manera.az
manera.az

Canımnan şeirlə çıxır ağrılar - Şeirlər

📅 24.07.2018 15:46

Canımnan şeirlə çıxır ağrılar - Şeirlər

Manera.az şair - publisist Xaliq Rəhimlinin şeirlərini təqdim edir:

***
Sirli bir fərmandı dünya,
Kim deyir dərmandı dünya,
Köhnə dəyirmandı dünya,
Ömrümüz üyünür hələ.

Baxır-baxır gözü bizə,
Dayanıbdı üzü bizə,
Tanrı hansı üzümüzə,
Bizimlə öyünür hələ.

Fani dünyadan qaçanın,
Ruhu göylərdə uçanın,
Məzarı çiçək açanın,
Ürəyi döyünür hələ.


***
Yol gedirdim, sən yolumdan eylədin,
Baxışınla neçə dastan söylədin,
Öyünmə ki, məni şair eylədin,
Ürəyimdə beş-on kəlmə söz qalıb.

Haqqım yoxdu bu sevdanı danmağa,
Müntəzirəm gecə-gündüz anmağa,
Təzədənnən alovlanıb yanmağa,
Nə bir kösöv qalıb, nə bir köz qalıb.

Ömrü boyu sən günahkar bil məni,
Qılınc götür neçə yerə böl məni,
Deyirsən ki, yaddaşınnan sil məni,
Siləmmirəm, eh məndə də üz qalıb.

Mənə sərf eləmir, yada saldıqca,
Özüm üzülürəm belə qaldıqca,
Adam huşsuz olur yaşa dolduqca,
Bir az da döz, unutmağa az qalıb...


***
İllər ötüb gedir ömür payından,
Bu dünyanın suyundandı suyundan,
Çox öyünmə dostlarının sayından,
Sədaqəti olan adam ayrıdı.

Bir az da dərindən düşünsən əyər,
Çarəsiz fikirlər qəddini əyər,
Çoxları gözünə ədəbli dəyər,
Mərifəti olan adam ayrıdı.

Gizlinim yox, nəyim varsa üzdədi,
Ömür hələ yollardadı, izdədi
Çox insanlar əməldə yox, sözdədi,
Cəsarəti olan adam ayrıdı

Hər gələnə, gedənə söz verməyin,
Hər "aşiq"in əlinə saz verməyin
Sevgi yoxsa, heç kimə üz verməyin,
Məhəbbəti olan adam ayrıdı...


***
Ağlayaq demədim, gülək demişəm
Bir fikrə, qərara gələk demişəm,
Səni tanıyannan mələk demişəm,
İndi mələk kimi uçub gedirsən

Dünyanın gecəsi, gündüzü günah
Bir üzü savabdı, bir üzü günah,
Bir kəlmə demərəm bilsəm ki, - vallah
Mənnən yaxşısını seçib gedirsən

Məhəbbəti kim anlayıb, kim duyub,
Vüsalından kim yarıyıb, kim doyub,
O təzə açdığın yolları qoyub -,
Yenə ürəyimnən keçib gedirsən,...


***
Nə sənin sevginə çata bilərəm,
Nə də dizlərində yata bilərəm,
Yalannan nə deyim , - bata bilərəm,
Sən eşq dəryasısan, üzə bilənə

Nə bilir eşq nədi, uşaqdı çoxu,
Şimal küləyidi, sazaqdı çoxu,
Sənnən xəbərsizdi, uzaqdı çoxu,
Bir şirin yuxusan, yoza bilənə

Quruyubdu gözlərində yağışlar,
Ürəyində məhəbbətdən naxışlar,
Kimin qismətidi, nazlı baxışlar,
Yaxşı xatirəsən, dözə bilənə

Dedim, gücüm çatar vəsfi halına,
O şux qamətinə dürr kamalına,
Söz tapa bilmədim gül camalına,
Ən gözəl şeirsən, yaza bilənə...


