Biz qocaltdıq anaları... - ŞEİRLƏR | MANERA.AZ
![]()
manera.azCavidan Mirzəzadə
Biz qocaltdıq anaları...
Min yaşasa yenə azdı
Zalım fələk yaman yazdı..
Analar heç qocalmazdı,
Biz qocaltdıq anaları...
Yaz ömrünə yel tək əsdik
O ləngidi biz tələsdik
Gəncliyini qurban kəsdik
Biz qocaltdıq anaları
Onu səcdəgah eylədik
Onsuz hər gün ah eylədik
Nə böyük günah eylədik
Biz qocaltdıq anaları
Saça düşdü iz yaşından
Xəbər verdi yüz yaşından
Rəhm etmədik, öz yaşından
Tez qocaltdıq anaları...
Analar heç qocalmazdı,
Biz qocaldıq anaları...
Bir qaşıq su...
Nəfəs alveridir yaşamaq elə
Bu dünya bazardır - qəfəs içində
Ən yaxşı tacir də uduzar sonda
Boğular sonuncu nəfəs içində...
Allahın suyu da düşməndir bizə
Bir qaşıq suda da boğulur insan
Cəsədi qəbrinə çatana qədər
Hardasa yenidən doğulur insan...
Sudur bu dünyanın əvvəli, sonu
İnsanın qanı su, göz yaşı sudur
Əsası sudursa insan beyninin
Demək ki, insanın yaddaşı sudur
Sudan yaranmışıq, suya gedirik
Yaman qorxuludur bu yol, bu cıdır
İnsan var susuzluq alır canını
Onun da arzusu bir qaşıq sudur,
Sən ayaq uzatma dünyayla, adam
İnsanın Allaha ayağı çatmaz
Ağlama, Allahın olduğu yerə
Nə dua yetişməz, nə ağı çatmaz...
Boyun əy həyatın hər buyruğuna
O desə vur öldür, öldürəcəksən
Üsyan eyləməklə sadəcə, adam
Allahı özünə güldürəcəksən...
Allahla Allahllıq eyləmə qəti
Yaşa yazılanı, köləlik budur
Üzünə tüpürsün. Dinmə, danışma
Onsuz, tüpürcək də bir qaşıq sudur
Bir qaşıq su kimi bitəcək ömrün
Bələkdən kəfənə yoldu bu ömür
Bəlkə bir ümmanı gəzdirdi, amma
Bir qaşıq su ilə doldu bu ömür
Heç kimə əlvida söyləmə adam
Nə vaxtsa yenidən doğulacaqsan...
Gələcək ömründə sən bir adam yox
Bəlkə də bir qaşıq su olacaqsan...