manera.az
manera.az

Ələkbər Rzaquliyevin əsərləri sərgilənib

Ələkbər Rzaquliyevin əsərləri sərgilənib
Noyabrın 2-də “Xalq Bank”ın təqdim etdiyi “Xalq əmanəti” layihəsi çərçivəsində əməkdar rəssam Ələkbər Rzaquliyevin (1903-1974) həyat və yaradıcılığını əks etdirən “Rəngkarlıq və qrafika” bədii albomunun təqdimatı keçirilib, əsərlərindən ibarət sərgi açılıb.

Manera.az xəbər verir ki, sərginin açılışında tanınmış sənət adamları, rəssamlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Azərbaycan milli qrafika sənətinin sütunlarından biri Ələkbər Rzaquliyevin keşməkeşli həyatından, qrafika sənətinə verdiyi töhfələrdən, yaratdığı çoxsaylı linoqravüra nümunələrindən danışıblar.

Milli qrafika sənətinin formalaşmasında müstəsna rolu olan rəssam zəngin sənət yolu keçib. O, İçərişəhərdə dünyaya göz açıb, ilk bədii təhsilini Bakıda alıb. Daha sonra Moskva şəhərində isə Ali Bədii-Texniki Emalatxanalarında (VXUTEMAS) təhsilini davam etdirib.
Ələkbər Rzaquliyevin əsərləri sərgilənib
O, Moskvada əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam idi. O illərdən cəmi iki əsəri - “Azərbaycanlı qadın” və “Pəhləvanlar” rəsmləri günümüzə çatıb. İkisi də Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılır. Bu iki rəsm və bir neçə akvareldən başqa Rzaquliyevin bütün boyakarlıq işləri isə həmişəlik itirilib.

Sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev linoqravüra texnikasını dərindən mənimsəyib. Ömrünün qalan hissəsini bu texnikaya həsr edən sənətkar “Köhnə Bakı”, “Tələbəlik illəri”, “Azərbaycan balıqçıları” silsilələri, Solovki adalarına, doğma vətənin mənzərələrinə, müasirlərinə həsr olunmuş çoxsaylı əsərlər yaradıb. Onun “Köhnə Bakı” silsiləsi XX əsrin əvvəllərini, insanların yaşayış və məişətini əks etdirən ən müfəssəl panoramıdır. Bu silsilədən olan əsərlər böyük uğur qazanır. Bakı və Moskvada keçirilən fərdi sərgilərlə yanaşı, Rzaquliyevin linoqravürləri dünyanın bir çox ölkələrində təşkil olunan qrup sərgilərdə nümayiş etdirilib. Rəssamın sənəti bu gün də təkcə həmvətənləri tərəfindən yüksək qiymətləndirilmir, xaricdən gələn qonaqlar sənətkarın estamplarını həvəslə əldə edirlər. Onlar üçün rəssamın yaratdığı obrazlar və əsərlər Azərbaycan xalqının mədəniyyətini təcəssüm etdirən ən dəyərli nümunələrdir.
Ələkbər Rzaquliyevin əsərləri sərgilənib
Əməkdar rəssam Ələkbər Ələsgər oğlu Rzaquliyevin həyat və yaradıcılığına həsr olunmuş bədii albom Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində on yeddinci nəşridir.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə çərçivəsində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görüb.
Ələkbər Rzaquliyevin əsərləri sərgilənib
Rəssamın əsərlərinin ekspozisiyası noyabr ayının 3-dən başlayaraq Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930