manera.az
manera.az

Musa Yaqub rənglərin şairidir - Kamal Abdulla yazır

Musa Yaqub rənglərin şairidir - Kamal Abdulla yazır
Kamal ABDULLA
ADU-nun rektoru, akademik


("İndi bildim nağıldı..." Bakı, 2017)

(esse)

"Üz-üzə dayanıb ömrün çağları..."

O tayda gündoğan, bu tayda qürub...
Üz-üzə dayanıb ömrün çağları.
O tayda yamyaşıl bağça-bağ durub,
Bu tayda yel vurur köhnə bağları.

Musa Yaqubun poeziyası dünya kimi açıq mətndir.

Şairin şeiri bu dünyanın sahmana salınmış təbiətidir. Yəni şairin təbiəti vəhşi dünyanın redaktə olunmuş variantıdır.

Şairin şeirini təbiətin özü qədər ciddi bir redaktor sanki öz süzgəcindən keçirib sonra işıq üzünə (kağıza) çıxarmağa rəva bilib.

***

"Burax məni, çıxım gedim azadlığa..."

Quş quşlayan, ov ovlayan
Öz mülkündə hökmlü xan,
Fətəli xan, İbrahim xan, Ağası xan
Çəkişmədən didişmədən,
"Mənəm", "mənəm" mərəzindən,
Bir-birini yox eyləmək həvəsindən
Yəni ölüm qərəzindən
Burax məni,
Çıxım gedim azadlığa.


Azadlıq həsrəti heç bir zaman bu dərəcədə bir misraya sığmamışdı.

Könül xoşluğunun əzablı hicranı bu boyda görükməmişdi.

Hər şeydən əl çəkib mağaraya sığınmaq arzusu bu qədər hissedilər olmamışdı.

"Səndən ötən mənə dəydi, məndən ötən sənə dəydi. Məndən, səndən ötən zərbə, Vətən, Vətən, sənə dəydi" - ictimai müstəvidən şəxsi müstəviyə qədər uzanan əzabın səmimiyyətini bu iki şair (Məmməd Araz və Musa Yaqub) qədər ustalıqla ifadə edən yoxdur.

Və bir də uzaq əsrlərin dibindən azadlıq eşqilə dolu bir səs gəlir qulağıma - "...müqəyyəd oldu ol azad gördüyün könlüm".

***

"Bu payızın dərdi götürüb məni..."

İlk yarpaq tökümlü o üryan budaq,
Soyusa havalar, necə dözəcək?!
Bir daha leyləyi qayıtmayacaq
O tənha yuvalar necə dözəcək?!
... Bu payızın dərdi götürüb məni...


Bu şeirlərin sahibi ancaq misralar müəllifi deyil. Onun duyumunun ifadələrini bəzi şişirdilmişlər kimi kompüterlərin künc-bucağından, itirilmiş yaddaş qırıntılarından tapa bilməzsən - bunlar yalnız və yalnız onun özünə məxsusdur.

Musa Yaqub sözlərin deyil, rənglərin şairidir. Onun yaratdıqları sanki rəngli televizorda olan kimidir. Füzuli, Cavid, Müşfiq...

Payızdısa, sən payızın rəngini görürsən, əsəbdisə əsəbin rəngini, heyranlıqdısa heyranlığın rəngini, minnətdarlıqdırsa minnətdarlığın rəngini, bütövlükdə - gözəlliyin rəngini görürsən. Səmimiyyətin, tənhalığın, kədərin, sevincin rəngini görürsən. Bir də Vətənin rəngini görürsən - səması ilə, meşəsi ilə, bulağı, çayı, gölləri, quşları, maralları, ceyranları ilə bir yerdə.

***

"Bu dünya nə gözəl olur, Allahım!"

Bu dünya nə gözəl olur Allahım...
... Misal, cüt durnanın işıqlı göldən
Uçub dan yerinə qalxmağı kimi.
Bir həzin yağışın sübhün gözündən
Baharlı çəmənə yağmağı kimi...


Bu səmimi təəccüb kimə məxsusdur - dünyalar görmüş bir fikir və söz sahibinə, yoxsa bir uşağa?!

Bir din-iman sahibinə, yoxsa bir zövq və səfa əhlinə?!

Öz gözünə özü də inanmayan, təəccüb içində şübhə və marağı, heyranlıq və minnətdarlığı, borc və günahı sığışdıra bilən bir dərvişə, yoxsa sözün şəhdi-şövqi ilə həmzəban olan şairə, yoxsa Buynuz deyilən bir cənnətməkandan təkcə ətrafına deyil, təkcə sevgili Azərbaycana deyil, bütün dünyaya baxa bilən, baxmaq azdır, dünyanı görə bilən Musa Yaqubamı?! Amma bu üçü də bir Allah bəndəsində cəm olmayıbmı?! Dərviş - Şair - Musa Yaqub. Elədir, cəm olub.

Onu oxuduqca təəccübünün həddi-hüdudu olmur. Heyranlığının, sevginin, minnətdarlığının da həmçinin./525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930