manera.az
manera.az

Mübarizlərin Vətəni basılmaz - Mina Rəşid yazır

Mübarizlərin Vətəni basılmaz - Mina Rəşid yazır

Yazı bu günlərdə "Mübariz İbrahimov - Vətənpərvərlik nümunəsi" mövzusunda keçirilən yazı müsabiqəsinin qalibi olub (3-cü yer)

Uşaqlıqdan mübariz oğlan

Mübariz İbrahimov Biləsuvar rayonunun Əliabad kəndində, 1988-ci ilin şaxtalı bir qış günündə, fevralın 7-də doğulub. Ailəsi iki ad seçib ona verməyə. Müqəddəs ya da Mübariz. Son qərarları Mübariz olub. Deyilənə görə, adın da insanın taleyində müəyyən təsirləri olur. Yoxsa bu qədər Vətən sevdalı, mübariz olmaq necə olardı? Mübariz uşaqlıqdan çalışqan, mübariz idi. Dərslərindən əlavə boksla da məşğul olurdu. O, şəhid M. Piriyev adına orta məktəbi bitirdikdən sonra 2005-ci ildə hərbi xidmətə çağırılıb.

Hərbi xidmətdən Qarabağa doğru

Bu çağırışa toya, bayrama gedən kimi fərəhlə yollanıb Mübariz. Çünki onun qəlbində dəniz kimi bir fırtına tüğyan edirdi. Qarabağ müharibəsinin acılarını başqa heç nə ona unutdura bilməzdi. Ürəyinin başında Xocalı adlı bir yarası vardı Mübarizin... O, hərbi xidmətini Daxili Qoşunların "N" saylı Hərbi Hissəsinin Xüsusi Təyinatlı Bölüyündə çavuş rütbəsində əzmlə başa vurdu. Ancaq yenə ürəyi rahatlıq tapmadı. 2009-cu ildə o, yenidən hərbi hissəyə qayıdaraq taleyini hərblə daha sıx bağlamağa nail olur. Mübariz burada hərbi biliklərini daha da genişləndirərək böyük bir məktəb keçir. Bu dəfə onun qəlbindəki mübarizlik, döyüş əzmi daha da aşıb-daşır. Gizir rütbəsini qazanaraq bir arzusuna çatır. O, ən böyük arzuladığı yola, Qarabağa bir az da yaxınlaşır. Daha kimsə onu yolundan saxlaya bilməzdi... Amma imanı onu ata-anasının xeyir-duasını almadan yola çıxmağa imkan vermirdi. Ona görə də, bir gün ata-anasına ürəyini açdı, dərdini söylədi. Atası Ağakərim kişi arif adamdı. Bilirdi ki, oğlu yolundan dönməz, amalından əl çəkməz. Odur ki, onu daha artıq incitmək istəmədi. Ana... ana ürəyi isə bir başqadı... Fəqət o, Mübarizin anası idi, dözməliydi və dözdü də...

Sevinc və qüssə

Mübariz isə xoşbəxt idi o anlarda. Daha onun qarşısını heç nə ala bilməzdi. Yollandı Qarabağa, bir komandir kimi əsgərlərinə igidliyi, şücaəti, dönməzliyi aşılamağa çalışdı. Bütün bilik və bacarığını onlarla paylaşdı. Ürəyi bir az dinclik tapsa da, Şuşa gözləri önündə canlandı, Laçın qayalarında qartallar qıy vurdu, Xocalının naləsi yaddaşından çəkilmədi ki, çəkilmədi... Sərhəddən doğma Vətən torpağını seyr etdikcə ürəyi parçalandı. "Axı nə vaxtadək doğma torpaqlarımıza uzaqdan baxacağıq?" deyə, sual etdi özünə, bir də mərd əsgərlərinə...

Qəhrəmanlıq gecəsi

...Nəhayət o gün gəlib çatdı. Mübariz İbrahimov 18 iyun 2010- cu ildə gecə saat 23:30 radələrində qulluq etdiyi cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində düşmənlə arada olan minalanmış sərhədi təkbaşına keçərək bir anda qartaltək onların üstünə şığıdı. Düşmən bu gözlənilməz hücumdan çaşdı. Üzərinə bir nəfər deyil, sanki bir ordu gəlirmiş kimi qorxuya, təşvişə düşdü... Mübariz isə o anlarda elə bir qəhrəmanlıq salnaməsini yazırdı ki, bircə həmləsində neçə düşməni vurub yerə sərirdi... Düşməni məhv etdikcə irəliləyir, onların silahını özlərinə tuşlayırdı... Bax, bu Şuşanın, bu Laçının, bu da... bu da Xocalıda işgəncəylə öldürülən körpələrin intiqamı... deyə, güllə deyil, sanki qəzəbdən od püskürürdü...

...Dşünürəm ki, Mübariz o gecə mənim də intiqamımı alırdı... İşğal olunmuş Ağdamın, doğulduğum Qiyaslı kəndinin, şəhid olmuş atamın, əlil qardaşımın, bir də Bərdədə dəmir vaqona sığınaraq dərddən, əziyyətdən ürəyi çat vermiş anamın intiqamını.... Və bütün ürəyi dağlanmış anaların, bacıların, vəhşicəsinə qətlə yetirilmiş körpələrin, dərddən kədər heykəlinə dönmuş ataların, babaların intiqamını...

