manera.az
manera.az

“525-ci qəzet”in 25 yaşı tamam olur

📅 17.11.2017 00:00

“525-ci qəzet”in 25 yaşı tamam olur
17 noyabr çağdaş Azərbaycan mətbuatının liderlərindən biri, hazırda ziyalıların görüş yerinə çevrilən, ciddi təfəkkürlərin əsas tribunası olan “525-ci qəzet”in 25 yaşı tamam olur.

1992-ci ilin bu günündə - ağır dövrdə başda Rəşad Məcid olmaqla bir qrup gənc jurnalist tərəfindən əsası qoyulan qəzet sonradan jurnalistika məktəbinə çevrildi. Yüzlərlə jurnalist bu qəzetin şinelindən çıxdı. Hazırda onların özləri əsas media simaları sırasındadırlar.

“525-ci qəzet”in 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilib.

Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alıb.

Həmçinin, ölkənin bir çox dəyərli ziyalıları mətublarla qəzetin yubileyini təbrik edib.

MANERA.AZ həmin kitab layihəsi əsasında hazırlanan yazılar və göndərilən təbrik məktublarından istifadə etməklə, 25 yaşlı qəzetə, baş redaktoru Rəşad Məcid, redaktor və müxbir heyətinə təbriklərini çatdırır:


Elçin (Baş nazirin müavini, Xalq yazıçısı) - “525-ci qəzet” qarmaqarışıqlıq dövründə çıxan ilk nömrəsindən başlayaraq Azərbaycan ədəbiyyatına, ümumiyyətlə, mədəniyyətimizə, ictimai fikrimizə göstərdiyi xidmətlərə görə, onun 25 illik yubileyi, elə bilirəm ki, mənəvi dünyamızın bütün bu sahələri üçün də əlamətdar bir hadisədir.

Mətbuatımız sovet ideoloji çərçivələrindən azad olduqdan sonra Azərbaycan mətbuat tarixindən, milli jurnalistika ənənələrimizdən, hətta sadəcə olaraq mətbuatın və jurnalistikanın mahiyyətindən xəbəri olmayan adamlar belə, qəzet nəşr etməyə başladılar və çap etdikləri şayiələrlə, çayxana söhbətləriylə, bəzən açıq-aşkar böhtanlarla, “şok xəbərlərlə” sarı mətbuat ajiotajı yaratdılar.
Belə bir vaxtda “525-ci qəzet” müstəqil Azərbaycan quruculuğunun ciddi və aktual problemlərini işıqlandırmaqla, 70 illik fasilədən sonra, dediyim həmin mətbuat ənənələrinin unudulmadığını göstərdi, bu ənənələri davam etdirdi.

“525-ci qəzet” ictimai-siyasi qəzetdir, ancaq ədəbiyyat mövzusu (və ədəbiyyatın maraqları!) onun ən prioritet mövzularından biridir və o vaxt ki, bir çox mətbuat orqanlarında dərc olunan naşı və avam müəlliflərin “bədii”, eləcə də “tənqidi” yazıları bədii-estetik zövqü korşaldırdı, “525-ci qəzet” özünün professional müəlliflər aktivini yaratmağa nail oldu, istedadlı gəncləri özünə cəlb etdi, bədii ədəbiyyatla, onun problemləri ilə bağlı vacib bir tribunaya çevrildi, bununla da son 25 ildə ədəbiyyatımızın inkişafında əhəmiyyətli rol oynadı.

Mənim yazı-pozu işlərimdə də “525-ci qəzet”in xüsusi yeri var.
Bu 25 ildə mənim yazdığım hekayə və povestlərin demək olar ki, hamısı (!) Azərbaycan dilində ilk dəfə “525-ci qəzet”də dərc olunub, eləcə də məqalələrimin, prinsipial hesab etdiyim müsahibələrimin bir çoxu “525-ci qəzet”də çap edilib.