***
Nə var bu ömrün sonunda,
Gül kimi sevgi yanında,
Mən ulu eşqin önündə,
Yalnız diz çökə bilirəm.

Başım hər zaman dik olub,
Qəmli günlər tək-tük olub,
Bu ömür də, bir yük olub,
Öyrəşdim yükə, bilirəm.

Gözlərimnən getməyəsən,
Qayğını az etməyəsən,
Niyə də naz etməyəsən,
Bir şey ki, çəkə bilirəm...


***
Elə bil nəfəsin gəlir,
Sevdalı həvəsin gəlir,
Qulağıma səsin gəlir,
Quzum, hardasan, hardasan?

Mən səni nahaq itirdim,
Zalım həsrətə ötürdüm,
Bir zaman dil-dil ötürdüm,
Sözüm, hardasan-hardasan?

Neçə ki, mən varam deyən,
Halına qıymaram deyən,
Səni tək qoymaram deyən,
Dözüm, hardasan-hardasan?

Könlümüzü ovutmağa,
Bəxtimizi ayıltmağa,
Təzdən sənə qayıtmağa,
Üzüm, hardasan-hardasan?..

Təzədən yaşamaq sorğusuna

Təzədən yaşasam, nə dəyişəcək
Həminki gündüzüm, həminki gecəm...
Yenə də, ürəyim qandallanacaq
Yenə ayrılığa əsir düşəcəm.

Könlünü qırdığım o dağlar qızı
Yenə də, hardansa səs elər mənə.
Bir ömür nədi ki, lap beş ömür də
O ağrı-acılar bəs elər mənə.

Yenə bostanıma daş atacaqlar,
Çevrilib kimisə daşlayacağam.
Yenə də, günahlar təzələnəcək
Yenə də, tövbəyə başlayacağam.

Həyatın ən acı üzünü görən
Haram tikələrdən vaz keçən ömrüm,
Bir tərəfdə nadan, bir yanda zalım
Aqillər içində az keçən ömrüm...

İndi azdan-çoxdan odum, ocağım,
Bir az da savabım, - daha nələrim...
Üstümə örtmüşəm ötən illəri,
Başımın altında xatirələrim...

Yüz ilin, min ilin həsrətidi bu,
Vallah, mənə heç nə təzə görünmür.
Səni durnalardan xəbər alırdım,
Daha durnalar da gözə görünmür.

Səndə ayrılığa dözüm nə gəzir,
Solğun üzündəki o halı gördüm.
Hərdən xəyalların eyvanına çıx,
Bəlkə üzündəki o xalı gördüm.

Bax, səni o isti göz yaşlarından
Məndən başqa heç kim qoruyan deyil.
Şeh kimi damlalar gül yanağında
Dodağım dəyməsə quruyan deyil.

Nə badə, üstümə durub gələsən
Hirslə, tüfənglə, topla, gözəlim.
Ağlını başından alıblar sənin,
Ağlını başına topla, gözəlim.

Nə qədər küssən də, incisən də sən
Ayrılıq canıma düşməyib hələ.
Qollarım açılıb səni qucmağa,
Qollarım yanıma düşməyib hələ...


***
Sevinc paylaşıram ulduzla, ayla
Eh, nə bir ölçüm var,nə qədərim var
Xəyallarım qanadlanır sevincdən
Mənim ayrılıqdan nə xəbərim var
Sən gətirdin ayrılığı bu eşqə

Az qala bir dastan yaradacaqdım
Məcnunu, Kərəmi misal gətirdim
Oldum eşq dəlisi, sevda yolçusu
Mən sevgi gətirdim, vüsal gətirdim
Sən gətirdin ayrılığı bu eşqə

Nə biləydim ürəksizin birisən-
Yaxşı baxsan bu məhəbbət ölməzdi
Ruhumda, qəlbimdə eşq yaşayırdım
Mənə qalsa heç ağlıma gəlməzdi
Sən gətirdin ayrılığıı bu eşqə

