manera.az
manera.az

Yaşamaq istəyirəm... - Elşad Can Şamilin ŞEİRləri | MANERA.AZ

📅 09.12.2015 17:46

Yaşamaq istəyirəm... - Elşad Can Şamilin ŞEİRləri | MANERA.AZ
MANERA.AZ Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinin məzunu Elşad can Şamilin şeirlərini təqdim edir

O deyirdi...

Getdikcə məni çox sevəcəyini deyirdi...
o üzdən də getdi...
yəqin getməkdir sevgi...

Mənsiz yaşamayacağını,
öləcəyini deyirdi...
yaşamayaraq öldü...
ölü döğuldu...
O yox...sevgim

Hər gün yuxularına gəldiyimi deyirdi
axı hardan biləydi...
getməyə başqa yerimin olmadığını...

Həmişə yanımda olduğunu deyirdi
Ancaq, Ona baxanda
Onu görmürdüm...
bilmədim hara baxım
Onu görmək üçün...

Darıxma “o”nsuz da, biz birlikdə olacayıq deyirdi
ancaq nəinki biz birlikdə
Heç ikilikdə də biz olmadıq
Mən və o oldu...
Sən də olmadı...

Həyat yolunu birgə gedək deyirdi
həyat yolunu yox
iki tin küçəni
yanaşı, ancaq məsafələrdə getdik
O mənim ürəyimdə,
mən təkliyin əllərində...

Sən “mənim yarım”san deyirdi
Yarım olmadı…Yarısı oldum
Qurşaqdan aşağı…
Ürəyi ola bilmədim

Sevgimiz davam edir deyirdi...
ama biz davam edə bilmirdik...
söz də tapmırdıq danışmağa
Bütün sözlər tükəndiyində,
insan insanı anlamağa başlarmış...

O artıq sözlərini mənə gözləri ilə deyirdi...
mən də Ona səsimi eşitdirməyim üçün
bir az da susdum
O daha çox susaraq üstümə qışqırırdı...

Darıxanda gecələr göy üzünə,
aya bax deyərdi...
Ay isə nəzərlərdən gizlənərdi
buludlar arxasında...
Sübhə qədər səmaya baxardım
ayı görmək üçün.
Onun isə səması hamilə idi,
səhərə günəşini doğmaq üçün…

***
SEVMƏDİYİM MƏCBURİYYƏT...

Sənə sevmədiyim gül gətirmişəm...
qərənfil...
Sənə sevmədiyim qayğı gətirmişəm
qərəzli.
Sənə sevmədiyim “yazı” gətirmişəm.
alından pozulmayan.
Sənə sevmədiyim hadisə gətirmişəm.
Xeyrə yozulmayan.
Sənə sevmədiyim can gətirmişəm.
bədənlə ruh arasında haçalanan.
Sənə sevmədiyim “biz” gətirmişəm,
iki dünyaya parçalanan.
Sənə sevmədiyim söz gətirmişəm
“səni tək qoymayacağam”...
Sənə sevmədiyim vəd gətirmişəm
“sən olmasan olmayacağam”...
Sənə sevmədiyim şeir gətirmişəm...
ağı...
Sənə sevmədiyim həyat gətirmişəm...
nağıl...
Sənə sevmədiyim “nişan” gətirmişəm...
şəhadətimdə
Sənə sevmədiyim hüzün gətirmişəm
səadətimdə
Sənə sevmədiyim sevgi gətirmişəm...
yoxluğunda yaranmış...
Sənə sevmədiyim vüsal gətirmişəm
hicrana calanmış
Sənə sevmədiyim fəsil gətirmişəm.
matəm havası.
Sənə sevmədiyim şirinlik gətirmişəm
ehsan halvası
Sənə sevmədiyim gün gətirmişəm.
cümə axşamı.
Sənə sevmədiyim sükut gətirmişəm
dincəl yaxşımı?!
Sənə sevmədiyim görüş gətirmişəm
Ziyarət...
Sənə sevmədiyim gül gətirmişəm...
qərənfil...

***
Yaşamaq istəyirəm

Gizlədin mənnən həqiqəti,
Həqiqətim acıdırsa...
Kimsə dinməsin qəti...
Onsuzda gec-tez biləcəm...
Bir az yaşamaq istəyirəm...

Vicdansıza nə hörməti...
Lap başımın tacıdırsa...
Dəyişilsə də surəti...
Sözümü hər an deyəcem...
Necəki hər gün deyirəm...
Bir az yaşamaq istəyirəm...

