manera.az
manera.az

Ömrü fırlanırıq kürə boyunca... - ŞEİRLƏR

📅 05.03.2019 11:37

Ömrü fırlanırıq kürə boyunca... - ŞEİRLƏR

MANERA.AZ Elməddin Nicatın şeirlərini təqdim edir:

MƏNİM ÜRƏYİM DƏ QƏLBİ YUXADI

Ovcumun içində bir telin qalıb,
Əlim sevincindən göylə oynayır.
Eşqini şərabtək çəkib başına,
Bu sevda sərxoşu meylə oynayır.

Gözündən yoluma nur,işıq düşüb
Gecəmlə gündüzüm qarışıq düşüb
Əllərim saçında dolaşıq düşüb
Daraqla dərdləşir, tellə oynayır...

Ağrılar sevinclə əlbəyaxadı,
Gözlərim üzümü qanla yaxadı
Mənim ürəyim də qəlbiyuxadı
Doldumu, kamanla, neylə oynayır.

***
Qışın ortasında adam
İsinir isti ürəyə.
Ah çəkmək oyur köksü
Doldurur tüstü ürəyə.

İşığı yanmış odamın,
Dadını billəm edamın.
Mən boyda zalım adamın
Nə imiş qəsti ürəyə.

Hər könülə gərək sevmək,
Qar üstündə çiçək sevmək.
Uzaqlarda ürək sevmək
Qəribə hissdi ürəyə.

***
Sevdiyim yurdun adını
Yazmışam gülün üstünə.
Yaşılbaş sonalar gəlməz
Göz yaşlı gölün üstünə.

Sancır ayrılıq tikanı,
Əl vermir vaxtın sükanı.
Gün keçir, ömür tükənir
İl gəlir, ilin üstünə.

Yaddan çıxdıq, unudulduq,
Hərə bir cür ovudulduq.
Qaçqın olduq, köçkün olduq,
Ad qoyduq elin üstünə.

***
səni bu şəhərdə tək qoymaq olmaz,
səsin ürəyinin başına düşər
için-için ağladıqca...
sıxar arzularının üstə gözlərini darıxmağın,
ümidlər içində islanıb yanar.
var-gəl eliyər otaq boyu ürəyinin sızıltısı...
gözlərin karvalol gəzər,
qulağın indi döyüləcək qapı tıqqıltısı.
səni bu şəhərdə tək qoymaq olmaz
başına iş açar ölə-ölə darıxmağın,
darıxa-darıxa ölməyin...
gizlin gizlin içinə ağlamasan
göz yaşın əridər bu şəhərin monolit divarlarını...
yuyar küçələrdəki darıxdığın adamın ayaq izlərini
tək çıxma şəhərə
dərdini gözündən oxuya bilər
tutar bu şəhərin ürək tutması...
…bunu hər kəs bilər kim görsə gözlərini...

ARAMIZDAN EKVATOR KEÇİB...

Məndən bir az aralı duran qadın
Yaxınıq bir ürəyin içi kimi...
Elə tanıdığımız gündən eyni yaşdayıq.
Biz yaxşı bilirik önəmi yoxdur
Bir kağız parçasında təvəllüdlərin...
Ayrı salınıbdı qütüblərimiz
Üzüstə döşənən meredianları
Hissə hissə kəsən tənbölənlərik.
Kimsə aramızdan keçirib ekvatoru,
Ayrılıq qoymuşuq adını...
Ömrü fırlanırıq kürə boyunca...


Baxış sayı - 1 478 | Yüklənmə tarixi: 05.03.2019 11:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031