manera.az
manera.az

Mənfi sənsiz dərəcə - Aqşin Evrənin şeirləri

Mənfi sənsiz dərəcə - Aqşin Evrənin şeirləri
Manera.az tanınmış gənc şair Aqşin Evrənin şeirlərini təqdim edir:

Unutmağın resepti

Hərdən onun toxunduğu yerlər qopar bədənindən
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”

Sıxılarsan...
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı
Görərsən saçların onun çiyni üçün darıxır

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...
Bunu da öyrənmişdin uşaqlıq paltarından
Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından

Hərdən ovulub gedərsən...
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin

Hərdən boynunu üşüdər onun aldığı şərf də
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz...
Bir görüş yeri boyda boşluq qalar içində
Hərdən büdrəyərsən... yıxılarsan
xatirələrin yanından keçəndə...

Bənazir Bhutto ölməmişdi

“Üç keçi” nağılı “üçbaşlı əjdaha”ya çevrildi ailəmiz dağılanda
Gecə məni “Bayu-bayu” ilə yatırıb
səhər anamın yoxluğu ilə oyatdılar
Anasının narıncı koftasını iyləyib yatan bu uşağı
birdən “narıncı inqilablar”ın qucağına atdılar

Sonra həyat məhkəmə çəkici ilə döydü sinəmi
Ürəyimi açıb içimdən çıxıb getdi uşaqlığım
Son dəfə dolmuş gözlərlə
boş ömrümə baxıb getdi uşaqlığım

Qapının ağzında ayaqqabının biri azaldı
Atam “əcəb evimiz genişləndi e” deyib təsəlli doldurdu cibimizə
Anam evdən getdiyi gün bizi atıb çölə çıxdı ev,
həsrət qaldıq evimizə

Hələ bu zəhrimar ayrılıq qapımıza gəlməmişdi
Hələ Bənazir Bhutto ölməmişdi – Şərq anasız qalmamışdı
mən anasız qalanda
Dominodan qurduğumuz evlər dağılanda ağlayan uşaqlar idik
Bəs görəsən, niyə susduq ailəmiz dağılanda?

“Ananı çox sevirsən, ya atanı?” sualını verənlər
“Ananla qalırsan, ya atanla?” sualı ilə üstümə gəldilər
Qışqırıb “Bu dünyada anasızlıqdan böyük atasızlıq yoxdu” dedim
Bacım ağlamağımı eşitməsin deyə,
gecələr anamın paltarını dişləyib hönkürdüm,
hər gecə onun narıncı koftasını güvə kimi dişimə sıxıb yedim

Yamaqlı şalvarımı tikdikcə qırış düşdü anamın əllərinə:
söküldü əlinin dərisi
Ayaqlarının şişmiş yaşıl damarında öldü bütün flora
Qapımızın ağzında canını tapşırdı fauna
Atam siqaretin tüstüsüylə öyrətdi bizə gələcəyin dumanlı olacağını

Sən gedəndən sonra qapımızı açan olmadı deyə
o xəstə “bobik” də ağzını açıb bir kəlmə hürmədi
Ana, mən Səddamın edamını gördüm
Bircə qardaşımın nə vaxt böyüyüb bu yaşa çatdığını görmədim.

Ailəmiz dağılanda öyrəndim ki,
burnunda ana qoxusu,
gözlərində ana yuxusu gəzdirən qızlar
mətbəxi əzbər bilirlər
Öyrəndim ki, anasının ömründə yıxılan kişilər
sevgini əzbər ölürlər.

Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz dağılanda
Beləcə, bacım “üçbucaq teoremi”ni ütüdən
“Çevrənin raduisu”nu qazandan
Nidanı atamın çəliyindən
Nöqtəni də anamın yoxluğundan öyrəndi.

Çörək qırağı qadın

Çörək qırağı qadın,
indi səndən “Necəsən?” yox, “neçəsən?” soruşmaq istəyirəm
Bizim orta məktəb yaşımız deyil axı
İndi bizi 2 almaq deyil, iki ola bilməmək ağrıdır

İndi
- “Salam. NEÇƏSƏN?”
- “Salam. YOXAM”la başlayır bütün ayrılıqlar

Yalandı, “ayrılıq” sözünün yanında heç vaxt “başlamaq” sözü olmur
Ayrılıq elə sondu, bitməkdi
gecələr...
gecələr öz yatağının içində itməkdi

Yerdən götürüb daşın üstə qoyduğum tikələr haqqı,
bir xalqın çörəksizliyi qədər ağrıyıram

Çörək qırağı qadın, görəsən,
bir pencəyin altında iki can gəzdirənlər daha çox bədbəxtdi,
ya eyni yorğan altında bir-birini bezdirənlər?

