Dilarə Zamanovaİki gündür səhəri intihar xəbəri ilə açıram. Srağagün işə gələndə keçmiş polis rəisinin yaşadığı evdən özünü bizim işin həyətinə atması, indi də 5 ildir tanıdığım Dəyanət Rzayevin ölümü. O, mənim psixologiya elminə yiyələnmək istədiyim(hansı ki, bunu heç vaxt edə bilmədim. Elə elmə yiyələnmək sözündən də həmişə zəhləm gedib) psixologiya mərkəzində işləyirdi.
İndi sizə bəlkə qəribə gələcək. Amma o vaxt düşünürdüm ki, bütün psixoloqlar robotdur(hansı ki, mən heç vaxt elə robot olmaq istəmirdim) hamısı, onların heç bir emosiyaları yoxdur. Heç vaxt əsəbiləşmirlər, kədərlənmirlər. Və çox çox-çox sıxıcı adamlardırlar.
Aradan keçən 5 il heç nəyi dəyişdirməyib. Hələdə onların sıxıcı və maraqsız olduqlarını hesab edirəm. Mən heç vaxt başa düşə bilmirəm, necə yəni ey, əgər ərim mənə başqa qadınla xəyanət edirsə, sən mənə necə deyə bilərsən ki, gülümsə, onu bağışla və get, bu, ona ən böyük cəza olacaq.
Mən bunu qəbul etmirdim. İndi də etmirəm ərin sənə xəyanət edirsə sən onu ən azından döyməlisən. Bütün bu fikirlərimi görəndən sonra öz özümə dedim ki, yox ,qızım, Dilarə, səndən psixoloq filan olan deyil, əl çək bu sevdadan. Mən əl çəkdim. Amma Dəyanət əl çəkməmişdi. O da mənim kimi idi, bilirəm. O, digər bir çox həmkarı kimi robot deyildi. O, əsl insan idi.
Onun duyğuları var idi, o, heyvanlara qarşı ədalətsizliklərə, insanlara qarşı ədalətsizliklərə dözə bilmirdi.
Ona bir dəfə intihar etmək istədiyimi deyəndə mənə şablon "intihar etmə, bu dünya çox gözəldir, sən intiharınla öz zəifliyini göstərəcəksən" deməmişdi. O, mənə bilirsiniz nə demişdi? “Əgər intihar edəcəksənsə, özünlə bir alçaq adam apar" demişdi.
İndi isə o getdi və buna səbəb olan heç bir alçağı da aparmadan. Dəyanət, sən əslində güclü idin. Bunu özündə bilirsən. Sən əgər güclü olmasaydın, bu qədər robotlaşan insanın arasında əsil insan qala bilməzdin. Bir gün görüşənə qədər, sağ ol...
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.