İstəmirəm səadəti...
Ağlar ana, bacıdırsa...
Göstərərək məhəbbəti...
Simaların güldürəcəm...
Önlərində baş əyirəm...
Bir az yaşamaq istəyirəm...

Göstərməsin ibadətin...
Bağlı başı, saçıdırsa...
Anlamıram şəriəti...
Amma bir gün öyrənəcəm..
Görə-görə öyrənirəm...
Bir az yaşamaq istəyirəm...

Rədd eləyin eyş-işrəti...
Hörmətimə qamçıdırsa
“Kef”lə itir şəxsiyyətim...
Mən daha keflənməyəcəm...
Beləsindən iyrənirəm...
Bir az yaşamaq istəyirəm...

Verməyin mənə möhnəti...
Ağrılarım sancıdırsa
Dərmanlara min nəhləti
Sancıdan onsuz öləcəm...
Gecə-gündüz göynəyirəm...
Bir az yaşamaq istəyirəm

Məğlub edərəm həsrəti...
Ümüd bircə damcıdırsa...
Bir damcı ilə xəlvəti,
Arzularımı görəcəm...
Hansı ki, mən diləyirəm...
Bir az yaşamaq istəyirəm...

***
Nə olar sən mənim alnıma yazıl

Sən mənim həyati müəlliməmsən.
Hər dərsə gəlişin ucaldır məni.
Şagird tək partada əyləşim öndə
Əlimi qaldırım sən qaldır məni...

Sən ömür qatarın ilk vaqonusan,
Getdiyin yerlərə gəl götür məni.
Dayanıb ard-arda, verib əl-ələ
Mən yolu göstərim, sən ötür məni...

Sən tale yolumda finiş bantısan
Bu banta geridə qaçmaq olmasın
Nə olar sən mənim alnıma yazıl...
Qəzavi-qədərdən qaçmaq olmasın...

***
get

mən sənə dəmişdim səni çox istəyirəm...
Ürək ki səni istəmir...
Ürəyə hökm etmek olmaz...
məni boş ver...
Geri donmeyi dusunursense...???
Ancaq düşün...!
əməl etmə
get...
get qarşıdakı tinə qədər
ya da bir az da uzağa get...
gözdən itənə qədər...
yolumuz kəsişməsin...
götür hər şeyini
həyətdəki itinə qədər

Ürək ki səni istəmir...
Nə olsun ki mən istəyirəm...
Məni boş ver...
ciddiye alma...
heç mən özüm özümü ciddiyə almıram...
yadıma salma
ötən keçənləri
yanımdan kecənde süzme məni...
yanımda da qalma
mənnən nəsə gozləmə...
nə də özün bir jest elə...
cavabsız qalmasa da ürəyincə olmaz...
söz güləşdirmə
olmaz dedimse olmaz...
göz güləşdirmə...
çək üzünü baxışımdan,
çəkil get gözümdən
gözümü yumacam, əlimlə ovacam
səni xəyalımdan da qovacam

get
nə məktub burax
nə də işarə
nə kinayən olsun, nə istiarə
mən səni çox istəyirəm
sən istəyəndən də çox
heyif istəmək işin yarısıdır
digər yarısını yarımçıq saxladın
indi bəsdi ağladın haqq yiyəsi kimi
çox yan yörənə baxıb məni axtarma
başın fırlanacaq yer kürəsi kimi
çalış özünü fırladan olmasın...
ayaqların yerə dəyməz
uçarsan quş olarsan
mərdi mazara tuş olarsan
vurarlar səni...
ürəyimdə boş olarsan
get.
Sən allah özündən muğayət ol
ehtiyyatlı get

***

Bu da bir iş deyil

Bu da bir iş deyil, iş deyil vallah
Sən çörək yeyəsən, mən də ac olam
Sən təklif edəsən, imtina edim,
İsrar etmiyəsən elə ac qalam

bu da bir iş deyil, iş deyil allah
Dağılır buralar hansını deyim
Bilmirəm səninlə harda danışım
Mənə dəyməsinlər hamısın deyim

Bu da bir iş deyil, iş deyil rəbbim
Halından xəbər tut biz insanların
Hec deyil sən özün şad xəbər gətir
Üzünü sevindir düz insanların

Bu da bir iş deyil, iş deyil tanrı
Cənnət cəhənnəmin ağlıma batmır
Nə imtahandısa tez elə bitsin
Mənim axirətə səbrim də çatmır

MANERA.AZ



Baxış sayı - 2 537 | Yüklənmə tarixi: 09.12.2015 17:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031