İlk azərbaycanlı qadın rəssam... |MANERA.AZ
[right][/right]
Xalq Rəssamı Maral Rəhmanzadə- 100
Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Tanınmış rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.
1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirir.
1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M.Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur.
Rəssamın “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt–Rustavi” və s. əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş etdirilib.
İstedadlı rəssam öz əsərlərində doğma diyarın misilsiz gözəlliyini – əzəmətli Naxçıvan dağlarını, bol bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.
M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Onun tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. Rəssam qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.
O, kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərmiş, bədii əsərlərə illüstrasiyalar çəkib. Rəssam M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.S.Puşkinin “Yevgeni Onegin” və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların da müəllifidir. O, bir sıra xarici ölkələrdə olub, həmin ölkələrin həyatından silsilə qravüralar yaradıb.
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri açılıb.
“Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.
M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.
Rəssam 2008-ci il martın 18-də vəfat edib.