O vaxt ki, o qəzetcikdə-bu qəzetcikdə mənim haqqımda bəsit, səviyyəsiz qeybət və dedi-qodular, bəzən isə nadan yazılar, ağ yalanlar yazılırdı (inersiya ilə hələ də adda-budda davam edir), “525-ci qəzet” onlara ən yaxşı cavabı mənim hekayələrimi, məqalələrimi dərc etməklə verirdi. Mən həmişə bunu demişəm ki, əgər mənim yaradıcılığım avam dedi-qodusuna davam gətirməyəcəksə, onda yaxşı edirlər bu işlə məşğul olurlar. Onlara ən tutarlı cavab - əsərdir.
Bu 25 ildə bizim Mirzə Fətəli, yaxud Sabir, yaxud da Mirzə Cəlil kimi klassiklərimiz səriştəsiz və primitiv tənqidə məruz qalanda “525-ci qəzet”in obyektiv mövqeyi bu qələm sahiblərinin effektli müdafiəsinə qalxıb.

“525-ci qəzet” sovet dövrü ədəbiyyatımıza, bu ədəbiyyatın (və yazıçıların!) keçdiyi keşməkeşli sənət yoluna, məruz qaldıqları böyük faciələrə və eyni zamanda, elə həmin dövrdə qazanılmış böyük də uğurlara həmişə obyektiv yanaşıb və obyektiv qiymət verib.
Bütün bu dediklərimin ilkin səbəbi, əlbəttə, bu qəzeti yaradan amal, zövq və səriştədir.
O zaman ki, az-çox bacarığı və imkanı olan adamların çoxu restoran açmağa, şadlıq evi tikməyə, biznesin başqa sahələrinə əl atmağa çalışırdı, Rəşad Məcid “525-ci qəzet”i yaratdı və bu “yaratdı” ifadəsini mən təsadüfi yazmıram, çünki məhz həmin amal, zövq və səriştə qısa vaxt ərzində bu qəzeti çox az saylı əsas (və nüfuzlu!) mətbuat orqanlarından biri etdi.
O amal, zövq və səriştə “525-ci qəzet”in ən ağır sınaqlardan çıxmasında ona dayaq oldu.
Və mən buna şübhə etmirəm ki, “525-ci qəzet” qarşıda hələ çox yubileyləri bu cür açıq alın və sanballa qarşılayacaq”.

Əbülfəs Qarayev- (Mədəniyyət və turizm naziri) - "Hörmətli Rəşad müəllim,

Azərbaycanın müasir mətbu fikir tarixində və ictimai-mədəni həyatında mühüm yerə və nüfuza malik “525-ci qəzet”in 25 illik yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi qəlbdən təbrik edirəm.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuata diqqət və qayğısı sayəsində bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır.
Təxminən ölkəmizin müstəqilliyi ilə yaşıd olan “525-ci qəzet” nəşrə başladığı ilk gündən Azərbaycan həqiqətlərinin obyektiv və peşəkarlıqla təqdim etmiş, ictimai-siyasi və mədəni proseslərdə fəal iştirak edərək milli mətbuat salnaməmizdə özünəməxsus mövqe qazanmışdır.
Mədəniyyət və Turizm Nazirliyi olaraq ötən müddətdə respublikamızın mədəni həyatında, eləcə də turizm sənayesində baş verən hər bir əhəmiyyətli hadisənin “525-ci qəzet”in səhifələrində əksini tapmasını, bütövlükdə nazirliyin fəaliyyətinə həssas və obyektiv münasibətini yüksək qiymətləndiririk. Bu mənada son illər paytaxt Bakıda və bölgələrimizdə uğurla gerçəkləşən beynəlxalq mədəniyyət və turizm tədbirlərinin qəzetdə dolğun şəkildə işıqlandırılması təqdirəlayiqdir.

İnanırıq ki, tarixi ənənələrini qoruyub saxlayan “525-ci qəzet” bundan sonra da ilk gündən müəyyən etdiyi azərbaycançılıq xəttini uğurla davam etdirərək öz oxucu auditoriyasını daha da genişləndirəcəkdir.

Hörmətli Rəşad müəllim,

Bir daha əlamətdar yubiley münasibətilə Sizi və “525-ci qəzet”in kollektivini ürəkdən təbrik edir,
hər kəsə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər arzulayıram.

Misir Mərdanov – (sabiq təhsil naziri, professor)- Ziyalıların görüş yeri olan, hamımızın həvəslə oxuduğumuz mətbu orqanın, “525-ci qəzet”in 25 illik yubileyi ərəfəsində düşüncələrim məni çox-çox illər öncəyə apardı.

