Kənd uşağı Elməddin - Şəfa Vəli yazır

Manera.az Şəfa Vəlinin Elməddin Nicat haqda yazısını təqdim edir:
Çox olur zamana-məkana sığmadığımız. Elə çox olur ki… Amma, ha çırpınsaq da, yenə əhatələndiyimiz çərçivədən kənara bircə addım da çıxa bilmirik. Ha yüyürsək, ha qaçsaq arzularımızın, xəyallarımızın arxasınca çatammırıq. Sadəcə bu xəyalları rəngləyirik. Reallıqda ovcumuza sığanları xəyallarımızda dünyamıza sığdırammırıq. Reallıqda ömrümüzə sığmayanları xəyallarımızda ürəyimizə sığdırırıq.
Gözümdə böyüyüb üzünün xalı,
Çəkib arxasınca fikri, xəyalı.
Kiminsə şəhərdə cahi-cəlalı,
Mənim bu şəhərdə bir gözəlim var.
Tələbəlik illərinin bütün ehtiyacını şəhərin cahi-cəlalı ilə ölçərək sonda sevgisi ilə öyünən şair Elməddin Nicatdır. Öyünən də deməzdim. Bəlkə də bu sevgi onun təskinliyidir, tələbə həyatının bütün ağırlığından qaçıb sığındığı tək ümiddir. Ancaq şeirin ən ürəkoxşayan misraları hələ bundan sonra başlayır.
Yığıb öz başına ay-ulduzları,
Həftə günəşvari, ay ulduzvari.
Paxıllıq eyləyir şəhər qızları,
Mənim bu şəhərdə bir gözəlim var.
Kənd qızının gününü-günəşini bundan yaxşı, bundan səmimi başqası deyəmməzdi, məncə. Çünki, Elməddin özü kənd uşağıdı. Üzündə dağ yelinin ayazı, əllərində çomaq izi, addımlarında üzüyuxarı cığırı birnəfəsə çıxmaq əzmi.
Dağların çənini, çiskinini ancaq kənd adamları kədərinə bürüyür. Şəhərin qəmi bir başqadır. Burda hüznümüzü küçələrə tökürük, addımlarımızla səkilərə çırpırıq. O da çırpıldığı daşlarda bir ayrı cür əks-səda verir. Bir ayrı təhər hayqırır. Səsini boğmaqda aciz qalırıq. Kənddə isə fəryadımızı çobanın quzu qaytardığı uzun dərələrə haylayırıq. Biri ah çəkəndə “ahın dağlara” deyib dağın əzəmətinə güvənirik. Özümüz şəhərə gəlirik, ömrümüzü şəhərin hayına-küyünə bələyirik. Amma, unuduruq ki, içimizdəki kəndli ruhunu da şəhərə gətiririk. Nə uca binalar, nə işıqlı küçələr, nə sürətli avtomobillər Elməddinə kənd qızına əmlik quzu qurban deməsinə mane olmur.
Gəzdim arxasınca illər uzunu,
Qurbanlıq demişəm əmlik quzunu.
Şəhərə gətirdim dağlar qızını,
Mənim bu şəhərdə bir gözəlim var.
Qaraçı qızı səbət sağnağına bələd olduğu kimi biz kənd uşaqları da bir-birimizin “şəhərli arzularını” yaxşı, özü də lap yaxşı tanıyırıq.
Qışda odun sobasının üstünə dilimləyib düzdüyümüz kartof da, üfürə-üfürə gözümüzün içinə kimi kül olduğumuz ocaq da, üstündəki sacda bişən xamralı fətir də şəhərin küçələrinə sığmayan, binalardan da ucada dayanan arzularımızdı. Və Elməddin sevdiyinin ruhunda bütün bu arzuların yaşadığını deyir.
Palıdın çətiri başında gəzir,
Bənövşə ətiri qaşında gəzir.
Xamralı fətiri huşunda gəzir,
Mənim bu şəhərdə bir gözəlim var.
Hələ toy mağarı. Bu mağarın bəzənməsi, çal-çağırı. Sözlərin qəhətə çıxdığı anlardı bu arzu-murazın gerçəkləşməsi…
Eşqi yaxın qoymur dərdi, ağrını,
Sevdası çalacaq çal-çağırını.
Nənəm bəzəyibdi toy mağarını,
Mənim bu şəhərdə bir gözəlim var.
