manera.az
manera.az

Nazim Əhmədli: Şair hələ mələk deyil...

Nazim Əhmədli: Şair hələ mələk deyil...
Manera.az Nazim Əhmədlinin şeirlərini təqdim edir:

əllərim od tutub yanır

əllərim od tutub yanır,
əlimi neynirsən, axı;
dilim yaman acı dadır,
dilimi neynirsən, axı;

yarpağam, otam, üz məni,
qara telinə düz məni;
içim yandırmır özgəni,
çölümü neynirsən, axı;

fələklər kimi yaxıllar;
küsüb mələklər, ahular,
toxunma, külüm dağılar,
külümü neynirsən, axı;

dağların gülün gətirrəm,
süsən-sünbülün gətirrəm;
mən sənə zülüm gətirrəm,
zülümü neynirsən, axı;

bilmirəm, sən mənim kimim,
saçımda ağ dənim, kimin;
ay gözəlim, mənim kimi
dəlini neynirsən, axı.

ürəyimə məktub

salam, necəsən ürəyim,
sinəmin altı necədi;
məni hər yana çapırsan,
mindiyin atın, necədi;

bu qələmim lələk deyil,
şair hələ mələk deyil;
hamı sənə ürək deyir,
adın, soyadın, necədi;

bezmədin, canımdan mənim,
dərd ötmür, yanımdan mənim;
doymursan, qanımdan mənim,
qanımın dadı, necədi;

bilmirəm ki, qışam, yazam,
saçıma baxdım, bəyazam;
gərək sənə nəsə yazam,
şeir, bayatı, necədi;

bir gün gələn, bir gün gedər,
dərd-sərin məni əridər;
ürəyim, bir məktub göndər,
görüm, həyatın necədi.

unutduğum göyüzü

unutduğum göyüzü,
tanrıya daha yaxın;
burdan dağlar görünmür,
hardan boylanım, baxım;

dünya bağlı qalaça
gedib harda qalacam;
bir cüt qanad alacam,
yeri tutmur, ayağım;

mən daha nə görəcəm,
bağ becərəm, yer əkəm;
saçlarına hörəcəm,
çiçəklərin ən ağın;

ömrün qırışığı var,
dərdin qarışığı var;
üzümdə işığı var,
gözündəki çırağın;

günüm harda keçinə,
döndüm bulud köçünə;
nə yazılıb içinə,
alnımdakı varağın.

gəl gizlicə gedək

gəl gizlicə gedək, çıxaq,
bağçanızın gül yerinə;
mənə bir şeir bəstələ,
oxuyaq, bülbül yerinə;

göy üzünü kim oxusun,
külək aparsın, yuxusun;
gətir, əllərim toxunsun,
saçının sünbül yerinə;

söz deyim, gülsün, ürəyin,
sözə bükülsün ürəyin;
danışa bilsin ürəyin,
ağzındakı dil yerinə;

bax, ulduzlar qönçə qönçə,
gözün göyçək, belin incə;
gəl, canımı al, bu gecə
apar, əzrayıl yerinə.

nə yağdı, nə çilədi ki

nə yağdı, nə çilədi ki,
yağış yarpağa çatmadı;
içim lalıdı təşnədən,
dilim dodağa çatmadı;

axan göy sular, yaşıdım,
bir ömür ağrı yaşadım;
dağı arana daşıdım,
aranım dağa çatmadı;

ev tikdim, sələm aradım,
dərd gəldi, ələm aradım;
yazmağa qələm aradım,
sözüm varağa çatmadı;

kimdi, məni usandıran,
könlümü vurub sındıran;
axtardım, işıq yandıram,
əlim çırağa çatmadı;

görmədim özüm, özümü,
yandırdı közüm, özümü;
sındırdım özüm, özümü,
gücüm qırağa çatmadı.

mən adda adam yoxdu

kimdi, qapımı döyən,
axı, bu gecə vaxtı;
mən nə vaxtdan yatmışam,
təkcə ruhum oyaxdı;

durum gedim hayana,
sular axıb dayanar;
bəs o, alışıb yanan,
ulduzlar hardan axdı;

tay, qönçələr boy atmır,
kimsə məni oyatmır;
əllərim göyə çatmır,
göy üzü çox uzaqdı;

mən nə sində, nə üzdə,
bu bətdə, bu bənizdə;
ruhum uzaq dənizdə,
bir yelkənsiz qayıqdı;

deyir, bəduğurmuşam,
harda dərd udurmuşam;
deyən, unudulmuşam,
mən adda adam yoxdu.

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031