Ölkəmiz müstəqilliyini qazanandan sonra çoxlu sayda qəzet, jurnallar meydana gəldi. Təəssüflər olsun ki, söz azadlığını bəzən yanlış anlayan bəzi qələm sahibləri yaranmış şəraitdən mənfi mənada “faydalanmağa”, həqiqətə uyğun olmayan məsələləri yazmağa başladılar. Peşəkar jurnalistikadan xəbərsiz adamlara meydan verilməsi də dövrün ciddi problemlərindən biri idi. Belə bir zamanda bir neçə mətbu orqan oxucularına yalnız həqiqəti çatdırmağı, həm də bunu peşəkar şəkildə etməyi qarşısına məqsəd qoydu. Bu cür qəzetlərdən biri, bəlkə birincisi “525-ci qəzet” idi. Bu qəzet elə o zamanlardan, Bakı Dövlət Universitetində çalışdığım illərdə diqqətimi çəkmişdi. Etiraf etmək lazımdır ki, elə ilk nömrələrindən “525-ci qəzet” təhsil, elm, mədəniyyət ictimaiyyətinin ən çox oxuduğu, inandığı qəzet oldu. Və zaman-zaman bu etimadı, inamı da yüz faiz doğrultdu. Ona görə də bu gün ölkəmizdə söz sahibi olan, öz sahəsində sayılıb-seçilən bir çox ziyalılar bu qəzetə ürəklə “bizim qəzet” deyə bilərlər.

Hələ Bakı Dövlət Universitetinin rektoru olandan təhsilin ictimailəşdirilməsinin mühümlüyünü diqqətə çəkmişəm. Ona görə də 1998-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin böyük etimadı ilə Təhsil naziri təyin edilən kimi bu məsələni önə çəkməyə, təhsil mövzusunu ictimailəşdirməyə çalışdım. Bunun üçün təhsillə bağlı görülən işləri, irəli sürülən layihələri, ictimaiyyət üçün maraqlı ola biləcək məlumatları xalqa çatdıracaq obyektiv qəzetlərə ehtiyacımız var idi. Təəssüflər olsun ki, bilmədiyini yazan, subyektiv fikrini Quran ayəsi kimi təqdim edən, yanlış informasiya ilə oxucuları çaşdıranlar da az deyildi. Ona görə minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, “525-ci qəzet” Azərbaycan təhsilinə sağlam, dürüst münasibətiylə seçildi. Orijinal layihələri, fərqli yanaşmaları, peşəkar yazıları ilə təhsilin ictimailəşdirilməsində xüsusi rol oynadı. Xatırlayıram ki, o zaman debatların, polemikaların dəbə mindiyi bir vaxtda mən Təhsil naziri kimi məhz bu qəzetdə bir layihə çərçivəsində debata razılıq vermiş və məmnuniyyətlə qəzetin redaksiyasına gedib kollektivi ilə yaxından tanış olub layihəsinə qatılmışdım. Sonralar orta məktəblərdə görüşlərimiz, təhsillə bağlı tədbirlərimiz də bu qəzetin səhifələrində reportajlar şəklində yayımlandı. Həmçinin, qələmə aldığım “Azərbaycan təhsil tarixi” çoxcildliyindən də uyğun bildiyim parçaları “525-ci qəzet” vasitəsiylə oxuculara təqdim etmişəm. Bu cür faktları sadaladıqca sadalamaq olar. Təkcə mən yox, bir çox alimlərin, yazarların, qələm adamlarının yazılarına səxavətlə yer ayıran bu qəzet əslində, böyük bir maarifləndirmə missiyasını daşıyır desək, yanılmarıq. Onu da xüsusi qeyd etmək istərdim ki, məhz bu qəzetdə mənim 11-dən çox müsahibəm silsilə şəklində yayımlanıb. Qəzetin yazarı Pərvinə verdiyim ardıcıl müsahibələrdə öz keçmişim, bioqrafiyam, ailəm, elmi və ictimai fəaliyyətim haqqında heç yerdə demədiyim, dilə gətirmədiyim məsələləri danışmışam. Bu səmimiyyətin səbəbi də əlbəttə ki, hər şeydən öncə qəzetə doğma münasibətimlə bağlı olub.

