manera.az
manera.az

Bir dəfə düşmədim yadına sənin... - Şeirlər

Bir dəfə düşmədim yadına sənin... - Şeirlər
Manera.az gənc şair Elvirin şeirlərini təqdim edir:

***
Mən elə bilirdim sən dönəcəksən,­
Hər dəfə darıxıb qayıtdığıntək.­
Sən axı zənnimcə yenə də təksən,­
İndiyə darıxıb dönəydin gərək.­

Əvvəllər heç belə deyildin qəti,­
Küsüb getmək idi adətin, dərdin.­
Daşıya bilməzdin üç gün həsrəti,­
Pərişan-pərişan geri dönərdin.

Bilsəydim ayrılıq acısı nədi,­
Məhəbbət ummazdım boş ürəyindən.­
Yəni bir anlığa heçmi keçmədi,­
Həsrətin soyuğu daş ürəyindən?!­

Yəni sızlamadı yaran bir dəfə,­
Heçmi düşünmədin, heçmi anmadın?!­
Heçmi xatirələr doluşub evə,­
Yaxandan tutmadı, duyğulanmadın?!­

Nə isə...­
qoy olsun,­ deyəsən axı,­
Çox şey istəmişəm səndən eləbil.­
Başdan bilməliydim bizdə də çoxu,­
Ötəri hisslərdən başqa şey deyil.

Nə sənə bu həyat görünər çətin,­
Nə mənim sevdadan çəkən yaşımdı.­
Güman ki, bu, sənin ilk xəyanətin,­
Mənim də sonuncu aldanışımdı.­..


***
Nə tez ürəyindən daş asıldı, daş,
Gedəsi bir yerim yoxdu - deyirdin.
Payıza nə vardı, gözləyəydin kaş,
Hələ ayrılığın vaxtı deyildi...

İndi sən hardasa susursan, olsun,
Səsin heç olmasa duyulmur hərdən...
Nə deyə bilərəm, qoy unudulsun,
Qoy yaxan qurtulsun xatirələrdən.

Hələki sükuta arxalanırsan,
Bilmirsən ilğımtək aldadıcıdır.
Altında dayanıb kölgə sanırsan,
Başını qaldırsan - dar ağacıdır...


***
Biz elə adamıq, cırıq şalvara,
Zənginin əynində deyərik - dəbdir.
Yoxsul geyinəndə çəkərik dara,
Məzəmmət edərik - "Nə biədəbdir!"

Biz elə adamıq, qarın toxsa da,
Nə xeyri, gözümüz ac olanadək.
Vaxtında addımın xeyri yoxsa da,
Qəti tələsmərik, gec olanadək.

Biz elə adamıq, tamaha xətir,
Lazımsa nahaqqı haqqa yozarıq.
Yarpağa budaqda bir-iki sətir,
Xəzələ torpaqda dastan yazarıq.

Bülbülə qəfəsdə diqqət bəsləyib,
Sərçəni səmada qəti saymarıq.
Söz düşsə “Qarışqa, qarışqa!” deyib,
Taptayıb keçəndə məhəl qoymarıq.

Lap yeri gələndə ağız dolusu,
Xeyirxah işlərdən dil-dil ötərik.
Di gəl ki, “əməl”ə gələndə mövzu,
Aradan əkilib dərhal itərik.

Danarıq – kim yerdən qaldırıb bizi,
Elə bil belə də olmalı imiş.
Elə bil taleyin hər “kiçik” izi,
İlişib keçmişdə qalmalı imiş.

Biz elə adamıq bu yer üzündə,
Bölüşə bilmərik torpağı, suyu.
Durub addımbaşı haqqın izində,
Nahaqqı gəzərik ömrümüz boyu.

"Xeyir-dua"

Nəğmətək gəlmişdin bir axşamçağı,
İndi gəlməməyin ağıdır, ağı.
Saxladım zamanı, endim “aşağı”,
Harda ki, rast gəldim adına sənin.

Əlvida deməyin cəhənnəmə ki,
Tövbə ha deyildi, dönəydin təki.
Ürəyin sazağa döndü, mən də ki,
Havayı yanmışam oduna sənin.

Daha nəyim qalıb - bir əl, bir ətək,
Dönsən, innən belə dilənçilərtək,
Yetməz addımbaşı önümü kəsmək,
Yalvarmaq-yaxarmaq dadına sənin.

Halalın - hər nədən addadım keçdim,
Sən də bir arama qaldım ya köçdüm..
Zalım, düşəndə də oduna düşdüm,
Bir dəfə düşmədim yadına sənin...


***
Əvvəldən bizimki belə gətirdi,
Uzaqdan-uzağa danışdıq, dindik.
Uzaqdan-uzağa kədəri böldük,
Uzaqdan-uzağa güldük, sevindik.

Uzanır bu ömür-gün qırıq-qırıq,
Qısalır ümidlər, yaxınlaşmırıq...

Mənim ayaqlarım nəsə ərinir,
Sənin addımların ürkək, utancaq.
"Könüldən könülə yollar görünür",
Uzaqdan uzağa durmuşuq ancaq.

Uzaqdan-uzağa müqəvva kimi,
Arada qalmışıq, günlər ötüşür.
Nə sən cəhd edirsən yaxın düşəsən,
Nə mənim qürurum yaxamdan düşür.

Xəyallar yol alır üzüyuxarı,
Gerçəklər daş tökür yolumuz üstə.
Beş günlük dünyanı gecikdiririk,
Gör həyat nə hayda, biz nə həvəsdə...

Demirəm,
demirəm ürəyidaşsan,
Uzaqdan-uzağa salamın çatır,
Buna da min şükür,
başımı qatır...
Ancaq, qəribədir,
- bir addım atıb,
Yaxına gəlməyə hünərin çatmır.
Əslində səninçün gözüm çox atmır,
Sənsiz ay da doğur, günəş də batır,
(Ancaq heç nə sənsiz könlümə yatmır...)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031