Bir də kənd toyunun dəbdəbədən, sünilikdən uzaqlığı var Elməddinin bu bəndində. Kənddə hər toyda min xəyala düşən uşaqların indi əksəriyyətinin toyu şəhərin al-əlvan çilçıraqlarla süslənmiş şadlıq saraylarında çalınır. Amma, inanın, kənd toyunun məsumluğunu, sadəlövhlüyünü xəyalına kökləyən kənd uşaqları elə bilir ki, onun toyunda nəsə yarım qalıb, nəsə çatmır. Ha axtarsa da çatmayanın nə olduğunu tapmır. Çünki, o kənd dağların o üzündə qalıb. Və kənd uşağının əlində çantası, ürəyində şəhər səksəkəsi, kürəyində gələcəkdə gərmə kimi tüstüləyəcək kənd həsrətinin yanğısı şəhərə gəldiyi ilk gün kimidi Elməddinin bu şeiri. Onun sevdiyinin “kənd uşağı” olmasıyla öyünməsini də anlayıram. Bu o deməkdir ki, o dağların havasını ömrü boyu udacağına sevinir kimidi şair. Nə də olsa, qarşısında bundan sonrakı bir ömrü közlü-kösöylü yaşayacaqmış kimi təsəlli edir özünü…
Elməddin, könlünün od-ocağıdır,
Bir ömür eşqinin şam-çırağıdır…
Elə kənddən gəlib, kənd uşağıdır,
Mənim bu şəhərdə bir gözəlim var.
Hər dəfə bu şeiri oxuyanda gözlərimdən gülürəm. Bir az kövrəlirəm… Bir az da kənd uşağı olmağımla qürurlanıram. Kənddə dünyaya gəlmişəm, başqa bir kənddə böyümüşəm. Amma, arzularım heç, həm də heç şəhərli olmayıb. Məni doğulduğum kənddən tarix, böyüdüyüm kənddən tale küsdürüb. Bu küskünlük üçün nə tarixi, nə də taleyi bağışlaya bilmirəm. (Bəlkə də bağışlamışam artıq…)
Nə yaxşı bu şeiri yazıb Elməddin. Və nə yaxşı ki, hələ içimizdə əlləri daş xınalı, dizləri qayalarda sıyrılmış bir kənd uşağını öldürməmişik, qardaşım…
Səndən son bir xahiş… Balalarına kəndi anlat… Amma, olduğu kimi.
Elməddin Nicatın yeni şeirləri
PIÇILTI
Bu günkü darıxmağın
Adını sən pıçılda.
Darıxan ürəyimin
Qadını, sən pıçılda.
Di əyil qulağıma
Səsinin içi düşsün.
Dön könül qonağıma
Qəm bizə elçi düşsün.
Pıçıltından açılsın,
Nərgizin eyni, üzü.
Oxuyan bülbülə bax
Car edir sevgimizi.
Boynunu bükmə belə
Durma bənövşə kimi.
Dərd dəyər ciliklənər,
Ürəyim şüşə kimi.
Sevgi dolu ümidlər,
Tumurcuqda, puçurda.
Ürəyinlə sev məni,
Gözlərinlə pıçılda.
17.08.2018
DARIXMAQ
Alıb içimdəki səsi başıma,
Üstünə qaçımmı dəli uşaq tək.
Mənim mələküzlüm, mənim gülüzlüm,
Sən harda qaldın ki, di gəl çıx görək!
Sevəndə dəli tək darıxır adam,
Döyünür ürəyi darıxmağın da.
Səsin niyə gəlmir, hardasan qadam?
Hələ çoxmu qalım darıxmağımda? !!
Bulud həyacanlı başımın üstə,
Ayağım altında titəyir torpaq.
Belə aram aram, belə ahəstə,
Vüsala üz tutub yəqin darıxmaq.
Oldu yanaqları bəyaz suçəkən,
Dilin dolaşdırıb, karıxdırdığın.
Sevdiyin adamdı gözü yol çəkən,
Səni sevən kəsdi darıxdırdığın.
16.05.2018
***
Tanrı, bu gecəni sabaha çıxarmazdın...
Bilirdin batacaq günaha...çıxarmazdın.
...bir də gətirməzdin, bir daha çıxarmazdın
bu qərib ömrün başına ayrılıqları.
Sükutun dilində nəğmə oxuyardı ay...
Göydə bir ulduz axsa yerdə qopar haray !
...Buludlar dəstə -dəstə ürəyimdə lay- lay
Səpər gözümün qışına ayrılıqları...
Yanğı kar etməz, içində od olmayana-
Eşq damağında bir udum dad olmayana...
Gülü qönçə solub könlü ud olmayana
Nağıl eləmə boşuna ayrılıqları.
25.07.2018