manera.az
manera.az

Səndə tamam olub gəldim - ŞEİRLƏR

Səndə tamam olub gəldim - ŞEİRLƏR
Mavicə

Mənim səmam qara bulud,
Sənin göy üzün mavicə.
Mən ağ kağızda qara xətt,
Sənin hər sözün mavicə.

Səni yüz gündü görürəm,
Könlün üzgündü görürəm.
Göylər güzgündü, görürəm -
Güzgüdə gözün mavicə.

Sevənlərin yarı payız,
Yarı yazsan, yarı payız.
Sağın, solun sarı payız,
Amma ki, özün mavicə.

Ay bu yerin qərib qızı,
Qürbət də bir alın yazı.
Vüsallar - gülən qırmızı,
Ayrılıq - həzin mavicə...

Burda şair var, dəlidir,
Hər misrası gəzməlidir.
Gəzən dərdə dözməlidir,
Sən də gəl, gəzin, mavicə...
Dəlicə gəzin, dəlicə..

Mən yağış həsrətlisi

Göydə buludlar kimisən,
Mən yağış həsrətlisi...
Baxışların göy qurşağı -
Mən naxış həsrətlisi.

Bu adamlar qoymaz bizi,
Açıb deyək sevgimizi.
Dörd yanım insan dənizi,
Mən tanış həsrətlisi...

Bir ömürün köçündəyəm,
Yüküm ölüm, içim dəyəm.
Savaşların içindəyəm
Mən barış həsrətlisi.

Sən mənim

Sən mənim sularda
Sirli kölgəmsən.
Sən mənim dünyamda
Gizli ölkəmsən.

Sən mənim payızda
Sarı ağacım.
Əlim çatmır sənə
Sarı ha qaçım.

Sən mənim şeirimin
Mətnaltı sözü.
Bütün varlığımın
Özüsən özü.

Sən mənim qarşında
Susduğum kəlmə.
Səssiz də anlarsan,
Bil, amma gəlmə.

Sən mənim ruhumun
Gilənar rəngi.
Səninlə gözəldir
Şeirin ahəngi.

Sən mənim e-hee-heeey
Hüzurumsan, qız.
Gül üstə şeh kimi
Qatlarıma sız.

Sən mənim hər gecə
O "Sən mənim"sən.
Harda yarımçığam
Orda tənimsən.

Sən mənim, sən mənim
Yolum və yönüm.
Qoy səndə yaşayım,
Səndə də ölüm.

Qaya çiçəyi

Bir çiçək -
Sərt qayanı yararaq
Öz ömrünü yaşayır,
Səssiz, güclü və tək.

Bir çiçək -
Qızılgülcə gözəl,
Laləcə yaralı,
Bənövşəcə kövrək.

Bir çiçək -
Ha daşlayın vurmağa,
Ha əl atın üzməyə,
Gücünüz yetməyəcək.

Bir çiçək -
Sevgi dolu baxışlarla
Dünyaya meydan oxuyur,
Günəşə gülümsəyərək.

Bir çiçək -
Ətrini duydum o gün,
Varlığını hiss etdim,
Sevdaya düşdü ürək.

Bir çiçək -
Qaya sərtliyində çiçək,
Çiçək zərifliyində qaya.
Çiçək qaya, qaya çiçək.

Bir çiçək -
Səni bildiyini bilənlər,
Səni bilməzlər, bilməzlər,
Anlamazlar şairintək.

Bir çiçək -
Sərt qayanı yararaq
Öz ömrünü yaşayır,
Səssiz, güclü və tək.

Balacanın şeiri

Ürəyində gizlətdiyin
Gizli bir yükdür, balaca.
At çiynindən, sevda yükün
Səndən böyükdür, balaca.

Eşqi yuva bilməyənlər,
Dərdi dəva bilməyənlər,
Şeiri dua bilməyənlər
Əhdə dönükdür, balaca.

