manera.az
manera.az

Öz ədəbiyyatımızdan yazaq - Günel İmran yazır

📅 30.10.2018 13:22

Öz ədəbiyyatımızdan yazaq - Günel İmran yazır
Son günlər sosial şəbəkədə yazar dostlarımın “hamının kitab oxuması üçün nə edək?” paylaşımları ilə tez-tez qarşılaşıram.

Az-çox kitab oxunursa da, bu tərcümə səviyyəsi bizi çox zaman qane etməyən xarici ədəbiyyat olur. Bəlkə də öz kitablarımızı niyə oxumuruq sualının cavabı oxucunun öz ədəbiyyatımızı yetərincə tanımamağı ilə bağlıdır?!

Oxuduğumuz xarici əsərlər, müəlliflər haqqında esse, köşə yazıları qələmə almaqla yanaşı bir az da öz yazarlarımızın əsərlərini dəyərləndirə bilərik. Nə müəllifi, nə də əsəri şəxsi kontekstdə dostca tərifləməyək, əsəri hər halı ilə təhlil edək. Bəlkə bu həmin imzaya yeni bir oxucu qazandıracaq. Kimsə oxuduğu belə yazılardan sonra öz müəllifini tapacaq. Öz ədəbiyyatımızı özümüz tanıtmalıyıq. Elə bu fikirlərlə də öz ədəbiyyatımızdan yazmaq istədim.

2017-ci ildə oxuduğum və uğurlu hesab etdiyim əsərlərdən biri də Günel Şamilqızının “Div olanda noolar” povesti olmuşdu. Müəllif əsərdə hamımızın bildiyi uşaq nağılına yeni bir məna qatıb. Əsərdə Məlikməmmədin həyatı bizim bir vaxtlar oxuduğumuz uşaq nağılındakı qəhrəmanın həyatına bənzəmir. Bütün çətinliklərlə nağıl kimi olmayan bir həyatdır. Uşaq nağıllarının qorxulu divi, əjdahası isə insan qədər duyğusaldır. Biz böyüdükcə nağıllar da böyüyür.
Öz ədəbiyyatımızdan yazaq - Günel İmran yazır
Povestin qəhrəmanı Məlikməmməd öz qorxuları, zəif cəhətləri, səhvləri ilə üzləşəcək qədər böyüyüb. Əsərdə Məlikməmmədin divlə dialoqları əslində onun öz vicdanın səsidir. Div insanın vicdanına çevrilir. Div insanları tanıdıqdan sonra onları yeməkdən əl çəkir. Div Məlikməmmədə mərhəmət göstərərək onu öldürmür.

Məlikməmməd isə gördüyü gözəlliyin cazibəsi ilə dost dediyi divə xəyanət edir. Nəticədə onu pis adama çevirən gözəlliyin də bir illüziya olduğunu anlayır. Nağıldakı süjetdən fərqli olaraq bu povestdə o, nə əjdahanı, nə də qardaşlarını öldürmür. Yaxşı insan olmağı məhz divdən öyrənir. Div isə insanı, onun zəif cəhətlərini, acizliyini tanıdıcıqca insanlaşır. Dünyanın sonuncu divi üçüncü canını da Məlikməmmədə bağışlayır, özü isə insana çevrilir. Sanki yazar divlə insanın eyni insanda cəmləşdiyini oxucuya çatdırmaq istəyir.

Dostluq, sevgi, xəyanət, mərhəmət, cəsaərət və qorxaqlıq kimi hisslərin bir insanda birləşdiyi ibrətamiz əsərin oxuculara maraqlı olacağına əminəm../sim-sim.az/


Baxış sayı - 1 519 | Yüklənmə tarixi: 30.10.2018 13:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031