Deməsən də, hiss edirdim bu sevda
əzəl gündən ürəyinə yatmırdı
Hər şeyi var idi – razılıq, filan
Bu eşqin bir ayrılığı çatmırdı
Sən gətirdin ayrılığı bu eşqə…


***
Hər adam oynayır öz havasına
Zurna havasına, saz havasına
Çox da bel bağlama yaz havasına
Havası ağırdı, bu yaşamağın

İstəklər, ümidlər yaman uzandı
İnsan oğlu çox yoruldu, usandı
Uzun ömür arzulamaq asandı
Havası ağırdı, bu yaşamağın

Az adam tapılar, kələk eləmir
Özümüz edirik fələk eləmir
Az qala sevgi də kömək eləmir
Havası ağırdı, bu yaşamağın

Yaylaqlı ,oylaqlı səfalı yerlər
O düşmənli yerlər, davalı yerlər
Neçə ki, əsirdi havalı yerlər
Havası ağırdı, bu yaşamağın

Bu dünyada haqq, ədalət dinməsə
Nəfsgirlər qorxmasa, sinməsə
Allahın qəzəbi yerə enməsə
Havası ağırdı, bu yaşamağın…


***
Ürəyim üşüyür,- görün necəyəm
Yənə xatirəyə bürünəcəyəm
Sanırdı bəxtəvər görünəcəyəm
Ağ rəngə susayan saçıma bir bax

Nə təzdən sevərəm, nə izlənərəm
Olan günahlardan təmizlənərəm
Mən elə bilirdim əzizlənərəm
Üstümə çəkilən hücuma bir bax

Bazar nədən qalıb, beh nədən qalıb
Bu ağrı acılar eh, nədən qalıb
Üzümdə təbəssüm köhnədən qalıb
əgər inanmırsan içimə bir bax

Həm topa düzəldir, həm kürüyürəm
Yığıb arzuları cəm, kürüyürəm
Hər gün ürəyimnən qəm kürüyürəm
Sən mənim işimə – gücümə bir bax..


***
Nə bilərdim sevgi nədi
Mən sənə rast gəlməsəydim
Gözlərindən süzüləni
əllərimlə silməsəydim

Silkələdin varlığımı
Sevdan nəyə qadir imiş
Muma döndü daş ürəyim
Sənin eşqin nadir imiş

Ömrümüzün payız çağı
Yarı gül, yarı yarpaqdı
Gözlədiyim,güvəndiyim
İllərim sarı yarpaqdı..

Nə var verdi, nə də sərvət
əvvəli, sonu görürəm
Bu sevgidən mənə qalan-
Yenə də səni görürəm…


***
Sınmıram, başımı dik tuturam mən
Görənlər deyirlər bəxtəvər gəlir
Kimisi dərmanla qovur özündən
Kiminin alnına soyuq tər gəlir
Canımnan şeirlə çıxır ağrılar

Tərifi boynuma götürməmişəm
Müdirdən, rəisdən, şefdən yazmıram
Sözlər ağrıları gözünə təpir
Bilənlər bilir ki, kefdən yazmıram
Canımnan şeirlə çıxır ağrılar

Hərdən görürəm ki, yeri gələndə
Səbr də, dözüm də,türkə çarədir
Həkim neyləyəcək qəm xəstəsinə
Eh, bu da belə bir türkəçarədir
Canımnan şeirlə çıxır ağrılar

Bu fani dünyada canım qızmadı
Elə ömrü boyu üşüdürəm mən
Hər dəfə əlimə qələm alanda
Allahın səsini eşidirəm mən
Canımnan şeirlə çıxır ağrılar

Onların yanında daha çox olmaq
Harda səmimiyyət, harda doğru var
Kaş yaza bilməyim bircə misra da
Yaza bilirəmsə, demək ağrı var
Canımnan şeirlə çıxır ağrılar…

Tural Adışirinin təqdimatında


Baxış sayı - 2 353 | Yüklənmə tarixi: 24.07.2018 15:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031