manera.az
manera.az

Ayrıldıq hayanda, görüşdük harda - Abbasağa Azərtürkün şeirləri

📅 19.10.2018 19:47

Ayrıldıq hayanda, görüşdük harda - Abbasağa Azərtürkün şeirləri
Manera.az mərhum tanınmış şair Abbasağa Azərtürkün şeirlərini təqdim edir:

BİR BİNADA

Aramızı nə dağ kəsir, nə də dəniz,
Boylanırıq bir ünvanın binasından.
İşə baxın, beş addımlıq dar bir dəhliz,
Sevənləri ayırıb öz dünyasından.

Gözlərimə yuxu getmir sübhə qədər,
Min sevincli şirin çağlar düşür yada;
Dilə gəlir köksümdəki döyüntülər:
Hələ yatma, hələ yatma, yatmır o da.

Həsrət gəlib, vüsal gəlib otağıma,
Yolunda qoy sevinc duyum, qəmə batım.
Elə bil ki, bir səs gəlir qulağıma:
Mən sevirəm, mən sevirəm necə yatım?

Pəncərədən ay da baxır xumar-xumar,
Gözlərinə zilləyirik gözümüzü.
Onun büllur bir güzgüyə bənzəri var,
Sinəsində axtarırıq özümüzü.

Saatlara belə dönür dəqiqələr,
Elə bil ki, vaxt uzanır bilə-bilə.
Ürəyimdən tez-tez qopur bu kəlmələr:
O oyaqdır, o oyaqdır, yatma hələ.

SƏNSİZ

Nə qədər cəhd etdim dərdə qatlaşım,
Zəiflik göstərdim dözümdə sənsiz.
Şənlik zamanı da danışanda mən
Bir kədər duyuldu sözümdə sənsiz.

Düşüncəm yarandı sanki qanaddan,
Mənzilə çatmamış düşmədim atdan.
Mən neçə hikmətlər sordum həyatdan,
Qaldı suallarım gözümdə sənsiz.

Görkəmin önümdə dayanan zaman
Qığılcım töküldü baxışlarımdan.
Yenə bildiyini elədi hicran,
Dil açdı həsrətim üzümdə sənsiz.

Varlığım min kərə alışdı, yandı,
Çoxları eşqimi, hissimi dandı.
Nisgildən qəlbimdə nəğmə yarandı
Gəzdikcə dağımda, düzümdə sənsiz.

Vaxtsız ağarsa da başımın tükü,
Məndə ki, olmadı həyata küsü!
Bəzən üzdü məni həsrətin yükü,
Qalmadı taqətim dizimdə sənsiz.

Səni xəbər aldım yollarda daşdan,
Daş da dilə gəldi: “Qayıt bu başdan!”
Ağladım, gölməçə yarandı yaşdan
Getdikcə saldığım izimdə sənsiz!

O keçən günləri hey anıram mən,
Sən ki, gələcəksən, inanıram mən.
Yollar ayrıcında dayanıram mən,
Qəlbim də kimsəsiz, özüm də sənsiz.

SON GÖRÜŞ

Ayrıldıq hayanda, görüşdük harda,
Nə tez dəyişmisən sən bu yaşında...
Haçansa itirib səni baharda,
Axtarıb tapmışam ömrün qışında.

Bu dərdin, məlalın sıxır qəlbimi,
Eşqimin əvvəlki günəşi hanı?
Yaqut dodaqların solub gül kimi,
Xumar gözlərinin atəşi hanı?

Hanı vurulduğum o boy, o qamət,
Qurbanı olmusan de, hansı dərdin?
Özün qiyamətdin, nazın qiyamət,
Məni sən öldürüb, sən dirildərdin.

Sənindi şeirimin ən odlu sətri,
Birdə din, eşidim həminki səsi.
Hanı saçlarının o gülab ətri,
Hanı qamətinin cilvələnməsi?

Ən zərif çiçəkdin sən çəmənimdə,
Heyrətə salardın güllü gülşəni.
Səni solğun görüb, bildim mənim də
Yorulub eşqimin dəli köhləni!

Vaxt ötür, "əlvida" deyirəm sənə,
Dərdim dözülməzdir, itkim əvəzsiz.
Əzizim, ayrılaq, ayrılaq yenə,
Bir də görüşmərik bu dünyada biz...

ŞEİRİMƏ

Canımda təpərsən, qolumda qolçaq,
Pozulmaz ilqarın, danılmaz andın.
Dünyada güvəncim sən oldun ancaq,
Sən mənə dost tapdın, düşmən qazandın.

Oldun müşkülümə çarələr qılan,
İsindim canıma odun düşəndə.
Atadan-anadan erkən ayrılan,
Yetimə dönürəm sənsizləşəndə.

