manera.az
manera.az

Bayatı janrı mövzusunda elmi seminar təşkil edilib

📅 31.01.2019 13:12

Bayatı janrı mövzusunda elmi seminar təşkil edilib
Beynəlxalq Muğam Mərkəzində “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi seminar keçirilib.

Manera.az xəbər verir ki, seminar Beynəlxalq Muğam Mərkəzinin dəyirmi masa layihəsi çərçivəsində mərkəzin və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Nailə Rəhimbəyli xalqımızın milli-mənəvi dəyəri olan bayatılar haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan folklorunun ən qədim janrlarından olan bayatılar minilliklərin tarixi-mədəni yaddaşıdır. Əsrlərboyu bayatılar sadəlik, mərdlik, dostluq, igidlik, məğrurluq kimi insani keyfiyyətləri özündə əks etdirir. Ruhumuzu yaşadan bayatılar mədəniyyətimizin, dilimizin, dinimizin və kimliyimizin dərki kimi təcəssüm etdirilib. Bayatı janrının özünəməxsusluğu, ilk növbədə, onun həm xalq ədəbiyyatı, həm də xalq musiqisi ilə bağlı olmasıdır. Bu səbəbdən bayatı ilə bağlı araşdırmalar hər iki sahədə aparılır.

Qeyd edilib ki, milli-mənəvi sərvətimizin əsas hissəsini təşkil edən xalq yaradıcılığının parlaq janrlarından biri kimi bayatının öyrənilməsi, təbliğ edilməsi müasir mədəniyyətin aktual məsələlərindən biridir.
Bayatı janrı mövzusunda elmi seminar təşkil edilib
Seminarda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Müasir bəstəkarların yaradıcılığında bayatı janrı”, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynovanın “Türk xalqlarının musiqisində bayatı”, professorlar Minəxanım Nuriyevanın “Bayatı poetik mətn kimi”, Abbasqulu Nəcəfzadənin “Bayatı janrı muğam sənətində”, Fəttah Xəlilzadənin “Bayatı oxumalarının arxaik xüsusiyyətləri”, dosent Ləman Süleymanovanın “Bayatılar folklor tədqiqatlarında”, Əməkdar incəsənət xadimi Sürəyya Ağayevanın “Qədim dövr və orta əsrlərdə Azərbaycan türk muğamı və bayatılar” və digər mövzularda məruzələr dinlənilib.

Seminarda təqdim edilən elmi məruzələr bayatı janrının öyrənilməsində elmi mənbə kimi çıxış edə və gələcəkdə tədqiqatlar üçün yeni perspektivlər aça bilər.

MANERA.AZ


Baxış sayı - 1 353 | Yüklənmə tarixi: 31.01.2019 13:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031