manera.az
manera.az

Bütün darıxanlar uçmaq istəyir - Şeirlər

📅 08.12.2017 18:23

Bütün darıxanlar uçmaq istəyir - Şeirlər
Manera.az gənc şair Rəvan Cavidin yeni şeirlərini təqdim edir:

Balıq adamlar

Dənizin də altı torpaq olur, əzizim,
göyün altı torpaq olan kimi.
Yəni ölür hər şey,
balıqları deyirəm-
nə qədər də biz!
Tilovların ucu ölüm bəzəklidi!
Adamlar kimi olur balıqlar,
dənizin üstünə yağış yağanda
dənizin altında balıqlar ağlayır,
adamın yasını adamlar,
həyatın yasını Allah özü saxlayır.
Lal doğulur balıqlar,
lal yaşayır adamlar,
dənizdən atılanda ölür balıqlar,
dənizə atılanda ölür adamlar.
Azadlığa lal olanlar
tilovun ucuna uduzur, əzizim,
bütün kasıblar kimi.
Bütün kasıbların da arzusudur xoşbəxtlik!

Dodaq boyası

Dodaq boyası kimi şeirlər dodağında,
vərəqləri öp tulla evin künc-bucağına,
gəlim bir-bir toplayım səhərin sübh çağında,
sənə şeir oxuyum uzanıb qucağına.

Dodaq boyası kimi şeirlər dodağında,
şeir öpüşlərinlə boynumun vərəq yeri
cızma-qırmızı olsun,
boynumdan, köynəyimdən oxusunlar şeiri.

Sən hər gün şeir oxu, dodaq boyası çək hər gün,
şeir istəsəm birdən, gəl, dodağından öpüm.



***
Qağayılar dənizin uçmaq arzusu,
arzular sevginin gözləmək halı,
gözləmək darıxmağın ətalət halı.
Bütün darıxanlar uçmaq istəyir.
Nifrət unutmağa qoymur adamı,
deyim yadında qalsın,
çaxır nifrətin qıcqırmış halı,
unutmamaq üçün ,
darıxanlar içmək istəyir.
Ümidlərdən sonra gəlir xoşbəxtlik,
ümidlər də sonda ölür axı,
tələsirlər xoşbəxt olmağa,
darıxanlar ölüm-ölüm içir,
darıxanlar burdan köçmək istəyir.
Bütün darıxanlar mənə bənzəyir.


Baxış sayı - 2 398 | Yüklənmə tarixi: 08.12.2017 18:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031