manera.az
manera.az

Xatirə içində xatirəyəm mən - YENİ İMZA

📅 01.12.2017 22:22

Xatirə içində xatirəyəm mən - YENİ İMZA
Manera.az yeni imza Elvin Nurinin şeirlərini təqdim edir:

"KAŞ"DAN SAVAYI...

Ay fələk, özünü öymə bu qədər,
Bəxtimə nə verdin qışdan savayı?
Çox gördün gülüşü, sevinci mənə,
Gözümə nə verdim yaşdan savayı?

Ömrümə kədərmi dilədiyin, de ?!
Hicranmı eşqimi bələdiyin, de ?!
Başıma nə oldu ələdiyin, de,
Sən Allah, bir qara daşdan savayı ?!

Mənim taleyimdə fəğan qopardın,
Qasırğa, fırtına, tufan qopardın,
Xırmandan dənimi yolub apardın,
Mənə nə qaldı ki, xışdan savayı ?!

Üstümə kürk edib geyim dərdimi,
Qoyub qabağıma yeyim dərdimi,
Gərək mən bülbülə deyim dərdimi,
Kim məni anlar ki, quşdan savayı?!

O gül bir də bitməz dərəndən sonra,
Quruyar yollara sərəndən sonra,
İlləri hədərə verəndən sonra,
Bizə nə qalır ki, "kaş"dan savayı ?!..

QÜRUB ÇAĞIMI ?..

Niyə məhəbbətin rəngi saralır,
Bizim sevgimizin qürub çağımı?
Zülmətə qərq olub, könlüm qaralır,
Mənə yaşadırsan ayrılığımı?

Bu necə sevgidir, necə məhəbbət,
Vüsalı həsrəttək görünür gözə.
Hardan rast gəldi ki, nisgilli qismət,
Necə alışmışdıq bir-birimizə...

Elə alışdıq ki, yandırdıq eşqi,
Bacarsan, ey sevgi, suçumuzdan keç.
Bəlkə, yalan deyib, qandırdıq eşqi,
Bizim adımıza gəlməmişdi heç.

Gəldi, qonaq kimi qaldı ürəkdə,
Bizimçün bu yalan uğurlu gündür.
Özgəyə aidmiş, demə, gerçəkdə,
Yalnışın anlayıb, geriyə döndü...

Məhəbbət ömrümə qənim kəsildi,
Aydın gündüzümü eylədi gecə.
Bizim alnımızdan vüsalı sildi,
Biz də yana-yana qaldıq beləcə...

Mən elə bildim ki, dadıma yetdi,
Sən demə, çevrildi əzazil şaha.
Ötərgi göstərib özünü, getdi,
Çıxmaz taleyimə günəş bir daha.

Zülmətə qərq olub, könlüm qaralır,
Mənə bəxş edirsən ayrılığımı?
Niyə məhəbbətin rəngi saralır,
Yoxsa sevgimizin qürub çağımı?..

"SEVGİMİZİN XƏTRİ QALIB..."

Təbiətə gəlsə də yaz,
Bəxtimdə qış ətri qalıb.
Əllərimdə, başım üstə
Bu sevginin çətri qalıb.

Ruhuma qəm olub axma,
Gəl, sən mənə kinlə baxma,
Zülm etmərəm sənə, qorxma,
Sevgimizin xətri qalıb.

Röyam qalıb yozulası,
Qəhərim var pozulası,
Bir şairin yazılası
Hələ neçə sətri qalıb.


Baxış sayı - 1 977 | Yüklənmə tarixi: 01.12.2017 22:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031