manera.az
manera.az

Çiyələk qoxulu qırmızı külək - ŞEİRLƏR

📅 30.07.2018 16:19

Çiyələk qoxulu qırmızı külək - ŞEİRLƏR
Manera.az Ülvi Bahadırın şeirlərini təqdim edir:

QIRMIZI YUXU…

Başımız üstündə qırmızı bulud,
qırmızı-qırmızı baxır bizlərə…
çiyələk qoxulu qırmızı külək…
…sevgimi paylayır sevgisizlərə?…

Qırmızı yarpaqlar bəzəyir yeri…
…gedir sonsuzluğa bir qırmızı yol…
Qırmızı yanaqlı bir qız oxuyur
“Mən səndən küssəm də sən yanımda ol”…

Qırmızı bir qarğa neçə saatdır
üzümə durubdu qızıl qırmızı…
Qırmızı sahildə oğlan nə vaxtdır…
…qırmızı dodağa qalıb tamarzı…

Qırmızı Ay çıxır qaranlıqlardan…
səssizlik mahnısı zümzümə edir.
“Bir cavan oğlanın nəmli qisməti…
…bir qızın qızarmış qismətindədir.”…

Qulaq as…qulaq as qırmızı ruhum
Daha burda qalma sonsuzluğa uç…
-A bala qan yuyub aparır səni
-Alo
-Alo…103?…

SƏNİN DƏRDİN...

Sənin dərdin dərd deyil
yoxsa çəkə bilməzdin.
Bu boyda bədbəxtliyi
təm-tək sökə bilməzdin...

Sən nə bilirsən dərd nədi
saçların tumar içində...
Nə bilirsən buludların
köksünün nə var içində?..

İndi sənin dərd yerinə
balaca,ağ pişiyin var...
Əşşşi...
Bir də görürsən adamlar
heç pişik qədər olmurlar.

Sənin dərdin dərd olsa
dağlar nəyə lazımdı?..
Sənin üçün göz yaşı
sevinməyə lazımdı...

Sənin dərdin yuxudu
qorxma,oyanacaqsan.
Ayılıb görəcəksən ki
otaqsan,yataqsan...sağsan.

Durub...baxıb pəncərədən
Gözlərinlə...
...buludları tutacaqsan...
Dünyanın kədərindən içib...
qəmindən yeyib...
ölüsünü-sağını söyüb...
sonra uslufca yatağa uzanıb
təzədən yatacaqsan..

Bir azca da qalsaydın
pəncərənin önündə...
Bir azca da baxsaydın
o alaca səmaya...

Görəcəkdin ki...
Sənin dərdin buludda
Sənin dərdin küləkdə.
Sənin dərdin ümiddi
ölür özgə ürəkdə...

YOL AYRICINDA...

Allaha nə deyim,nə deyim,allah?..
əlini də ağdan qaraya vurmur..
Gəzdirir əlini kül bədənimdə...
yaram oradadı...oraya vurmur...

Əsəbi ulduzdum...Göy kürəsindən
...yanıb-tökülmüşəm Yer kürəsinə...
Torpağın bağrından çıxır buxarım
yaşayarcasına...ölərcəsinə...

Vaxtında səmaya çox üz vermişəm
indi bir yağışlıq sözümə baxmır...
Torpaq da nə yaman sevirmiş məni
bir yol qucaq açıb...tutub...buraxmır.

Ay torpaq,mən qədər çirki neynirsən?..
burax,çıxım gedim öz xarabama...
Demirəm ki,hər gün gəlib-gedəcəm
arada gözucu baxacam amma...

Məni tanımırsan,bilmirsən,məndə...
...yarasa qulağı,it nəfisi var
Yolsuz bir adamın ayaq izləri...
Ümidsiz bir qəlbin közərtisi var...

Xəyalından ötə bir addım atmaq...
...söylə görüm,kimin başına gəlib?
Biryolluq tərk edib bədin evini
...ömürlük qonaq tək xoşuna gəlib?

Kövrəldə bilmirəm çılğın buludu
bir az sakitləşə...bir az ağlaya...
Bir az da taleyin gözündən tutub
araz sakitləşə...araz ağlaya...

Bəlkə bir sözün var,denən,utanma
bir də gördün,evə dönürəm sabah
Bu torpaq bezəndə...bu göy alanda
allaha nə deyim... nə deyim,allah?..

GÖZLƏMƏK...

Sualsız cavablar astanasında
Gözləyir gözlərim gözünü geyib.
Sən gedəndən sonra zəvvar əllərim
Üzünnən üzümə hicrət eləyib.

Bilirəm,arada qalmaq çətindi...
Arxanda kor bulud,önündə külək.
Sinəmdən bir ovuc ürək götürüb
Harda mənsiz olsan,ora bir kül ək.