Sən də bilirsən,
Sevgidə ayaqları yox, əlləri yorur gözləmək...

Çörək qırağı qadın,
Bu şiddətli ağrıların bir asta-asta öldürməyi var,
bir də gecə yarısı yuxudan oyatmağı
Səndən heç nə istəmirəm... bircə
Ayaqlarına qayıtmağı öyrət, qayıtmağı

Yaş köynəyin fotosu

İndi bütün gözləməklər qapında ölüb
Day o gəlmir deyə, pəncərən kor qalıb,
qapın da ölüb...

Elə bil saçın da onu tapmaqçün
uzanır harasa... harasa gedir
Sənin bədəninin yarsı evdədir,
geyinib yarısı harasa gedir

Köynəyin ütüləyirsən əlin üşüyür
Atıb getmək istəyirsən ağrıyır ayaqqabın
Bilirsən, ömürdən doğma biri gedəndə
Üşüyüb tez evə girər çöl qapın...

Hə, asandı qab yumaq... yemək bişirmək
Bircə həmişə oturduğunuz skamya indi bir az soyuq,
indi bir az kirlidi
İndi xatirələrə toxunmaq onun yaş köynəyini
elektrik xəttindən asmaq kimidi.

Yoxluğun ölçü vahidi

Zəngini gözləyirəm...zəngini
Bax, tarix telefonu kəşf etməklə heç nəyi dəyişmədi əslində:
Sadəcə, gözləməyin daha bir növünü yaratdı...

Həyatsa səni ömrümdən almaqla ağrımağın özünü yaratdı.

Həyətə baxıram...həyətə
Əkdiyin ağac bir gün yonulub tar olacaq
Mən də köynəyimi o tarın səsindən asıb qayıdacam.
Fincandakı suyun bir gün qar olacaq
Mən də şərfimi o qarın izindən asıb qayıdacam...

Və bir gün mütləq... bir gün mütləq
“Dur, əzizim... dur keç ömrümdə yat” deyib səni həyatdan oyadacam.

Yaxşı... olsun, sən deyəndi, sən deyən:
xatirələr yırtıcıdı, xatirələr quduzdu...
Amma bil ki, biz
“Sevgi kimdir” əvəzinə “sevgi nədir” sualını verəndə uduzduq.

İndi həyata baxıram...həyata
Və baxıb görürəm ki:
Yoxluğun ən böyük ölçü vahidi sənsən..

Tanışlıq tarixi

Yastığımda başının yeri qalıb
İndi ömrü yaşamaq o boşluğa yıxılmaqdı hər axşam
Belə soyuq tənhalıqla yatmaq da
çarpayıya uzanmaq yox, dağılmaqdı hər axşam

Mən hər gecə üstünü örtməyimi
saçını qurulamağımı görürəm yuxuda
Sənsə o qədər yoxsan ki:
quruyub mətbəxə dağıtdığın su da.

Bircə əl-üz dəsmalımda dodaq izin qalmışdı
Asmışdım gülüşünün şəkli kimi divardan.
Daha o da silinib... deyən daha gülmürsən
Sığınırsan yorğun axşam bircə qucaq sözünə.

Tanışlıq tarixi, görüş saatı
telefon nömrəsi, köynək ölçüsü
- hamısı unudulur, hamısı itir
Rəqəmlərlə yaşayıb böyüyən sevgilər
sonda bir sözlə bitir.

Unudulur hər şey, cizgilərin də
Şərab içməyin, yemək yeməyin də
Bir söz deyim: əgər qalsaydın,
mən səni tanıyardım getməməyindən.

Qadın təkliyi

O vaxt yelləndiyin ağac budağı
Məktub səhifəsitək qayıdar sənə.

Sonra xatırlanar gülüş yerləri...

Durub axtararsan öpüş yerlərin
Sızıldar əlində bir dodaq səsi
Pozar sükutunu bir uzaq səsi
...və səni üşüdər, elə üşüdər
Qəfil xatırlanan bir qucaq səsi.