Həmişə fəhminlə gəlmişəm dilə,
Hərdən soyuqluğun qəddimi əyib.
Mənim varlığımı dananlar belə,
Sənin varlığını dana bilməyib!

Sözə sədaqətim ən ümdə borcum,
Nəğməsiz bir addım yol getməmişəm.
İnsanam, çox olub günahım, suçum,
Tək səni qoşanda səhv etməmişəm.

Sayəndə seçmişəm qaranı ağdan,
Dinmisən, sorağın min yerdən gəlib.
Məni çıxarmısan neçə sınaqdan,
Səsin döyüş günü səngərdən gəlib.

Sıxmayıb toz basmış kitablar səni,
Şeirə biganəlik sözdən ayıbdır!
Yolunda çəkdiyim əzablar səni,
Misri qılınc kimi ovxarlayıbdır!

Ayırma canımı alovdan-oddan,
Tüstüm üfüqlərdə saçını hörsün.
Sən elə boylan ki, Cəlilabaddan,
Bütün Azərbaycan boyunu görsün!

TƏKİ BƏNZƏMƏYİM

Allah vergisidir mənim aləmim,
Onun öz səngəri, öz meydanı var.
Heç kəsin qəminə bənzəmir qəmim,
Mənim dərdlərimin öz nişanı var.

Qılınc tiyəsiyəm mən də bu yurdun,
Paslana bilmərəm küncdə-bucaqda.
Mənim cızdağımı çıxardan odun,
İstisi duyulmaz ayrı ocaqda.

Demirəm, Qılmanam Behişt içində,
Hurilər hüsnünə heyran qalmışam.
Mən yeddi boyanı bir teşt içində
Yoğurub, təzə bir boya almışam.

Birinə yamanam, birinə yaxşı,
Əməlim kimsəyə zaval yetirməz.
Mənim barmağımın heç bir naxışı,
Özgə barmağından sığal götürməz!

Yaradan bilir ki, əhdimdə düzəm,
Büdrəyib çaşmaram sınanan anda.
Qoy hələ qıfıllı qalsın möcüzəm,
Sirrini bildirər mən olmayanda.

Sanma kül altında odum köhnədir,
Canımı yandırıb köz eləmişəm.
Çoxdan tanıdığın adım köhnədir,
Şeirimi-sözümü təzələmişəm.

Məni hər yetənə tay tutma, zalım,
Yoxsa qəbrin dönər daş qalağına.
Qoy necə varamsa, o təhər qalım,
Təki bənzəməyim başqalarına!

EY ÜRƏK

Gah asta vurursan, gah yeyin-yeyin,
Sovuşan anları dəqiq sayırsan.
Ey ürək, dərdini çəkib hər şeyin,
Niyə həzin-həzin sızıldayırsan?!

Fələyin qərarı yoxsa sərt olub,
Taqətdən düşürsən sən gündən-günə?
De, kimin danılan haqqı dərd olub,
Daş kimi çökübdür sənin üstünə!

Məqamı gələndə yan da, yaxıl da,
Titrə budaq kimi, əs yarpaq kimi.
Ey ürək, inci də, küs də, sıxıl da,
Ancaq sınaq günü dayan dağ kimi.

Qıyma ki, mən susum haqsız önündə,
Qoy olsun zirehim qaya vüqarın.
Həmişə ömrümün çətin günündə
Dadıma çatıbdır sənin qərarın.

Sınanmış ustadım sənsən həyatda,
İstəyin dilimin ucunda gəzir.
Ey ürək, tək sənin bayrağın altda
Farağat durmuşam əmrə müntəzir.

Bütün vücudumun sənsən hakimi,
Döyün zaman-zaman xoş arzularla.
Ey ürək, beşikdən məzara kimi
Sadiq bələdçim ol eyni vüqarla!

ELEGİYA

Sən getdin tək qaldım iniltilərlə,
Yoxluğun göynədir sinə dağımı.
Hər gələn axşamla, gələn səhərlə,
Əzizim, dilərəm qayıtmağını.

Bir zərif bayatı, bir həzin layla
Eşitmək istərəm sənin dilindən.
Qayğılar üstümə cumur alayla,
Sıxıntı əl çəkmir bu tifilindən.

Könlümün telləri titrədi, dindi,
Gör necə çox imiş qismətimdə qəm.
Kaş elə yanımda olaydın indi,
Hər qayğın olaydı yarama məlhəm.

Yuxuma girmişdin sən ötən axşam,
Düşündüm - qurtardı yas saxladığım.
Gördüm məzarına qucaq açmışam,
Boynun ki, deyildi qucaqladığım!

