manera.az
manera.az

Düzələcək, darıxma - Əli Əsgərin şeirləri

Düzələcək, darıxma - Əli Əsgərin şeirləri
Manera.az Əli Əsgərin şeirlərini təqdim edir:

Bir ovuc suda boğulmalıyam

Mən-
tərk edilənlərin lokomotiviyəm
Arxamca bir planetlik adam çəkirəm
Ən böyüyünün 70,
Ən kiçiyinin 7 yaşı var
Birinin sinəsində sovet ordeni
Birinin aprel döyüşlərində ölən qardaşı var
Biri uşaqlar evində düşəcək,
biri qocalar evində
Mən də tunele çathaçatda qışqırıram:
"Qaranlığı sevin də"

Bütün xoşbəxtliklər,
Reyslərin üzərində intihara hazırlaşır
Görmədiyimiz adamları əzmək ağır olur
Necə ki, dənizdə boğulanlar ağırlaşır

İntihar edən dostumdan bilirəm
Qucağıma sığacaq bədəninə
Qucaqlaşıb ağlayanların gözyaşları yığılmışdı
Məni bir qaşıq suda boğan yoxluğu,
Var olduğunu xatırlatmaq üçün, boğulmuşdu

Bax, mən də boğulacağam
Bir ovuc suda
Məni balıqlar yeyəndə intiqamını alacaq
Burnuma bəh-bəhlə çəkdiyim,
Qızardılmış balıq qoxusu da.

Dostum sevgisizlikdən getdi
Ümumiyyətlə canlılar sevgisiz yaşamırlar
Hətta boğulduğumuz dənizdə də
Qayalarla eşq yaşayır mamırlar

İntiharla düşmənçilik edir
Əsrlərdir ki, əcəl
Şəkilinə baxıb, qulağına pıçıldayıram
Gəəəl

Dəlilik kağızı

Əgər torpaq bətin olsa
Qiyamətdən əlamətdi, qəbullan
Nə qədər də, çətin olsa
Bir gün ölülər qəbrlərdən ayrılacaqsa
Bütün insanlar əkiz olacaqsa
Bizim əkiz olmağımız alınmasın,
birimiz abort olaq

De; Şəhid anaları ağlayıb, sınmasın
Ayaqlarının altı
torpaq ilə cənnəti bölüşürsə
Şəhidlər də, ölüb cənnətə düşürsə
Demək heç vaxt ayrılmayacaqlar
Onların yerinə biz ayrılaq

Körpələrin ilk yelləncəyidisə,
qucaqlar
Qollar əyləncə düşərgəsidisə
Görüşlər xoşbəxtlik cərgəsidisə
Görüşəndə qucaqlaşmağı yaddan çıxartmayaq
Düşərgədə əylənib, cərgədə qalaq

Səndən sonra nasazlaşıb
Qucaqlandığın qollar,
Görüş üçün sürət həddini keçən bir cüt ayaq
Sənə aparmır qarnizonlu yollar
Sol tərəfdən kimsə məni izləyir
Bütün sağ tərəflərim səni gözləyir
Kor olan göz, buraxılan əl, tutulan qulaq

Məlikə dördüncü şeir

Əllərin çiyinlərimdə
Yük deyildi mələk idi
Sən əslində güzgü idin mənim üçün
Amma başqaları üçün Məlik idin

Bizim şeirlərimiz
Nə yaddaşlarda
Nə kitablarda yerini aldı
Onlar elə çayı dəmsiz,
Bir daşı əskik "domino"su olan
Çay evinin divarlarında qaldı
Çayı gətirən dayı da deyirdi ki;
Elə sizsiz çay alan

Həmişə bu kədərdən sonra
Məkanı dəyişməyə utanırdıq, yadında?
Dayı pul qazanırdı
Biz də onun güvənini qazanırdıq, yadında?

Gəncliyimizi Gənclik metrosunun çıxışında yaşıyırdıq
Ən soyuqqanlı halımızı bakının günəşində
Ən quru hisslərimizi yağışında yaşıyırdıq

Yoxsan, dilim sənə haqq qazandırır
Gör ürəyim bağışlayır?
Heç vaxt bağışlamayacaq
Suda boğulmağın adamı yandırır

Bir də bunu deyim:
Metrodakı aclar da yeməyə başlayır
Sənin istədiyin dövr başlamayacaq.

Düzələcək, darıxma.

İndi sənin dərdlərini
Anlayıram özün kimi
Ağrayıram.
Əzilən dizin kimi.

Düzələcək, darıxma
Üzümüzdən bilinəcək
Təbəssümlə xoşbəxtliyin tandemi
Bir gün çölə atacağıq
Evimizdəki süni xrizantemi

Artıq susmaq istəyirəm
Bu günəcən danışmışam, hər şeyi
Ömrüm boyu istəmişəm
Güllələnib ölməyi
Amma bircə silah səndə olmasın
Qurban olum, keçmişini danışma
Gözlərim yorulmasın.

Bilsən mənim ürəyimdə nələr var
Lap xoşuma gələrsən
Sənə hər bir çətinliyi mənlə yaşa demirəm.
Qorxuram ki, ölərsən

Heç olmasa sən getmə
Bütün yaxşı adamlar çıxıb getdi
Qatar- qatar, əzizim
Dildən çıxan sözlərimi eşitmə
Ürəyimi dinləmək üçün
Boyun çatar, əzizim.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031