Mənə görə, “525-ci qəzet” ayrıca bir varlıqdır, özünün ideyası olan əsərdir. Bu əsərin artıq 25 ildir ki, öz səviyyəsini, necəliyini, simasını qoruması isə onun yaradıcılarının, müəlliflərinin xidmətidir. Bu mənada baş redaktor Rəşad Məcidin xidmətlərini xüsusi vurğulamalıyam. Uzun illərdir ki, tanıdığım, şəxsiyyətinə, qələminə böyük hörmətlə yanaşdığım Rəşad Məcid milli-mənəvi dəyərlərimizin keşiyində duran ziyalımızdır. Həm öz yaradıcılığı ilə, həm də ən böyük əsəri sayıla biləcək “525-ci qəzet”lə Rəşad Məcid yeni gələn nəsilə örnək ola bilər. Bu mənada istedadlı gənclərə münasibəti, qəzetində onlara xüsusi yer verməsi, onların üzə çıxmasında, inkişafında rol oynaması təsadüfi deyil.

Mənə belə gəlir ki, “525-ci qəzet” haqqında elə onun işıq üzü görən sayları qədər danışmaq mümkündür. Bu mənada yaxın gələcəkdə bu qəzetin elmi araşdırma mövzusu, obyekti olacağına da şübhəm yoxdur. İndilikdə isə mən sadəcə bu qəzeti, Rəşad Məcid başda olmaqla hər bir əməkdaşı bu gözəl yubiley münasibətiylə səmimi qəlbdən təbrik edirəm. Qəzetə uzun ömür, əməkdaşlarına yeni-yeni yaradıcılıq uğurları diləyirəm.


İsa HƏBİBBƏYLİ-(Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,akademik)-“525-ci qəzet” Azərbaycan mətbuatının çoxüslublu qəzetidir. Bu qəzet müstəqil yaradıcı düşüncənin sərbəst ifadəsinə geniş meydan açır. Bu qəzetdə siyasi, elmi və bədii publisistikanın bütün janrlarında və üslublarında səviyyəli yazılar oxumaq mümkündür. Hətta mən deyərdim ki, müasir jurnalistikada bir çox mətbu formalar “525-ci qəzet” vasitəsilə möhkəmlənib mətbuatımız üçün vətəndaşlıq hüququ qazanmışdır. Bədii əsər nümunəsi kimi yazılan esselərdən fərqli olaraq, publisist esse “525-ci qəzet”in daimi janrlarından biri kimi diqqəti cəlb edir. Açıq məktub, hətta sadəcə məktublar, xatirələr, düşüncələr, səfərlər, mövqe, baxış “525-ci qəzet”in yaşatdığı, qoruyub saxladığı, inkişaf etdirdiyi formalardır. Qəzetin rəsmi üslubda yazılmış məqalələri ilə yanaşı, bədii-publisistik, siyasi-analitik, yaxud sadəcə analitik, hətta sırf fəlsəfi üslubda olan yazılarının da hər birinin geniş oxucu auditoriyası vardır. Çoxüslubluluğa, yəni jurnalistikada sənətkarlığa geniş meydan açmaq baxımından mətbuat orqanı olaraq “525-ci qəzet”in çoxillik fəaliyyətini 525 balla qiymətləndirmək olar. İctimai-siyasi, publisist, analitik, elmi-ədəbi qəzet kimi çıxan “525-ci qəzet” bu istiqamətlərin hər birində oxunaqlı, maraqlı, təsirli, fərqli, obyektiv, cəlbedici yazılar dərc etməklə bütün hallarda professional olduğunu nümayiş etdirir. Ümumiyyətlə, “525-ci qəzet” - professionalların qəzetidir. “525-ci qəzet” - cəmiyyət həyatının bütün istiqamətləri üzrə həm də hər gün yüksək professional səviyyədə çıxa bilən mətbuat orqanıdır. Bundan başqa, “525-ci qəzet” - mətbuatda profesionalların yeni nəsli üçün məktəbdir. Bu məktəbdə yeni professional “525-ci qəzet”çilər və ümumiyyətlə, yaradıcı ziyalıların yeni nəsli yetişib formalaşmaqda davam edir. Ölkəmizdə professional jurnalistika ilə bir sırada yüksək səriştəli siyasi icmalçıların, ədəbiyyatşünasların, sənətşünasların, yazıçı və şairlərin, fotomüxbirlərin... yetişib formalaşmasında “525-ci qəzet”in böyük xidmətləri vardır. “525-ci qəzet”də yaradıcılıq təcrübəsi qazanmış yeni jurnalistlər nəsli ümumiyyətlə Azərbaycan mətbuat aləmi səviyyəsində qəbul olunur. Bu mənada yeni qəzetçilər nəsli yetirməsi “525-ci qəzet”in məktəb olmasını göstərən arqumentlərdəndir.

