Mənə görməmək üçün eynək yaz, doktor! – MANERA.AZ
![]()
Manera.az İlqar Kamilin şeirini təqdim edir:
***
Yalnız "yuxarılarda" havası olan bu məmləkətdə,
mənliyini addımbaşı
ayaqlarının altına qoyanları anla, doktor:
Nəfəs almaq cəhdidir bu -
Yaşamaq cəhdi!
Sağalt məni,
Dərmanıma bir damcı ümid də qat
bir çimdik nəfəs də
yaşamağa həvəs də...
Həvəs çatışmazlığı var məndə, doktor!
Gözümün önündəki bəyazruhlu adamların talehi
hərəsi bir kitabsa
hərəsi bir dramsa
neynirəm mən Əfqanıstanı,
"çərpələng uçuran"-ı?...
...Gözüm ağrayır,
Mənə görməmək üçün eynək yaz, doktor!
Bu Vətən
ancaq ulduzlar qədər mənimkidi,
səninkidi,
bizimkidi
Əlçatmazdı Ay kimi...
Günəşi həbs olunub odlar yurdunun
Üşüyürəm,
üşüyürsən,
üşüyürük
Çıxar qürurunu əynindən
sarıl mənə, doktor!
Qaranquşlar yaralarını da
balalarını da,
yuvalarını da dimdiklərinə alıb
birdəfəlik köçdülər buralardan.
Sən heç bildin,
Mən heç bildim,
Biz heç bildik ki,
onlar niyə "keçdilər" buralardan?...
Daha gecdi
Burax bu lazımsız dava-dərman adlarını
al əlinə kağız qələmini
Mənə bir məktub yaz,
Ona bir məktub yaz,
Bizə bir məktub yaz, doktor!
Bu dünyadan xatirə qalsın...
Manera.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.