manera.az
manera.az

Şairin nəyi var, bəladan özgə? - Murad Köhnəqalanın şeirləri

Şairin nəyi var, bəladan özgə? - Murad Köhnəqalanın şeirləri
Manera.az şair-yazıçı Murad Köhnəqalanın 60 illik yubileyi münasibəti ilə klassik şeirlərini təqdim edir:

***
Könül bağlarının bir bülbülü var,
Zəhrimar ağlayar, şəkər ağlayar
Haqqın camalını güllərdə gəzər
Gözündən qanlı yaş tökər ağlayar.

Məcnun çöllərində daxmalar qurar,
Qalxıb bəzirganlar yolunda durar,
Ötən qəriblərin halını sorar,
Viran könülləri tikər ağlayar.

Köhnəqalam söylər bundan halıdı,
Çəkdiyin faninin qeylü-qalıdı,
Beş arşın ağınan dünya malıdı,
Mizan-tərəzidə çəkər ağlayar



***
Məğrurluq eyləyib comərdəm deyən,
Suyulub özgənin malına dəyməz
Haramlar üstündə gələn səltənət,
Bir qara iyidin telinə dəyməz.

Qüdrətdən enibdi gözəlin xalı,
Tanrıya bəllolar aşiqin halı,
Sözü tutulmayan ərin saqqalı,
Çölün yovşanına, koluna dəyməz.

Köhnəqalam söylər köhnə söhbətdi,
Haqqın göndərdiyi cana minnətdi,
Yaxşı arvad, yaxşı övlad dövlətdi,
Hər yetən kişinin əlinə dəyməz


***
Dost bağında bülbul oldum, çox ötdüm,
Hal anlamaz qonça güllər sağ olsun.
Eşqili baş sərxoş gəzib dolaşar,
İpək tellər, incə bellər sağ olsun.

Çox gəzmişəm bu dərdlərin damını,
Nuş etmişəm badəsini camını,
Mən görmədim şirinlərin tamını,
İndən belə acı dillər sağ olsun.

Köhnəqalam söylər köçdü köçənlər,
Altun irdələyib, gövhər seçənlər,
Arşınlayıb kəfənimi biçənlər,
Üstümə daş hörən qollar sağ olsun.


***
Sabahdan əsəndə dağın yelləri,
Titrədib bağları güldən oynadar,
Axşam sürü vaxtı mələşər quzu,
Qərib ürəyimi teldən oynadar.

Qarlı olar uca dağın başları,
Suyunda görünər əlvan daşları,
On beşində bir gözəlin qaşları,
Çəkib tər iyidi eldən oynadar.

Köhnəqalam söylər ər libasında,
Görükər gözünə yar libasında,
Şeytan qarşı gələr var libasında,
Tamahkar adamı yoldan oynadar.


***
Məni görməyənin xoş o halına,
Düşmüşəm, vəfalı yar axtarıram.
Bülbülü didərgin, gülü talanmış,
Viranə bağlardan bar axtarıram.

Yıxılar körpülər, uçular tağlar,
Yarından ayrılan ah deyib ağlar,
Handadı yıxılmış o qarlı dağlar,
Durub alçaqlarda qar axtarıram.

Köhnəqalam gəlsin arif yoluna,
Aşiqlər buyursun sağı-soluna,
Haqq nəzər eyləsin çaşqın quluna,
Nədi bu fanidə var axtarıram.


***
Ala gözlərini sevdiyim dilbər,
Get-get deyən əlin əylədi məni.
İpək köynəyinlə qovğaya qalxan,
Bir cüt qonça gülün gülün əylədi məni.

Qürbətdən-qürbətə alıb köçürdüm,
Xınalı əllərdən badə içirdim,
Mənciyəz xəlvəti baxıb keçirdim,
Boğazında xalın əylədi məni.

Köhnəqalam söylər dərvişə bənzər,
Süzgün baxışların sərxoşa bənzər,
Qız, sənin yaşların on beşə bənzər,
Üzüldüm, bu halın əylədi məni.

Deyişmə

Zəlimxan Yaqub:

Ay Murad, sehrinlə qır tilsimləri,
Bir baxaq o köhnə qalada nə var?
Haqqın dərgahına qaldır bizləri,
Bir görək o ərşi-əlada nə var?

İtirdi nurunu göz ağlamaqdan,
Füzuliyə döndü söz ağlamaqdan.
Görən nə tapmışıq biz ağlamaqdan,
Bu qədər ağrıda, bəlada nə var?

Həm toydan xəbər al, həm yasdan soruş,
Hər köhnə kişidən bir dastan soruş.
Dünyanın rəngini Yunusdan soruş,
Yaşılda, qarada, alada nə var?

Dəmir əsalara sözünü dedi,
Dəmir çarıqları daş yollar yedi.
Saxla bir anlığa bu gethagedi,
Bu qədər çuxurda, çalada nə var?

Baxmadı çəkdiyin amana, aha,
Dövrün sitəmindən yoruldun daha.
Nə çox boylanırsan qadir Allaha,
Baxdığın o Allah-təalada nə var?

Murad Köhnəqala:

Oxudum şeirini Zəlimxan Qağa,
Bir söz tapammadım “əla”dan özgə.
Qala dikəldibsən söz kərpicindən
Başqa yerimiz yox, qaladan özgə.

Xəyalımdan bəri, röyamdan bəri
Baş vurdum ən qədim əyyamdan bəri
Füzulidən bəri, Xəyyamdan bəri
Şairin nəyi var, bəladan özgə?

Haqqın kürəsində əriyib söndük,
Eşqə tapınıban dinlərdən çöndük,
Qarğıtək yonulub bir neyə döndük,
Neydən nə çıxar ki, nalədən özgə?


***
Büküb saxlarsan sirrini
Ol xudadan pünhan olmaz
İrfan aşiqi mərd olu,
Namərd əhli-irfan olmaz.

Gər var isə gül camalın,
Başında olsun da şalın.
Deyilsə öz halal malın,
Nə kəsərsən, qurban olmaz.

Köhnəqalam bağrım bişər,
Haram loxma iman deşər,
Sultan könüldə əyləşər,
Qeyrisindən sultan olmaz.


***
Nə baxarsan fani dünya,
Solmayası gülün varmı?
Dayanıb dövran yükünə,
Sınmayası belin varmı?

Göy qocala yer qarıya,
Kim səni bundan qoruya?
Bələkdən kəfən sarıya,
Gəlməyəsi yolun varmı?

Köhnəqalam der şahına,
Cavab tapmaz günahına,
Uca Tanrı dərgahına,
Varmayası qulun varmı?


***
Qanlı-qanlı baxan dilbər,
Baxdıqca gözəl olursan.
Burma bilərziklər qola,
Taxdıqca gözəl olursan.

Altun dağlara çıxıbsan,
Qırx incəbel qız yığıbsan,
Məni hancarı yıxıbsan,
Yıxdıqca gözəl olursan

Köhnəqalam der baxtına,
Bülbüllər ötər vaxtına,
Dəli könlümün taxtına,
Çıxdıqca gözəl olursan


***
Könül, haramlar eyləmə,
Mətahın satdığın yerdə.
Kəbə qursan, qəbul olmaz
Könül qanatdığın yerdə.

Baxar olsan haqqa gendən,
Dışarısan yeddi dindən.
Bil ki Tanrın dönüb səndən,
Dostunu atdığın yerdə.

Köhnəqalam açar meydan
Nəfsin səni salar soydan,
Hər dəm bardaş qurar şeytan,
Qaşını çatdığın yerdə.

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031