Kim kimsiz yaşayır,kim kimsiz ölür
Kim kimdən ayrılır bir ayrılıqla?..
Ayrı yataqlarda..eyni taledə
bir yastığa baş qoyur ayrılıqlar...

Ayrılıq acısı zamanla keçir...
Vay o gündən,səndən zaman ayrıla
Tanrıdan yapışan bir körpə damla
Harda qırıla...qırıla...qırıla...

Bu yol kimin yolu...bu izlər kimin?
Ayağım böyüyüb...izim kiçilib
Tüstüm də qurtarıb...obam da köçüb
Ürəyim soyuyub...gözüm açılıb.

Nə vaxtdı yaralı canavar kimi
Ürəyim dişimdə gəzirəm indi...
Od-ocaq ağzımla...qor ürəyimlə
Nadürüst dilimi əzirəm indi...

Getdiyin yolu da bilmirəm,axı
harada yaşayım...harada ölüm?..
Düz üzü yarama bir yol nəfəs al
Sənsiz günlərimin ağrısın alım...

GECƏ DUASI

Küçəsində it ulayan
Bir yetim, əyyaş şəhərəm.
Gözlərimə sovurduğun
Külümü tapa bilmirəm.

Bəzən insan çəkinir
Alnıaçıq gəzməkdən.
Qorxur ki,oğurlayarlar
Alın yazısını da...

Olur ki, gələcəyin də
Keçmişinin tulasıdı.
Saçlarını tumarlayan
Bir kor pişik balasıdı.

Gündüz eyni, gecə eyni...
Otaq eyni, yataq eyni...
Eyni... eyni...
Qucaq eyni...

Bölük-bölük...
Xıncım-xıncım...
Sönük-sönük...
Bəzən çarəsiz xəstəlik olur
Təsadüfsüzlük...

Sonsuz durna qatarında
Gözündən vurulan durna
Uğursuz qəhrəman kimi
Düşdü Tanrının toruna.

Bəzən istəsən də bilməzsən
O gülüş...
Ölümdü ya qalımdı?
Ona görə də gülməzsən.

Hardan biləsən ki,
Unutmaq üçün doğulmamaq lazımdı.
Tanrıdan bir öpüş alıb
Doğulasan dan yerində...

GÖZLƏYİŞ...


Sənli xatirələr boz otağımda
çırpırlar divardan-divara məni.
Qonşular evimə səsə gəlirlər
sanırlar tufeyli,avara məni.

İndi bu dünyada yaşamır heç kim,
Kimsəsiz dünyada mənim nə işim?...
Yenə laqeyddi xain keçmişim,
Qoyubdu büsbütün qumara məni.

Həsrətin qəzəbli-min oddan çıxıb,
Qürurum alçaqdı-aradan çıxıb,
İndi gözləyirəm,bir adam çıxıb
təzədən Allaha yalvara məni.

BİR DAMLA ZAMAN...

Gecə qaranlığına çəkilib ağlayır..
Qaranlıq zülmətinə çəkilib...qulaqlarını bağlayıb sonsuzluğa...
Sənin göz yaşlarını görməsin deyə...

İndicə bir ac pişik
ərzaq mağazasının yanında pəncələrinə sığınıb...
quyruğu kəsilən it
sahibinin dalıyla qaçmır indi...
sənin göz yaşlarını görməsin deyə...

Hardasa...hansısa göldə...
balıqlar daha sürətlə üzür...
Hardasa...hansısa meşəlikdə....
dovşanlar daha sürətlə qaçır...
sənin göz yaşlarını görməsinlər deyə...

Neçə gündü bütün evlərdə...
saatlar tələsir zamansızlığa...
Neçə gündü bütün minarələrdə...
azanlar gecikir məkansızlığa...
sənin göz yaşlarını görməsinlər deyə...

Əsrlərdi boz dağlara ...
nə qar yağır,nə yağış...
Alma budağındakı sərçə balalarının üstünə
düşmür bir dənə yağış...
sənin göz yaşlarını görməsin deyə...

Oğrular soymurlar yaşlı qadınları...
minillərdi sındırılmır aynalar...
Analar atmırlar övladlarını...
...yalqız yetimxana künclərinə...
Sənin göz yaşlarını görməsinlər deyə...

Həbsxanalar boşalıb...
Polislər azalıb neon şəhərlərdə...
Arada vəhşilər də...
Anonim küçələrin kimsəsiz tinlərinə toplanıb kövrəlir hərdən
Sənin göz yaşlarını görməsinlər deyə...

Soyuqluqdan bezdiyinə...
Məsumluğu əzdiyinə...
Yanlış yollarda gəzdiyinə görə...
Yıxıldı sonsuz peşmanlığa...
Düşdü əbədi ümidsizliyə...
...və tanrı cəhənnəmi yaratdı...
Sənin göz yaşlarını görməsin deyə...

İsmayıllı


Baxış sayı - 1 996 | Yüklənmə tarixi: 30.07.2018 16:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031