manera.az
manera.az

Xatirələr, bir az sanki, çağrılmamış qonaqdı - Şeirlər

📅 28.09.2017 17:00

Xatirələr, bir az sanki, çağrılmamış qonaqdı - Şeirlər
Manera.az gənc şair Azər Elşadoğlunun şeirlərini təqdim edir:

BİR BAZAR GÜNÜ

Mən sənə xəyanət edirəm indi,
Sən məni hardasa öyürsən, bəlkə.
Kişidir, güvənmə deyirlər, amma
sən o adamları söyürsən, bəlkə.

Həftə yorğunluğu; gec oyanardım.
Bu bazar sübh tezdən oyağam indi.
Bir işin qulpundan yapışmayan mən
mətbəxdə dirəyəm, dayağam indi.

Dərmanlar, pəhrizim…– mədəm yaxşıdır.
Şoraba yemirəm, qəhvə içmirəm.
Gecələr divanda yatıb qalıram,
Yataq otağına daha keçmirəm.

Bu həyat belədir, getdi birisi,
yerinə qəmzəylə çoxusu gəlir.
Mənim də üstümdən,bağışla, gülüm,
mətbəx qadınının qoxusu gəlir.

Çox az danışardım, amma bu səfər
özümdən özümə lap qeybət etdim.
Bir az da şəklinlə danışdım sənin;
mən sənə bu qədər xəyanət etdim.

Arxamda yenə də iz buraxmışam,
İndidən etiraf edim, dilərsən.
Bir də bu şeir var– maddi dəlildir;
Üstümdə tutulub, onsuz, bilərsən.

Bir zibil deyilmiş yalnız yaşamaq,
Elə bil, bir əsr ömür sürmüşəm.
Məhlədə qadınlar dedi, eşitdim;
Mən sənsiz çox yetim görünürmüşəm.

Eybi yox, gəl bir az dalaşaq yenə.
Səsimiz ucalsın mənzilimizdən.
Bir az da qonşular baxıb sevinsin;
bir az da bezsinlər qoy əlimizdən.

MONOQAM (EKSPERİMENT)

Xatirələr, bir az sanki, çağrılmamış qonaqdı.
Bu "qonaq"la bu şəhərdə dolanmağa alış sən.
Səni sevmək savab olsa, unutmaq qanacaqdı.
Sənə dönmək cəsarətdi, səndən dönmək yarışsa.

Bu səhər də heyin yoxdu, oyanmaq da çətindi.
Bu səhər də ərinirsən durub nəsə yeməyə.
Bu şəhərdə sənə mənsiz dolanmaq da çətindi.
Çəkinirsən dərdini də sən bir kəsə deməyə.

Ürəyinin içindəki həsrət vurub gözünə,
Bu yalançı gülüşləri gözlərində saxlama.
Keç hamama, bircə ovuc su şappıldat üzünə,
Sonra başla hönkürməyə, qapını da bağlama.

Anan gəlsin, həyəcanla soruşsun ki, nə olub?
Yalan uydur, ona de ki, çox pis yuxu görmüsən.
Sual versin, nə görmüsən, bənizin də çox solub?
De qurumuş bir ağacdan gecə əncir dərmisən.

Atanlasa açıq danış; çıxın parka gəzməyə.
De evlidir, əsirgəyir çəkəcəyi qayğını.
Düzünü de, yol göstərsin bu ağrıya dözməyə.
Atan məni anlayacaq, o bilir bu duyğunu.

BU PAYIZ KÜLƏYİ ƏSMƏSƏYDİ DƏ

Bizi ayırmağa dəyişəcəkdi
yerin cazibəsi, göyün basqısı,
Bütün paralellər səhv düşəcəkdi;
Biz çönüb olardıq tamam başqası.

Yer məni çəkəndə öz daxilinə
sən gedib göylərə qonaq olardın.
Yerin daxilində ilk sorğu-sual,
mənim keçmədiyim sınaq olardın.

Bütün elementlər qarışacaqdı,
Oksigen zərərli vərdiş olardı.
Günəş qütblərə daraşacaqdı:
Nuhun gəmisi də yenə dolardı.

Bütün elementlər qarışacaqdı,
Ozon təbəqəsi, oksigen qazı.
Günəş qütblərlə barışacaqdı,
Qeybə çəkilərdi lap qütb ulduzu.

Bircə biz bəxtəvər olarıq deyə
insanlar azardı çölün düzündə
Bağışla, gəl susaq və söz verək ki,
Biz gedə bilmərik iblis izindən.

Bu sükut bir az da razılaşmadır,
Bir az da etiraz, yarışdır sanki.
Bir az bəhanədir, yalan qoşmadır,
bir az həqiqətlə barışdır sanki.

Artıq zehnimdə də susan adamsan,
Elə bil lal olub, gözün danışmır.
Bu nə ifadəsiz baxışdı axı
Ölüb təbəssümün, üzün danışmır.

Üstümə hər yerdən xatirən səkir,
Elə bil, yağışda çırpmışam ayaq.
Çətindi, bu sükut çox uzun çəkir,
"arada zəng elə doyunca susaq..."

YAĞIŞ ÜÇÜN

Gecənin sükutu pozulur yenə,
Şəhərinsə səsi batır yağışda.
Yağışa ilişib düşür günahlar
Dualar Allaha çatır yağışda.

Qısa ətəkli qız; islanıb necə,
Oğlanlar o qıza atır atmaca.
Bir az uzaqdasa büzüşən qoca
islanıb, göyərti satır yağışda.

Ən böyük yanlışı doğru sanmışıq,
Yenə həqiqəti tərsə qanmışıq:
yatıb bir yuxuya yaxalanmışıq;
Halbuki, bərəkət yatır yağışda.

DALAN

Geri dönməz daha fələyin çarxı
İllər ömrümüzdən çalındı getdi.
Çoxunun qızındı canı, bizdəsə
qurular yaş üstə qalandı getdi

Daha yanmaq olmur, ocaq söndüsə.
Adam necə sussun vicdan dindisə
Əvvəl şəffaf olan sular - indisə
dibi görünməzdir, bulandı getdi.

Ruhum bədənimdə üşənir indi,
Bir idi yolumuz, indisə gendi
O şirin vədələr ilğıma döndü.
Ümidlər Allaha calandı getdi.

Ən cavan arzular daha qocalır,
İçimdə bir ümid yeri boşalır.
Hicran əsrlərdən borca yaş alır,
Vüsalın ömrüsə bir andı, getdi.

Əvvəldən bu yola qol-qola düşdük
Kim bilir nə idik, nə hala düşdük
Biz elə sanırdıq düz yola düşdük
Sən demə, bu yol da dalandı, bitdi.


Baxış sayı - 2 063 | Yüklənmə tarixi: 28.09.2017 17:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031