Lütfiyar İmanovun xatirəsi anılıb

Oktyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli opera müğənnisi, Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib.
Manera.az xəbər verir ki, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb.
Əməkdar İncəsənət xadimi Zemfira Qafarova çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.
Bildirilib ki, müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. Sənətkarın adı opera səhnəmizdə aparıcı partiyaların mahir ifaçısı kimi həmişəlik həkk olunub.
O, milli musiqinin daha da zənginləşməsi naminə hədsiz sədaqətlə çalışaraq, dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı yolunda istedad və bacarığını əsirgəməmişdir. Yaradıcılığının başlıca qayəsi xalq mənəviyyatına xidmətdən ibarət olan Lütfiyar İmanov ölkəmizin hüdudlarından xeyli uzaqlarda, dünyanın ayrı-ayrı guşələrində mötəbər konsert salonlarındakı çoxsaylı çıxışları ilə Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmiş və ona şöhrət gətirib.
Qeyd edilib ki, görkəmli müğənninin zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örnəkdir. O, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərmiş, ifaçılıq sənəti tarixində toplanmış zəngin təcrübənin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf edib.
Tədbir konsert proqramı ilə davam edib.