Duyğu tək qəlbimə birdən girmisən.. - Şeirlər
Manera.az şair İslam Rzayevin şeirlərini təqdim edir:
Bağışla
Əlimdən bu gəlir, ömrün yiyəsi-
Bu ömrü mən sürdüm,arat elədim.
Mənim çəkdiklərim hələ bir yana,
Sənin də ömrünü qarət elədim...
Niyə yollarıma sən çıxdın elə?
Ayırdım yerindən, yurdundan səni.
Gərək dərdlərimə sən vurulaydın?
Gərək mən öləydim dərdindən sənin?
Buludlar gözündən nəm çəkib dolar,
Suvarar yağışla günahlarımı.
Bir doğum günümdə,bir ad günümdə
Sən mənə bağışla günahlarımı...
Deyirsən,mən sənə gül verməliydim,
Suala çəkirsən baxışla məni.
Mən sənə dərd deyil,gün verməliydim,
Bağışla,bağışla,bağışla məni...
Əlimdən bu gəlir,ömrün yiyəsi,
Bu ömrü mən sürdüm,arat elədim.
Mənim çəkdiklərim hələ bir yana,
Sənin də ömrünü qarət elədim...
Bir yol da mən çəkdim...
Bir yol da mən çəkdim səndən ötəri,
Ayaq izlərinə əl eyləmişəm.
Səni ürəyimdən keçirmək üçün,
Açıb ürəyimi yol eyləmişəm...
Məni öldürməyə çox söz atırsan-
Atdığın güllələr boşa dəydimi?
Mənim ürəyimdən keçəndə, gülüm,
Sənin ayaqların daşa dəydimi?!
Duyğu tək qəlbimə birdən girmisən,
Bu yolun enişi, yoxuşu yoxdur.
Gəlib ürəyimə hardan girmisən,
Mənim ürəyimin çıxışı yoxdur...
Sənin ürəyini almışam daha,
Səni ürəyimə salmışam daha.
Sənin tək ürəksiz qalmışam daha-
Könülsüz, ürəksiz gəzirəm indi...
Yenə nəfəsini gül tək dərirsən...
Yenə nəfəsini gül tək dərirsən,
Kimə bağlayırsan gül dəstəsini?..
Mənim ürəyimi arı edibsən-
Sancıb neçə yerdən gül xəstəsini...
Gözümlə oxşanan bağın gülüsən,
Günüm sürmələnib qaradan betər.
Sinəmə çəkdiyin dağın gülüsən,
Mənsə kəpənəkdən, arıdan betər...
Sənə bu dünyanı dar eyləmişəm-
Bizdə genişlikdi, bizə gələrsən.
Sənə gözlərimdə yer eyləmişəm,
Bizi bəyənməsən...gözə gələrsən.
Bir yuva axtarır bu payız çəni
Bir payız günündə bu payız çəni,
Bir ağ göyərçin tək yuva gəzirdi.
Dərələrdən keçib,dağlardan enib,
Yuva bağlamağa oba gəzirdi...
Bir yuva axtarır bu payız çəni;
Qara saçlarımda dənə qonmadı.
Gözümdə yer verdim,bu payız quşu
Nədənsə yan keçdi - mənə qonmadı..
Keçdi Leyləklərin boş yuvasından,
Keçdi neçə-neçə quş yuvasından.
Üşüdü bir soyuq qış havasından,
Qondu bir Ağacın budaqlarına -
Anamın gözündə yuva bağladı,
Saçında, üzündə yuva bağladı...
Bu yuva axtaran ağ Göyərçinin
Xoşuna Anamın gözləri gəldi -
O gündən gözləri gümanlı görür.
Bir yuva bağladı bu payız çəni -
Anamın gözləri dumanlı görür...
Hörümçək torunda yellənən yarpaq
Yolunu gözlədi bir ağac dibi,
Yellənib bir böcək goruna düşdü.
Budaqdan üzülən bir sarı yarpaq
Qara hörümçəyin toruna düşdü...
Hörümçək torunda yellənən yarpaq,
Bir payız köçündə gözəl olmadın.
Sarı yarpaqların toyu çalındı,
Bir ağac dibində xəzəl olmadın.
Hörümçək torunda yellənən yarpaq,
Su üstündə üzən çiçək kimisən.
Balıqçı torunda qızıl balıqsan,
Hörümçək torunda böcək kimisən.
Bir qara hörümçək bir qar günündə
Üşüsə, paltar tək geyəcək səni.
Qara hörümçəklər qara günündə
Sarı böcək kimi yeyəcək səni...
Hörümçək torunda yellənən yarpaq,
Dərd gəldi-gəlmədi, dillənirəm mən.
Dünya dərdlərimdən bir tor hörübdü,
Sarı yarpaq kimi yellənirəm mən...
Daha bu yağışa sözüm qalmadı.
Bu yağışı sözündən,
səsindən tanıyıram-
Neçə ildir yaşayır
evimizin damında...
Bu yağışı iyindən,
nəfəsindən tanıyıram-
Hər yağanda könlümün
pəncərəsi açıqdır bu yağışa.
Bu yağışı suyundan tanıyıram-
Suyu yaman şirin gəlir adama:
Tamını dadmışam quyumuzun suyundan...
Bu yağış nə vaxt kəsəcək
özündən soruş.
Damımızdan damcılanan
damlaların sayını,
Təzəcə saymağı öyrənən qızımdan soruş...
Bu yağışın həyası-
islanmış ot tayası.
Bu yağışın öpmədiyi ot-ələf,
gül - çiçək üzü qalmadı.
Daha bu yağışa sözüm qalmadı..
Yad qızı
Yəqin doğmalarım eşidər məni,
Gedib yad qızına qısılmaq olar...
Yay var,istisi də üşüdər məni,
Qış var, qarına da qızınmaq olar...
Yad qızı, dünyada sən tək deyilsən-
Mən də yad ölkənin elindən gəldim.
Məni də,sənin tək yad qızı doğub,
Mən də yad kişinin belindən gəldim...
Hərdən boylansan da ata yurduna,
Köçüb yad evinə-yadın olmusan.
Oğluma,qızıma doğmaca ana,
Mənə ən vəfalı qadın olmusan!
Göz yaşında üzən sonamsan elə,
Ağlama,yad qızı, yarımsan mənim.
Anam inciməsin, anamsan elə,
Hələ ölənəcən qarımsan mənim...
Yay var, istisi də üşüdər məni,
Qış var, qarına da qızınmaq olar...
Yad qızı,belə ki, doğmasan mənə,
Qəbirdə də,rahat uzanmaq olar...
***
Harasına sığınmısan
dərddən daman ömrümün?
Dərdə batan günün üçün
saxla saman ömrümü...
Göz ilə qaş arasında
ölümlər məni haqladı.
Duamı göylər saxladı,
saxla şaman ömrümü...
Ömürdü də, hamısını
götür, baxma qapı sınıb.
Birdən bezsən, qapısını
bağla tamam ömrümün...
Lənkəran