Bütövlükdə “525-ci qəzet” Rəşad Məcidin və məsləkdaşlarının Azərbaycan oxucusuna, ədəbiyyatına, inkişafa, ictimai-mədəni mühitə sözüdür. Bu, canlı, təsirli, obyektiv mətbu sözə örnəkdir. “525-ci qəzet” cəmiyyətdə də, ədəbiyyatda da sabit, müstəqil, təmkinli və obyektiv mövqedə dayanmaqda davam edən Rəşad Məcidin və müasirlərinin özüdür. “525-ci qəzet” Rəşad Məcidin həyat hekayəsi, müstəqil Azərbaycan mətbuatının epopeyasıdır.

Müstəqillik dövrü Azərbaycan mətbuatının “525-ci qəzet” mərhələsi mövcuddur. “525-ci qəzet”in 25 illiyi müstəqil mətbuatımızın keçdiyi məsuliyyətli yolun həm şərəfli salnaməsi, həm də etibarlı bələdçisidir.

“525-ci qəzet” - müasir dövrün qəzetçilik məktəbidir. “525-ci qəzet” universal mətbuat formatının universitetidir. “525-ci qəzet”in - gündəlik hər sayı müasir jurnalistikanın dərsləridir.

“525-ci qəzet”in yolu - müstəqillik və azərbaycançılıq yoludur və daim sabaha doğrudur...

Uğurlar!

Ramiz Rövşən – (şair) - Qəzetlər də adamlar kimidi. Doğması var, yadı var. Doğma olan bəzən get-gedə yadlaşır. Yad olan doğmalaşır. Təəssüf ki, bizdə çox vaxt bunun birinci tərəfi baş verir; doğmaların yadlaşmağı.

“525-ci qəzet” mənə çox doğmadı. Doğulduğu gündən bu günəcən.
Mən bu qəzetin beşiyi başında durmasam da, səsini birinci eşidənlərdənəm. Mənim də səsim bu qəzetdən çox eşidilib. Yəni, bu doğmalıq, bu sevgi qarşılıqlıdı. Və bu sevginin mayası ana dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə olan vurğunluqdan, sədaqətdən, təəssübkeşlikdən yoğrulub.
Mətbuat da ədəbiyyat kimi həyatın güzgüsüdü. Həyatda baş verən bütün yaxşı və pis proseslər, siyasi, mənəvi, əxlaqi dəyişikliklər bu güzgüdə öz əksini tapır. Və çox vaxt haqlı-haqsız bu güzgünü qınayanlar arabir dönüb özlərinə və ətraflarına da baxsalar, pis olmaz.
Bu illər ərzində “525-ci qəzet” də dəyişib. Mən bu qəzetin dalaşqan vaxtlarını da görmüşəm, barışqan vaxtlarını da. Amma günün, zamanın konyunkturası çox şeyi dəyişə bilsə də, bu qəzetin əbədi və ədəbi dəyərlərə olan münasibətini, sədaqətini dəyişə bilməyib. Bir vaxtlar ölkənin ən kütləvi qəzetlərindən biri olan “525-ci qəzet”i bu gün Azərbaycanın ən ziyalı qəzetlərindən birinə çevirən də məhz onun bu keyfiyyətidi və bu keyfiyyət heç şübhəsiz ki, qəzetin yaradıcısı, mənim əziz dostum Rəşad Məcidin adıyla, onun xarakteri, zövqü, ağlı və istedadıyla bağlıdı.
Rəşad həmişə ürəyi, qapısı dostlara açıq olan bir adamdı. “525-ci qəzet”in qapısı da bu 25 ildə az-çox istedadlı qələm sahiblərinin üzünə həmişə açıq olub.
Mən Rəşad başda olmaqla bütün “525”ciləri ürəkdən təbrik edirəm. Qapınız həmişə açıq olsun!