Təkliyində qıvrılana,
Ruhu sözdə sovrulana,
Könlü eşqlə qovrulana
Baxış körükdür, balaca...

Gedəni payız qaytarmaz,
Qaytarsa, yalqız qaytarmaz.
Baxışlarım qız qaytarmaz -
Nuru sönükdür, balaca.

Mən sənə həyan olmaram,
Yuxu gör, əyan olmaram.
Heç kimə bəyan olmaram,
Sirr ömürlükdür, balaca.

Ürəyində gizlətdiyin
Gizli bir yükdür, balaca.
At çiynindən, sevda yükün
Səndən böyükdür, balaca.

Səndə tamam oldum

Qəmzəndə şərab içməklə
Dönüb Xəyyam olub gəldim.
İçib özümdən keçməklə
Sevdanda xam olub gəldim.

Havalandım, göyə çıxdım,
Hər nazına yiyə çıxdım.
Sənə qədər yarımçıqdım,
Səndə tamam olub gəldim.

Eşq dərsinə, qəmzəli qız,
Gətirmişəm qələm-kağız.
Tut əlimdən bir şeylər cız,
Dərsə avam olub gəldim.

Batdım qəmzə günahına,
Tutuldum hər gün ahına.
Dərdlərin div iştahına
Adam-badam olub gəldim.

Bir ilahi aləmdəydim,
Meyim eşq idi, dəmdəydim.
Göydən düşdüm, yerə dəydim,
Yenə adam olub gəldim.

Yıxıldığın yerdən tut

Yıxıldığı yerdən tutmalı adam,
ayağa qalxmaq istəyi varsa.
Nə olsun mən bütün ayrılıqlara yadam,
Nə etməli, gedənlər doğmalarsa?!

Qızım, yıxıldığın yanlarımın
başını sığalladım uşaq kimi.
Ağrıları bağrıma basdım,
"Kişilər ağlamaz" deyən ruhsuzun
qəddarlığına inad
Nə vaxt ki, qaranlıq çökür,
Təkliyimin ovuclarında
ağlayıram hönkür-hönkür.

Tərkedilişlər güllə yarasıdır,
canında gəzdirərsən ölənədək.
Və bu yara sevdadandırsa
günbəgün böyüyəcək.

Yaralarını sev, qızım,
Qızın kimi sev.
Yaralarını qoru hamıdan,
Bil ki, hər adam,
Yaralarıyla böyüyür, balacam...

İtirmək qorxusunun şeiri

Atamın böyrəyi xəyanət edir,
Atam heç özü də özünə baxmır.
Anamın ürəyi xəyanət edir,
Anamın təzyiqi sözünə baxmır.

Yaman diksinirəm hər gələn zəngdən,
Qorxuram alışam itirməklərə.
Kim qalib çıxdı ki, ölümlə cəngdən? -
Amma ki, çox tezdi itirmək hələ...

Atamla, anamla sınama, Tanrım,
65 nədir ki, 70 də azdı.
Bu üsyan deyil ki, qınama, Tanrım,
Ürək diktə etdi, qələm də yazdı.

Atamın dözümü, anamın səbri,
Qayadan möhkəmdir, dağdan böyükdür.
Bir yerdə kəsilir adamın səbri,
İtirmək qorxusu hamıya yükdür.

Atam hey deyir ki, dünya fanidi,
Hər kəsin dərd-qəmi, bəlası olub.
Atam atasıdır anamın indi,
Anam da atamın anası olub.

Anam da deyir ki, əl-ələ verib
Hələ neçə illər yaşayasıyıq.
Sevinci sevincin üstünə sərib
Nəvə toylarına daşıyasıyıq.

Atam ocaq yerim, anam pir yerim,
Onlar danışdıqca cana can gəlir.
Qorxular yox olur, açılır eynim,
Ömrümə yenidən həyəcan gəlir.

Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru,
AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin müdiri
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930