Mənim bu həsrərim, qəmim, sızıltım
Çəkib ürəyimə çal-çarpaz bir dağ.
Üşüdüm, gözümdə söndü qığılcım,
Anamsız dünyada soyuqluğa bax!...

AY HARAY!

Aman bu dünyanın dönük üzündən,
Onun hər hökmünün min yozanı var.
Asılı qalmışıq qıl körpüsündən,
Körpünün altında qır qazanı var!

Qovuşub qaranlıq, itib cığır, iz,
Dövran amansızdır, düşmənlər çuğul.
Cənnətlə cəhənnəm arasında biz
İlişib qalmışıq taleyi məchul.

Dişimiz altında dodaqlarımız,
İçindən göynəyən bizik həyatda.
Nəsil yadigarı torpaqlarımız
Ah çəkir düşmənin ayağı altda!

Boşalır binəmiz, köçür obamız,
Oturub qucmuşuq dizlərimizi.
Keçir ocağımız, sönür sobamız,
Tüstüsü çıxardır gözlərimizi!

Dağdır sinəmizdə Qarabağ bizim,
Yaman nigaranıq sabahımızdan.
Deyirəm, haçansa bu torpaq bizim
Yəni keçəcəkmi günahımızdan?!

Dinclikdən savayı şey diləmədik,
Görəsən qansızlar bunu qandını?
Torpağı əksək də, hifz eləmədik,
Dədəmiz Qorqudun qəbri yandımı?!

Düşmən ürəklənir quş hürkümüzdən,
Lələyi tökülür qanadımızın.
Budaqlar kəsilir soykökümüzdən,
Tifağı dağılır əcdadımızın!

Bizdən yaman dönüb üzü dövranın,
Yurda tufan düşüb, sular bulanıb.
Ay haray, yaralı Azərbaycanın
Boynuna qapqara ilan dolanıb!

MƏCNUN OLMAYIB

Payızdır, qalmayıb budaqda yarpaq,
Bağların qucağı eyzən xəzəldir.
Allah, Lənkəranda gözəllərə bax,
Lənkəran qızları yaman gözəldir.

Burda gözəllərin nə şux qəddi var,
Sevməz gözəlliyi gül biganəsi!
Torpağın üstündə payız xətti var,
Qızların üzündə gül nişanəsi!

Vurğun gözlərimin yoxdur günahı,
Elə bil hər tərəf zərdir, gövhərdir.
Lənkəran gözəli - gözəllər şahı,
Lənkəran ləhçəsi baldır, şəkərdir!

Hər gözəl gözümdə bir nişan qoyub,
Biri kirpiyindən, biri qaşından.
Onların yolunda Həzi can qoyub,
Baloğlan döyüşdə keçib başından!

Burda gözəl gördüm baxıb hər yana,
Çiçək duyğularım hələ solmayıb.
Nə deyim, nə deyim Şəkər Aslana,
Leylilər içində Məcnun olmayıb!

ANAMIN GÖZLƏRİ

Mən düşsəm bir dərdə
Yaş tökər;
Mən olsam səfərdə
Yol çəkər -
Anamın gözləri.
Nərgizdir təzə-tər
Çəməndə;
Başıma gül səpər
Güləndə
Anamın gözləri.
Gözümə bəxş edib
Çoxlu nur;
Qəlbimə nəqş edib
Bir qürur
Anamın gözləri.
Tez məhəl qoyandır
Hər işə;
Üstümdə hayandır
Həmişə
Anamın gözləri!

SEVƏCƏYƏM

Neçə il əhdinə bel bağlamışam,
Səni küləklərdən soraqlamışam.
Sənsiz gizli-gizli çox ağlamışam
Hıçqırıq köksümü dələnə kimi.

Səni düşünmüşəm getsəm də hara,
Düşəndə çətinə, düşəndə dara.
Ömrümə-günümə demişəm qara
Taleyim üzümə gülənə kimi.

Aldım sorağını yaddan, uzaqdan,
Hərə bir söz dedi haqdan-nahaqdan.
Həsrət yollarında düşdüm ayaqdan
Qayıdıb yanına gələnə kimi.

Yolunda keçmişəm neçə ilimdən,
Adın düşməyibdir bir an dilimdən.
Səadət quş təki uçdu əlimdən
Yadın olduğunu bilənə kimi.

Qəlbimdən daş kimi asıldı qəhər,
Qoy sənə söyləsin hamı bəxtəvər,
İlk dəfə sevmişəm səni nə təhər,
Elə sevəcəyəm ölənə kimi!

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 2 417 | Yüklənmə tarixi: 19.10.2018 19:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031