Cəfər Cəfərov – (Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, professor)- Hörmətli Rəşad müəllim!

Sizi və "525-ci qəzet"in yaradıcı heyətini 25 illik yubileyiniz münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi və şəxsən öz adımdan ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, şərəfli, müqəddəs və məsuliyyətli peşə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!
Qeyd etmək istəyirəm ki, "525-ci qəzet" böyük və zəngin inkişaf yolu keçib. Əsas meyarı obyektivlik və peşəkarlıq olan "525-ci qəzet"in Azərbaycanın media sahəsində xüsusi yeri və mövqeyi var. Bu qəzet oxuculara ölkəmizdə və dünyada baş verən hadisələrin çevik və obyektiv çatdırılmasında, cəmiyyətin maarifləndirilməsində və ictimai rəyin düzgün formalaşmasında mühüm xidmətlər göstərir, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edir. Mübaliğəsiz deyə bilərik ki, "525-ci qəzet"in 25 illik fəaliyyəti müstəqil dövlətimizin və mətbuatımızın keçdiyi məsuliyyətli yolun şərəfli salnaməsidir. Qəzet Azərbaycan xalqının milli özünüdərkində, milli özünəqayıdışında və müstəqil dövlətçilik ideyalarının təbliğində əvəzsiz xidmətlər göstərib. "525-ci qəzet" ölkəmizin ictimai-siyasi və maarifçi-mədəni mühitinin bütün cəhətlərini özündə dolğun əks etdirən bir qəzetdir. Bu qəzet sözün həqiqi mənasında Azərbaycanın ümumxalq, ümummilli qəzetidir.

Qəzetin səhifələrində cəmiyyətin bütün təbəqələri-dövlət-hakimiyyət nümayəndələri, ictimai-siyasi xadimlər, elm, təhsil, incəsənət, mədəniyyət xadimləri öz maraqlı və rəngarəng yazıları ilə çıxış edirlər. Çoxşaxəli fəaliyyət göstərən "525-ci qəzet" həm də geniş oxucu auditoriyası olan maraqlı ədəbiyyat qəzetidir. Azərbaycanın tanınmış müasir yazıçı və şairlərinin öz əsərlərini "525-ci qəzet"də dərc etdirmələri qəzetin sanbalını, nüfuzunu, dəyərini, əhəmiyyətini, oxucuya təsir gücünü daha da artırır. Qəzet milli ədəbiyyatımızın inkişafı və təbliği sahəsində səmərəli fəaliyyət göstərir. Xalqa, millətə, Vətənə sədaqətlə xidmət edən "525-ci qəzet"in özünəməxsus dəst-xətti, yaradıcılıq üslubu, sadə, canlı, təsirli, oxunaqlı və aydın dili var.

Qəzetin Baş redaktoru tanınmış yazıçı, şair, publisist Rəşad Məcid əsl ədəbiyyat, söz adamıdır. Məhz Rəşad Məcidin istedadı, yüksək təşkilatçılıq qabiliyyəti, zəhmətsevərliyi, müdrikliyi, təmkini, sözübütövlüyü, ziyalılığı sayəsində qəzetdə peşəkar jurnalist komandası formalaşıb və bu komanda öz işinin öhdəsindən layiqincə gəlir. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan Rəşad Məcid milli mətbuatımızın inkişafında, media-cəmiyyət münasibətlərinin nizamlanmasında mühüm xidmətlər göstərir. Eyni zamanda, Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi kimi bədii istedadı olan gənclərə xüsusi diqqət və qayğı göstərərək onların yaradıcılıq potensiallarının üzə çıxmasına və düzgün istiqamətlənmələrinə böyük dəstək verir. Gənc yazarların əsərləri "525-ci qəzet"in səhifələrində dərc olunaraq tanınır, məşhurlaşır. Qəzet elm və təhsil sahəsinə, o cümlədən, ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatlarının ardıcıl olaraq geniş işıqlandırılmasına böyük önəm verir. Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə "525-ci qəzet" arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olmasından məmnunluq duyduğumu da xüsusi qeyd etmək istəyirəm.
Qüdrətli söz ustadımız, Xalq şairi Bəxtiyar Vahabzadənin belə bir gözəl ifadəsi var: Qəlbdən çıxan qəlbə yatar. Mən də böyük ziyalılarımızın söylədiyi bu xoş, gözəl və ürəyəyatan sözlərə, fikirlərə qoşularaq "525-ci qəzet"in əlamətdar yubileyi münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, daha böyük yaradıcılıq uğurları arzulayıram! Yolunuz açıq, məqsədiniz aydın, arzularınız gerçək olsun!

