Allahın yoludur ahəngin yolu ... | MANERA.AZ
![]()
MANERA.AZ Əhməd Qəşəmoğlunun "Ahəng yolu"
şeirini təqdim edir:
ahəng yolçusu ol, ahəngdən özgə
hansı yollar varsa - nəhsə bulaşıq.
ahəng yolçusuna yer, göy arxadır
başqa hər bir yolun sonu dolaşıq.
əgər bir işində qırıqlıq varsa
gör, harda pozmusan ahəngi, necə?
dərin düşünəndə səbəb tapılır
ortada tellər var incədən incə...
sən ahəng yoluna düşəndə, ahəng
özü işıq kimi bürüyür səni...
ahəngdən sarpdınmı, dəli küləklər
tikanli çöllərdə sürüyür səni...
ahəngdən sarpdınmı, iblis qolundan
tutub, min tərəfə çəkəcək səni...
bəlkə də bəslədi nemət içində,
sonda dabanıyla əzəcək səni.
Allahın yoludur ahəngin yolu
ahəng - işarəsi uca Allahın...
qəlbində Allahın sevgisi çoxsa
ahənglə açılar günün, sabahın...