Həqiqət nədir? | MANERA.AZ
Hər bir xəyalın arxasında gizlənmiş, bir həqiqət vardır. O həqiqət ki, bizi düşünməyə, həyata atılmağa və ya yaşamağa belə imkan verməz. Həyatın qəlbimizdə qoyduğu yaraların, qabıqlamış hissəsidir həqiqət. Bəzən görməzdən gələrik həqiqəti. Bəzən heç sayarıq. Sonunda mənasız bir çuxurun içinə düşəcəyimizi bilə-bilə, yox sayarıq həqiqəti..! Çünki həqiqət, xəyallarımızın arzuolunmaz sərhədidir. O sərhəd ki, bütün ümidlərimizi qırar, keçdiyimiz yolun sonunu göstərər bizə.
Bəlkə də həqiqət, bir qədər yaxşı şeydir. İnsan boş-boş xəyallar qurmamasını öyrənər. Həqiqət arxasında gizlənmiş ümidlərin, təsirinə düşməz. Həyatın “mənalı” sonluğuna doğru yönələr. O sonluq ki, kiçik bir nəbzin vurmaması ilə bitən həyatın adlandırılması, o sonluq ki, sonrası bilinməyən bir yola qədəm qoymaqdır. Hər zaman bu cür suallar məni düşünməyə qoymur. “Ölmək üçünmü doğulmuşuq, yoxsa yenidən doğulmaq üçünmü öləcəyik?”- Bütün ömrümüzü həqiqət axtarışında keçirdiyimiz halda, həyat bizə əsl həqiqəti göstərmək üçün hazırlanar. Həyat öz sehrbaz kostyumun geyinərək, qarşımıza çıxar. Əvvəlcə sevdiklərimizi yox edər, bir daha geriyə gətirməmək şərti ilə. Daha sonra bizi, qəlbimizdən tam ikiyə bölər. Həyatımızın geriyə qalanını, sevdiyimizin axtarışı ilə keçirərik. Bax o zaman həyat bizə əsl həqiqəti göstərər...
Bəzən təbiət belə, həqiqəti göstərər bizə. Necə ki, torpağın qoxusunun, yağışdan sonra daha gözəl qoxması həqiqətdirsə, eləcə də insanın həyata baxışını, həyatında baş verən hadisələrin dəyişdirməsi həqiqətdir.
Həqiqətin inamdan yoğrulmuş qanadları, dalgalanar mavi səmada. Qaranlıq küçələri işıqlandırar, bəzən özü ilə böyük bir sual gətirər. O sual ki, beşikdən məzara qədər gedən yolumuzadək, dəyişməz... Biz kimik? Nə üçün yaranmışıq? Həqiqətən həqiqət varmı? Varsa, həqiqət nədir? Ən əvvəl həqiqət, bizim yaradılışımızdakı insaniyyətdən başlayır. Ən böyük həqiqət isə, yaradanın dəyişilməz və təkliyidir.
Güzgüdə özümüzə baxdığımız zaman, həqiqəti görmərik. Həqiqət daima qəlbimizdə yaşayır. Sevgi kimi... Amma sevgidən bir tək fərqi var. Sevgi nə vaxtsa qəlbimizi tərk edər, amma həqiqət hər zaman qəlbimizdədir. Necə ki, yarpaqlar ağacı tərk edər, amma budaqlar əsla...
Bəzən həqiqətin açılmamış kilidləri, insanı narahat edər. Hər zaman insan, həqiqəti dəyişdirməyə çalışar. Həqiqətin ona acı verəcəyini bilə-bilə, öz yolundan dönməz. Gerçəklərin arasına, silahlanmış vəziyyətdə daxil olar. Çəkinər... Qorxar... Qorxar həqiqətdən. Həqiqətin, arxasıyca düşdüyünü bildiyi andan etibarən, qaçar bu qaranlıq dəhlizdən. İşıqlı pəncərəyə doğru yola alar. İtirər özün! Çıxışsız bir labirintin içinə düşər.
Çünki, xəyalları gerçəkləşməmişdir. Həyatın zərbələrindən təngə gəlib insan. Günahkar sayır! Günahkar sayır özünü! Günahkar sayır boş-boş xəyallarını! Xəyallarının arxasında gizlənmiş həqiqətə təslim olur!!! Həqiqət, günahdan hazırlanmış, qandal vurur insanın qollarına. Elə bir qandal ki, insanın biləklərini sıxıb, damarlarını əzir, partladır. Budur, artıq insanın qolları şişib, davam gətirmir həyatın bu cür ağrılarına, acılarına, gözlərini yumur. Əbədi olaraq gözlərini yumur həyata. Son anlarında daha çox yaşamaq istəyir. Bəyənmədiyi bu həyatda daha çox qalmaq istəyir. Sonsuzadək! Sonsuzadək yaşamaq istəyir. Həqiqəti görür. Ömrünün son anlarında həqiqəti dərk edir. Anlayır! Bütün günahlarını başa düşür. Mənasız mübarizənin qanadları arasında azdığının, fərqinə varır. Oyanır!!! Budur, insan ölməyib, oyanır! Ayağa qalxıb, qollarındakı qandalı açır. Qaranlıq dəhlizdəki pəncərəyə yaxınlaşır. Pəncərəni açır. Günəşin işıqları dəhlizə daxil olur. İnsan qanadlanır! Qanadlanıb uçaraq, göydə dövrə vurur. Bəyaz buludların arası ilə uçur. Əbədiyyətə doğru uçur! Həqiqətə doğru uçur! Hər qanad açdıqca həqiqəti başa düşür, anlayır. Həyatın gözəllikləri arasına qərq olur. İtir! Həyatdan yox! Gözdən itir! Günəşə doğru uçur.
Birdən göz qamaşdıran işıq arasında yoxa çıxır. Budur, insan istəyinə çatdı, həqiqətə çatdı!
Fərid Əmirzadə
Manera.az