Mübariz qeyri-adi bacarıq və çevikliklə düz 5 saat təkbaşına bir ordu ilə savaşır. Nə usanır, nə də geri çəkilməyi düşünür... Mübariz arzusuna çatmışdı həmin anlarda... Qarabağın torpağından, havasından güc almışdı sanki... Bu elə bir qəhrəmanlıqdı ki, Mübariz o gecə Müqəddəs adına qovuşdu... Sonda qəhrəmanlıqla Şəhid olsa da əbədi ömür qazanmışdı... Əsl yaşamaq da onun üçün bu idi. Daha rahat "yaşayacaqdı"...
Bunu Mübarizin valideynlərinə ünvanladığı sonuncu məktubundan da hiss etmək olar:

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-ol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam- ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz... Haqqınızı halal edin."
Mübarizlərin Vətəni basılmaz - Mina Rəşid yazır
Azərbaycanın Milli qəhrəmanı

Atası Ağakərim kişi söyləyir ki, o qəhrəmanlıq gecəsindən sonra qürur hissi ilə yanaşı, həm də bir narahatlıq keçirib. Ta o vaxta qədər ki, tezliklə cənab Prezidentimiz İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Bütün türk dünyasının qəhrəmanı olan M.İbrahimovun adının əbədiləşdirilməsi üçün ölkəmizdə və onun hüdudlarıdan kənarda bir sıra işlər görülməyə başlayıb. Belə ki, Biləsuvar şəhərində lisey-məktəb kompleksinə və küçəyə M.İbrahimovun adı verilib.

2010-cu ildə Eldar Məmmədovun rejissorluğu ilə M.İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilib. 2011-ci ildə "Palmali" şirkətinin Türkiyədə hazırlandığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov" adlandırılıb. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb. 2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev fondu və ANS Şirkətlər Qrupu tərəfindən M.İbrahimov "İlin adamı" adına layiq görülüb. 2016- cı ildə Sumqayıtdakı küçələrdən birinə onun adı verilib. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə M.İbrahimovun heykəli ucaldılıb.

2013-cü ildə TRT 1 kanalında nümayiş etdirilən "Sakarya Fırat" və 2014-cü ildə yayımlanan "Qızıl alma" adlı seriallarda M.İbrahimovun qəhrəmanlığına geniş yer ayrılıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə M.İbrahimovun adına xatirə lövhəsi vurulub... M.İbrahimovun adının əbədiləşdirilməsi təkcə bu sadaladıqlarımızla bitmir...
Atası ona "Vətən" deyirdi

Mübarizin Vətənə böyük sevgisini hiss edən atası ona "Vətən" deyə, müraciət edərmiş. Və bu uca, müqəddəs addan Mübariz sevincindən sanki qanad açıb uçarmış... Ata öz övladını bax, belə ruhlandırmış, atalar! Lap ölməz şairimiz Xəlil Rza Ulutürk misalı...

Ancaq Vətən olanlar belə qəhrəmanlıq göstərə bilərlər. Ömrünün gənc çağında, 22 yaşında beləcə bütün türk dünyasının qəhrəmanına çevrilmək olar...

Mübariz düşmənə anlatdı ki...

...O gecə qeyi-adi bacarıq, müdhiş bir qəhrəmanlıqla Mübariz düşmənə dərs verdi. Anlatdı ki, bizim bircə əsgərimiz öz misilsiz şücaəti ilə düşmənin bir ordusuna dəyər... Elə bilməyin ki, biz bu işğalla barışıb sakitcə oturmuşuq. Bir gün bax belə qəfil bir həmləylə düşməni darmadağın edər Azərbaycan əsgəri! Həm də bu müharibə düşmən üçün ədalətsiz sayılsa da, bizim üçün ədalətlidir. Çünki bu torpaqlar azərbaycanlıların qədim məskənidir. Bir vaxt düzlərdə qalmış erməni bəlasını torpağımıza calayanların günahıdır ki, sonra da nankorluqla gəmidə oturub gəmiçi ilə dava edirlər... Amma bunu unutmayın- Mübarizlərin Vətəni basılmaz! Nə qədər güclü xarici havadarlarınız olsa da bir gün haqq qalib gələcək!

Hər birimiz bir əsgər...

Bu düşüncəylə Mübarizin qəhrəmanlığından sonra sanki bütün Azərbaycan ayağa qalxdı, hər kəs bir əsgər kimi Vətənin müdafiəsinə hazır dayandı. Qələm adamları da susmadılar. Yazıçı və şairlərimiz öz doğma qəhrəmanına cild-cild roman, hekayə, poema və şeirlər həsr elədilər. Mən daha çox uşaq ədəbiyyatına könül verdiyimdəm belə bir şeir qopdu ürəyimdən...

Bilirsinizmi
Kimdi qəhrəman?
Savaşda verməz
Düşmənə aman!

Özünü atar
Odun içinə.
Qırar düşməni
Tək öz gücünə...

Tariximizdə
O, şanlı bir iz!
Adı Mübariz,
Özü Mübariz!


...İllər, əsrlər keçəcək, amma Mübariz İbrahimovun qəhrəmanlığı unudulmayacaq! Hələ onun adına çox dastanlar yazılacaq, kitablar bağlanacaq... Vətən belə bir qəhrəmanını unudarmı heç?

Düşünürəm ki, hər birimiz öz əməlimizlə bir Mübariz olmağa çalışsaq talan olmuş yurdlarımız tezliklə düşməndən azad edilər və Vətənimiz gülüstana dönər... Mən də o müqəddəs, haqq aşiqinin- Mübariz İbrahimovun adına əlimə qələm götürəndən bir başqa dünyadayam sanki... Qarabağın düşməndən azad olunduğu bir dünyada... Çünki

İllər gəlib keçsə də,
Sağalmır can yarası.
Böyüyür axşam-səhər
Qəlbimdə Yurd ağrısı...


Mina RƏŞİD

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31