“Yeni media”da kim birincidir?
Təhsil Nazirliyi sosial şəbəkələrdə ən fəal dövlət qurumudur
Deyilənə görə, qəzet, radio və televiziyanı özündə ehtiva edən ənənəvi media vasitələrinin elektron-internet resursları və sosial şəbəkələrdən ibarət "yeni media” və ya sosial mediaya keçid mediaya transformasiyanın əsasını təşkil edir.
Bu gün dünyada "yeni media” anlayışının müxtəlif izahlarına rast gəlmək olur. Bir qrup ekspert buraya bütün rəqəmsal və elektron informasiya ötürücülərini -elektron qəzetləri, radio və televiziyaları daxil edirsə, digər qrup mütəxəssislər yeni medianın bəşəriyyəti bir araya gətirən və onu vahid topluya çevirən sosial şəbəkələrdən ibarət olduğunu söyləyir. Vaxtilə qəzet, jurnal, radio və televiziya kimi ənənəvi informasiya əldə etmək vasitələri var idisə, bu gün internet saytları, "Twitter”, "Facebook”, "YouTube”, "Instagram” kimi sosial media ünsiyyət vasitələri yeni kommunikasiya üsullarına çevrilib.
Dünya fərdi informasiya vasitələri erasına qədəm qoyur
Araşdırmalar göstərir ki, hər beş nəfərdən biri lazım olan informasiyanı sosial media vasitəsilə əldə edir. Bu gün sosial media ən məşhur xəbər platformasına çevrilib. Belə ki, indi 36 faiz insan məlumatı sosial mediadan, xəbər saytlarından, 16 faiz televiziyadan, 13 faiz radiodan, 2 faiz isə çap mətbuatından əldə edir.
Tədqiqatçılar hesab edirlər ki, kütləvi informasiya vasitələri erasının sonu yaxınlaşır, hazırda dünya fərdi informasiya vasitələri erasına qədəm qoyub. İnformasiya fərdi ötürülür və fərdi olaraq qəbul edilir. Sosial media vasitəsilə dünyada, elə ölkəmizdə də baş verən xəbərləri qısa bir zamanda öyrənə bilərik. Artıq Azərbaycanda da informasiyalar sürətli rabitə vasitəsi sayılan sosial media vasitəsilə paylaşılır. Biz də inkişaf edir, qloballaşan dünya ilə ayaqlaşırıq. Prezident İlham Əliyev də çıxışlarında qeyd etmişdir ki, elektron xidmətə keçid qarşısıalınmaz bir prosesdir və bu proses sürətlə həyata keçirilməlidir. Ölkə rəhbəri internetə məlumat mənbələrindən biri kimi yanaşdığını bildirib.
Bəs dövlət qurumları, nazirliklər tərəfindən informasiyanın idarəolunması prosesi necə icra edilir, kommunikasiya vasitələrindən, sosial şəbəkələrdən hansı səviyyədə istifadə edilir? Bu suallara cavab tapmaq üçün müxtəlif qurumların internet resurslarından hansı səviyyədə istifadə etməsi barədə monitorinq aparılıb.
Dövlət qurumları sosial medianın imkanlarından fəal şəkildə istifadə edir
Monitorinq zamanı onların sosial şəbəkələrdəki hesabları təhlil edilib. Nəticələrə əsasən qeyd edə bilərik ki, son dövrdə bir çox dövlət qurumları genişlənən sosial medianın imkanlarından fəal şəkildə istifadə etməkdədir. Təhlillər göstərir ki, Azərbaycanda dövlət orqanlarının fəaliyyətində internetin imkanlarından istifadə edilməsi artmaqdadır. Onlar sosial şəbəkələrin xidmətlərindən fəal surətdə istifadə edir, layihələri, tədbirləri haqqında məlumatları öz səhifələrində istifadəçilərlə paylaşırlar. Artıq bir çox qurumların həm internet saytları aktivdir, həm də sosial şəbəkə hesabları daimi yenilənir, görülən işlər müxtəlif vasitələrlə ictimaiyyətə təqdim edilir.
Bu sırada Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "ASAN xidmət” və digər qurumları göstərmək olar. Təhlillərimiz göstərir ki, sosial medianın "Facebook”, "Twitter”, "Instagram”, "YouTube” kimi imkanlarından istifadədə isə Təhsil Nazirliyi daha aktivdir. "Facebook” sosial şəbəkəsində Təhsil Nazirliyinin 100144 nəfər izləyicisi var. "Twitter” üzrə hesablamalara əsasən deyə bilərik ki, 1336, "Instagram” üzrə isə 25425 izləyici ilə aktivlik yenə Təhsil Nazirliyinə aiddir. "YouTube” üzrə yenə ön sırada Təhsil Nazirliyidir (8866 abunəçi və 2 milyona yaxın baxış sayı ilə). Xatırladaq ki, bir çox qurumlar "Facebook” sosial şəbəkəsinin yaratdığı "canlı yayım” vasitəsindən də faydalanırlar. Bu sırada yenə də Təhsil Nazirliyi öndə gəlir.
Onu da qeyd edək ki, hazırda Azərbaycanda "Facebook”, "Twitter”, "YouTube”, "Instagram” və digər sosial şəbəkələrdə istifadəçilərin sayı 2 milyondur.
Monitorinqin nəticəsi onu göstərir ki, dövlət qurumlarının sosial mediadan istifadə etməsi ənənəvi media ilə yaşanan problemlərin həllinə də müsbət təsir göstərmiş olur. Onlar internet əsaslı media vasitələrindən daha yaxşı istifadə etməklə, ictimaiyyətlə əlaqələrini genişləndirə bilər ki, bunu Təhsil Nazirliyinin praktikasından da aydın görmək olur.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”