Yaqub ÖMƏROĞLU - (Avrasiya Yazarlar Birliyinin sədri) - Türk dünyasının çeşidli yerləri ilə yaradıcılıq əlaqələrimiz, iş birliklərimiz var. Avrasiya Yazarlar Birliyi fəaliyyətə başladığı gündən türk dünyası coğrafiyasında yaşayan və istedadı ilə seçilən qələm adamlarını birləşdirmək, tanışdırmaq ideyasını irəli sürüb. Buna görə hər bir türkdilli ölkədə bu cür əlaqələrin yaradılmasına, genişləndirilməsinə yardımçı olan, sözünün üstündə duran, arzularımızı həyata keçirməkdə çabalar göstərən dostlara ehtiyacımız var. Belə dostlarımızdan biri də Rəşad Məciddir. Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, istedadlı şair və publisistdir. Türkçəyə çevrilmiş kitabları Türkiyədə də işıq üzü görüb, ona görə bu ad, bu imza türk oxucularına da tanışdır. Rəşad Məcidin ədəbiyyatın inkişafı, təbliği adına böyük işlərindən biri də 25 il öncə əsasını qoyduğu “525-ci qəzet”dir. Azərbaycan ədəbiyyatını bu qəzetdən ayrı, çağdaş mətbuatı bu qəzetsiz təsəvvür etmək olmaz. Bu il 25-ci yaşını, yubileyini qeyd edən qəzet Azərbaycanın özü kimi çox keşməkeşli yollardan, çətinliklərdən keçib. Nəticədə bu gün ölkənin ən nüfuzlu mətbu orqanlarından biridir.

Avrasiya Yazarlar Birliyi olaraq bir çox layihələrimizi məhz “525-ci qəzet”lə birgə həyata keçirmişik. Kaşğarlı Mahmud hekayə yarışmasını Azərbaycanda iki dəfə “525-ci qəzet”in vasitəsiylə keçirib, mükafatlandırma mərasimlərini də birgə təşkil etmişik. Həmçinin, pyes yarışmalarımızın elanlarını, müsabiqə şərtlərimizin iştirak etmək istəyənlərə çatdırılmasını da, ən müxtəlif tədbirlərimizdən reportajları, yazıları da məhz bu qəzetin səhifələrinə etibar edirik.
Sosial şəbəkələr bütün uzaqlıqları yaxın etməyə yardımçıdır. Ona görə məhz sosial şəbəkələrdən “525-ci qəzet”i izləyirəm, qardaş ölkə haqqında məlumatları bu inandığım mətbu orqandan alıram. Bu gün sadəcə öz ölkən, öz dairəndə baş verənləri yayımlamaqla kifayətlənmək olmaz. “525-ci qəzet” həm də dünyaya açıq olması ilə, dünyada baş verənləri isti-isti oxucularına çatdırması ilə fərqlənir. Ədəbiyyata ayırdığı xüsusi yer, ədəbiyyatın təbliğatı üçün gördüyü işlər isə ayrıca mövzudur və məncə, hər bir dərgi, qəzet bu təcrübədən yararlana bilər.
Artıq bir neçə ildir ki, Türk dünyasının mədəniyyət paytaxtlarında keçirdiyimiz Dərgilər Konqresində “525-ci qəzet”in ayrıca yeri, xüsusi nüfuzu var. Bütün sadaladığım və bir yazıya, təbrikə sığışdırılması mümkün olmayan üstünlüklər heç şübhəsiz ki, qəzetin yaradıcı heyətinin, Rəşad Məcidin və onun komandasının uğurudur. Mən dostlarımızı onların yüz əziyyət hesabına qoruduqları “525-ci qəzet”in yubileyi münasibətiylə ürəkdən təbrik edirəm, xalqın maariflənməsi yolunda gördükləri böyük işlərdə onlara uğurlar diləyirəm....../moderator.az/


Baxış sayı - 1 716 | Yüklənmə tarixi: 17.11.2017 00:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031