Saçının rəngini dəyişərsən tez
Güzgüdə daraqla döyüşərsən tez
Üzün də dəyişər, amma gözündə:
Durub sənə baxar nəhəng onsuzluq

...və mənfi sonsuzluq, mənfi sonsuzluq

Kişi köynəyinə baxıb çaşarsan
Qəfil bir hönkürtü haqlayar səni.
Mən alan eynəyə ilişər telin
Saçın xatirəyə bağlayar səni.

Birgə ağrıyarıq... bax elə mən də:

Vağzalda çəkdiyin qatar rəsmini
Pencəyin cibinə büküb qoymuşam
Bax elə o gündən, ağrılı gündən
Ürəyimdən qatar keçir hər axşam.

Daha barmaqlarım əlimə gəlmir...

Bu yarım gülüşdən, yarım sevincdən
Mənə də, sənə də ömür düzəlmir.
Yaxşı iş tapırsan... geyim seçirsən
Alınmır, yenə də ömür düzəlmir.

Tutduğun əlimi aparmısan da
Bir qolum yanımda odun təkliyi.
Sənin də ömrünün bircə adı var:
"Boşluqlar içində qadın təkliyi".

Əlvida...Darıxıram

Susanda ən yaxşı “unutmaq” susar...

Bir nəhəng, yaşılgöz, vəhşi darıxmaq
Səni otağının küncünə qısar
Bəlkə, xəstəlikdi darıxmaq hissi
Bu böyük ağrıyla yaşamaq yox e,
Vallah, ölmək pisdi... ölmək də pisdi...

Köhnə məktubları açıb baxarsan...
Gəlib kirpiyinə duzlu göz yaşın
özünü məktuba atar beləcə
Onun hədiyyəsi – gümüş boyunbağı
Səni darıxmaqdan asar beləcə

İçinə daş alıb susar sol yanın
Baxıb əllərinə donub qalarsan:
“İlahi, bəs onun əlləri hanı?”

Baxarsan rəsminə: “Əcəb yaşlanıb
Özünə baxmır heç, kökəlib bir az
Deyəsən, xəstədir lənətəgəlmiş
İnşallah bu ilə salamat çıxmaz”

Sonra eşidərsən qohum-tanışdan:
Deyərlər “keçmişin” yaman xəstədi.
Sən də deyinərsən dodaqaltında
“Məni başa düşdük, it zülmü verdin
Ay Allah, bəs ondan sən nə istədin?!”

Ovcunda qırışar xatirələrin
İndi dözə bilsən, döz əllərinə...

Təsəlli verərsən öz əllərinə:
“Əşşi xatirədir dəə, keçib gedəcək...”
Sıxıb dişlərini qımıldanarsan:
“İlahi, bu ağrı köçüb gedəcək?!”

Oğluna bir şeir oxutdurarsan
Qızına dərslərdə kömək edərsən
deyərsən ki, “qızım, bu riyaziyyat ki var
Bəzən bir nömrədən ibarət olur
Bəzən “O” sandığın əziz bir adam
Vaxt keçir kiçilir sıfıra dönür”

Sonra otağında var-gəl edərsən
Beləcə, yadında çıxar əllərin
Durub telefona axar əllərin
Götürüb nömrəsin yığarsan birdən
Xəttin o başından bir qadın deyər:
“İndi bu bədbəxtin xoşbəxt həyatı
Əhatə dairəsi xaricindədir”

Durub danlayarsan fikirləşməyi:
“Dünyada bu qədər dünya var ikən
Niyə gəlib girir mənim ağlıma?
Ay Allah,
Bütün ağrıları mənə ver təki
Ona ağrımağa ağrı saxlama”.

“O”nsuz bu süfrə də kəmşirin çaydı,
duzsuz yeməkdi
Bu tabut stol da mızıldanır ki,
Ayrılıq ölüm yox, ölə bilməməkdi

Eh, bir də küçədə rastlaşmaq var ha:
ürəyin başını çırpar sinənə
O, göz qapağını tez-tez qırpdıqca
Sanarsan içini sıxır məngənə

Sınarsan... içini sıxar məngənə...

“Ağlamaq da olmur...
Bəlkə də, sonuncu göz yaşlarımı
Sonuncu görüşdə dənizə atdım
Eşş gör e, ömrümü qara etməkçün
Mən bu vicdansızın, qədirbilməzin
Yolunda saç ağartdım.”

Ötürüb ömrünü çıxıb gedərsən

Götürüb ömrünü çıxıb gedərsən...
Son məktubu yazıb itərsən belə:
“Səni görmək üçün oğluma baxıram...
Əlvida... Darıxıram"

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930