manera.az
manera.az

Tanrı ünvanıdı adının izi - Elməddin Nicatın şeirləri

📅 26.08.2019 14:48

Tanrı ünvanıdı adının izi - Elməddin Nicatın şeirləri
Manera.az Elməddin Nicatın yeni şeirlərini təqdim edir:


***
Bu şəhərdə bu otaq,
Bu otaqda mən qərib.
Darıxmağı bəzəyib,
Bu otağa kim sərib?!

Necə də bəzəklidi,
Süslüdü bu həyacan.
Çoxa tabım qalmayıb,
Üçə qədər sayacam.

Yenə kipriyim kaman,
Ürəyim də ud oldu.
Sən harda gizlənmisən?
"Almalar armud" oldu...

Yüz min əliçıraqlı
Gəzib tapa, gözləmə.
Yerini kimsə bilmir,
Ürəyimdə gizlənən.
16.04.2019.

DARIXMAĞA OXŞAMA

Bilsən necə acıdır,
Darıxmağın nəfəsi...
Uçuracam sədləri,
Sındıracam qəfəsi...

Göy dolanır başıma,
Nə var üstümə gəlir.
Həyasızdı darıxmaq,
Durub qəstimə, gəlir.

Havasızdı bu otaq,
Qaranlıqdı, zil qara.
Salacaq bu darıxmaq,
Məni qarlı dağlara...

Ürəyim gözün döyür,
Günortadan axşama...
Sənə qurban əzizim,
Darıxmağa oxşama.
25.06.2019.


***
Bitmir acıların çiçək mövsümü,
Dərddən xatirələr tumurcuqlayır.
Gəlmir gözlərimin göyçək mövsümü,
Lalə yanaqları yaş qucaqlayır...

Tanrı ünvanıdı adının izi,
Mələklər yol salıb üzü sevgiyə.
Yaradıb bir belə sevinməmişdi,
İlahi sirr qalıb özü sevgiyə...

Bir çiçək ömrüymüş, bir arı eşqi,
Bir udum şirəymiş bal bükümündə.
Bütün sevdalardan yuxarı eşqin,
Gözləri mahirdi yolçəkimində...

Qəm yelləncəyidir xatirələrim,
Acısı boyumdan bir addım yekə.
Məni ağrıların yolayrıcında,
Döz deyib gözlədən, sən idin bəlkə...

...Nə boyda ağrılar, nə boyda dərdlər,
Donan gülüşümə büküb gizlədim.
Elə nə yaxşı ki, gözlətdin məni,
Elə nə yaxşı ki, səni gözlədim...
20.06.2019.


***
Tətiyi sıxılı beşaçılandı,
Qanıma susamış ac qurddu həsrət.
Suvardı içimdə gözyaşlarımla,
Üz verib ağrını qudurtdu həsrət.

Yenə əzabların gəlhagəlidi,
Ayrılıq həsrətin öz əngəlidi.
Eşqin kürəyində dərdin əlidi,
Nə yaşıl budaqlar qurutdu həsrət.

Sevgilər yanğılı səsdisə, heç nə,
Yolunu "olmazlar" kəsdisə, heç nə...
Küləklər beləcə əsdisə heç nə,
Havaya sovrulan qovuddu həsrət.

Bir ucu sən olan cığırdım, yoldum,
Arxanca boylanıb buludtək doldum.
Ömürdə nələrin həsrəti oldum,
Başımı nələrlə ovutdu həsrət.
03.06.2019


***
Susub danışdın nəsə,
Qulağım ac bu səsə.
Dilimdə əsə-əsə
Adın darıxır yaza.

Daş var ha?- gülab üzlü,
Dodağın gülə büzdü.
Kipriyi lülə buzlu
Qadın darıxır yaza...

Su üstü qar, sınanmış,
Gün dəymiş, qar sulanmış.
Yanağı qarsılanmış
Odun darıxır yaza.
25.04.2019.

MƏNİ ÇAĞIRMA

Dərd suvarır, su ömürdə,
Nə acın var yu ömürdə.
Nə yaxşı ki, bu ömürdə,
Çıxdın uğruma...

Qaç üstümə qoy qol açım...
Sevgisi qulac qulacım.
Mənə gəlsin ağrın, acın
Bir də ağrıma...

Naz elə...dur qəstimə, gəl-
Hayla- denən; küsdüm e...gəl!
Mən öləndə üstümə gəl,
Məni çağırma...
29.03.2019.


***
Darıxdı ürəyim ovcumun içində
sərçə balası kimi...
Çırpındı qum üstə susuz qalıb
ölən balıq misal...
Şıdırğı yaz yağışını xatırladan gözlərim.
Yudu yanağımdakı dodaqlarının hənirtisini...
Qulaqlarımda zəng çalır
yetmiş yaşlı qonşumun sözləri,
Gecə mən yatanda duymuşdu
ürəyimin göynərtisini...

İçimə söykənib durmuşam...
Həsrətin kimi doğrayır
Üzümü şaxtalı boz ay...
Özümü yalandan ovudurmuşam,
Ovunmaq məndən yüz işıq ili uzay...

Qarışıb iş otağım
Sənli xəyallarımtək...
Sozalır masamda rəngli qələm, boz kağız.
Biri-birinə qarışıb darıxmaqlarım,
Sevda nəğmələri oxuyur hərəsi bir ağız.

...Dedilər qar yağıb dünən sizin şəhərə,
Sən gələn yollara dağıldı duyğularım.
Qar adam olmuşdum özüm ŞƏHƏRƏ,
Qartopu oynayırdı qayğılarım...
20.02.2019.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 2 039 | Yüklənmə tarixi: 26.08.2019 14:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031