam-adam aşınır Yer,
Qiyamətə daşınır Yer,
Daha Göydən boşanır Yer
Talağına şükür, Dünya.

Qəbirdi

Torpaqdan gözəli yox imiş demə,
İnsanın ən gözəl donu qəbirdi.
Bir kişi göyərməz hər on qəbirdən
Hər doqquz kişinin onu qəbirdi.

Gülün gülüşündə şehin nəmi var,
Kefin də sonunda kəfən nəmi var,
Hər ömrün cənnəti,cəhənnəmi var,
İçini bilmirəm,fonu qəbirdi...

Gəzir,əl-əl gəzir oyun adamlar,
Gəzir buyruqlara boyun adamlar,
Abrını gövşəyir qoyun adamlar,
Örüşü örüşdü,yunu qəbirdi.

Çox duruş gətirməz bu duracaqlar,
Hələ çox dəstəyi tərs buracaqlar,
Bir gün diri-diri basdıracaqlar,
Elə dünyanın da sonu qəbirdi...


Bir yalanmış əvvəlim

Nəsimiyə

Bir yalanmış əvvəlim,
Sonumdan çıxmışam mən.
Öz urvamdı, öz əlim
Ünumdan çıxmışam mən.

Nə bağır, nə bağrı yar,
Zaval çoxmuş doğruya,
Can ağriya-ağrıya
Canımdan çıxmışam mən.

Baxt qovur, baxır insan,
İçinə yağır insan,
Qanından axır insan,
Qanımdan çıxmışam mən.

Hər günortam bir qəzadı

Hər günortam bir qəzadı,-
Axşamdan Allah saxlasın.
Nə şam şeir çiçəyidi,
Nə şamdan,-Allah saxlasın.

Yarpaq dərdə dağ bükülür,
Sarısına ağ bükülür,
Səsimdən torpaq tökülür
Duamdan Allah saxlasın.

Sonbeşiyəm dinim kimi,
Savablarım qənim kimi,
Allahı da mənim kimi
Adamdan Allah saxlasın…

Şeirdən uçdu bülbüllər

Şeirdən uçdu bülbüllər
Yerinə qarğalar gəldi.
Ağ atlı oğlan nə gəzir,
Nağıldan qarğılar gəldi.

Ruh daşındı bazarlara,
Can yoluxdu azarlara,
İstedadlı yazarlara
Tələlər, qurğular gəldi.

Şər suvardı pir gülləri,
Kin sovurdu tər gülləri,
Silib nöqtə-vergülləri
Durğusuz durğular gəldi.

Dibçəklərə qondu yazlar,
Ən baş oldu ən dayazlar,
Mənimsəndi imtiyazlar,
Arxalı oğrular gəldi.

Güldülər türkəm deyənə,
Azıxam, Ərkəm deyənə,
Vətənə Məkkəm deyənə,
Məsciddən sorğular gəldi.

El ayırdı el bir olan,
Toz böyütdü xəlbir olan,
Xəyanətlə əlbir olan
Divanlar, yarğılar gəldi.

Ya intihar, ya da çəpik,-
Bir bəladı,-
lirik, epik...
İnfarktın biri bir qəpik
Çox “baha” ağrılar gəldi...

Üzlərdə boya birliyi,
Gözlərdə röya birliyi,
Sözlərdə riya birliyi,
Nə qolay qovğalar gəldi.

Şeirdən uçdu bülbüllər
Yerinə qarğalar gəldi...

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930