manera.az
manera.az

Xoşbəxtliyin “formulu” | MANERA.AZ

Xoşbəxtliyin “formulu”  | MANERA.AZ
Bəlkə də, elə dünya yaranandan bir çoxları xoşbəxtliyin axtarışındadır. Bəziləri bu nəticəyə gəliblər ki, xoşbəxtliyi axtarmağa ehtiyac yoxdur, o özü gəlib səni tapır. Bəziləri düşünür ki, ümumiyyətlə xoşbəxtlik mövcud deyil, bəziləri deyir ki xoşbəxtlik absurd anlayışdır. Bəzilərinin fikrinə görə isə xoşbəxtlik Allahın qismətidir, qisməti olan yaşayır. Əslində xoşbəxtliyinin fərqinə varmayan o qədər insan var ki.. Bəlkə də bunun səbəbi xoşbəxtliyi yalnış yerlərdə axtarmağımızdır. Mən də bu günə qədər yaşadıqlarımdan, eşitdiklərimdən, gördüklərimdən, oxuduqlarımdan nəticə çıxararaq xoşbəxtliyin “formulunu” “tapdığımı” düşünürəm.

Xoşbəxtlik, bəzən qəbul etməkdir. Çünki bəzən qəbul etmək məğlubiyyət yox qalibiyyətdir - həyat üzərində qalibiyyət. Üsyan yorucudur, insanı səbrsizliyə itələyir, xəyal qırıqlıqlarına qarşı dözümsüz edir. Halbuki, həyat nə tamamilə xoşbəxtlikdir, nə də tamamilə kədər. Gec-tez hər ikisindən də dadırıq. Elə hallar da az olmur ki, xoşbəxtlik ürəyimizin yenicə qonağı olduğu anda qapımızı kədər döyür. Bu “dəvətsiz qonağı” üsyanla “yola salmaq” ilk “qonağımıza” layiqli “ev sahibliyi” etməyimizə imkan verməz. Bəlkə, kədərin öyrətmək istədiyi başqadır? Bəlkə kədər ona görə ən sevincli anlarımızda dəvətsiz qonağa çevrilir ki, xoşbəxt anlarımıza daha da möhkəm tutunaq. Bəlkə, elə xoşbəxtlik kədəri özü ilə birlikdə gətirir, sahib olduqlarımızın dəyərini daha yaxşı bilək deyə.. Bax, budur həyat – xoşbəxtliyi də kədəri də eyni anda yaşamaq, hər ikisini eyni anda yaşaya biləcəyimiz həqiqətini qəbul etmək. Bunu qəbul edə bildiyimiz zaman qəlbimiz, ruhumuz rahatlıq tapar. Olanlarla, ola biləcəklərlə ən əsası özümüzlə barışıq yaşadığımız zaman əbədi rahatlıq tapa bilərik. Budur bizi güclü qılan. Həyatımızda yetəri qədər “olmaz”-lar, “kim nə deyər”-lər, “qismət deyilmiş”-lər və onların gətirdiyi ruh düşkünlüyü, gücsüzlüyü və ən pisi də yaşamağın yorğunluğu var. Bunların üstünə bir də üsyanın yorğunluğunumu əlavə edək? Çox az müddətlik olsa belə xoşbəxtliyimizi görməzdənmi gələk? Yox, həyat belə keçməz. Daha doğrusu, bizim üçün keçməz. Həyat yenə davam edər sevinci də, kədəri də hər qapıya qonaq göndərməyə. Biz isə eyni yerdə “yaşamaqla” heçliyə məhkum olarıq.
Xoşbəxtlik bəzən şükür etməkdir. Ətrafınıza yaxşı-yaxşı baxın, bir göz qırpımında sahib olduğu hər şeyi - sevdiklərini, həyatını itirən insanlar, həyatın bütün zorluqları, yoxsulluq və ədalətsizliklə mübarizə aparması bəs deyilmiş kimi amansız xəstəliklərə düçar olanlar, gözünü açdığı ilk andan laylay səsi deyil də tüfəng, güllə səsi eşidən, danışmağı öyrənməzdən əvvəl qəddarlığı, zülmü öyrənən körpələr azdırmı? Əslində xoşbəxt olmaq üçün, şükür etmək üçün səbəbimiz çoxdur – görən gözümüz, tutan əlimiz, yeriyən ayağımız, sevdiklərimiz, məncə, kifayət qədər böyük səbəbdir.
Xoşbəxtlik bəzən sevdiyiniz insanın güldüyünü görməkdir, hələ bu gülüşün səbəbi sizsinizsə, bu xoşbəxtlik dünyalara bədəldir.
Xoşbəxtlik bəzən kömək əli uzatmaqdır. Bu köməyin böyük və kiçikliyinin fərqi yoxdur. Əgər ürəkdən əl uzadırsınızsa və birinin ürəkdən “sağ ol”nu qazanırsınızsa sizdən xoşbəxti yoxdur.
Xoşbəxtlik bəzən yaxşı və ya pis xatirələrimizdir, həyatımızı dəyərli qılan;
Xoşbəxtlik bəzən gələcəyə ümiddir, bizi həyata bağlayan;
Xoşbəxtlik, bəzən də xəyal qurmaqdır, bu xəyalları həyata keçirdiyimiz andakı mənzərəni təsəvvür edərək üzümüzdə təbəssüm yaradan.
Xoşbəxtlik, bəzən, dəyişməkdir. Fikirlərinizi, düşüncələrinizi dəyişmək. Xarici görünüşünüzü, saç düzümünüzü, geyiminizi dəyişmək. Çünki hər yeni gələn dəyişiklik özü ilə birlikdə yeni xəyallar, yeni ümidlər, yeni arzular, yeni mübarizə ruhu, nəticə etibarilə, yeni xoşbəxtliklər gətirər.
Xoşbəxtlik bəzən kəşfə çıxmaqdır. Özünüzü, ətrafınızı, dünyanı kəşfə çıxmaq. “Kim, nə deyər”ləri boş verərək, qorxmadan “akvariumlarınızdan” çıxın, bəlkə, elə xoşbəxtliyiniz “okeanlardadır”.
Xoşbəxtlik bəzən bir az cəsarətdir. Qış yuxusunda olan xəyal dünyanızı oyatmaq, yarım qalan hansı xəyalınız varsa, yenidən sınama cəsarəti.
Xoşbəxtlik bəzən ikinci şansdır. Həyata, insanlara, sevgiyə küsmüş ürəyinizə verəcəyiniz ikinci şans həyatınızın ən doğru addımı olub, sizi dünyanın ən xoşbəxt insanı edə bilər.
Xoşbəxtlik bəzən də səbr etməkdir, gözləməkdir. Bu nəticəyə böyük xoşbəxtliklərin elə böyük səbrlərdən, gözləmələrdən sonra gəldiyinə ürəkdən inanan biri olaraq gəlmişəm.
Xülasə, xoşbəxtlik, mənim “formuluma” görə nə absürddür, nə mümkünsüz, nə də sonsuza qədər davam etmir. Məsələ bu deyil, çünki hər şeyin bir sonu olduğu kimi xoşbəxtliyin də bir sonu var, bir yerdə başlayır, bir yerdə bitir. Məsələ hər şeyin sonu çatdıqda əlimizdə olan xoşbəxt anlardadır. Çünki xoşbəxt həyat yoxdur, xoşbəxt anlardan ibarət həyat vardır.

Xədicə Tağızadə
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031