manera.az
manera.az

Sinəmizdəki Zəhra dağı

📅 10.07.2017 12:03

Sinəmizdəki Zəhra dağı

SİNƏMİZDƏKİ ZƏHRA DAĞI


Cəmi 1 yaş 6 aylıq idi Zəhra. Bəlkə də təzə-təzə ayağı üstə durub yeriyə bilirdi, ya da addımlamağı yenicə öyrənirdi. Bəlkə də, təzə-təzə “ana”, “ata”, “nənə”, “baba” kəlmələrini öz dilində söyləyirdi. Lakin dünyadakı varlığı çox çəkmədi. Bir ailənin sevinci nisgilə, baharı payıza döndü, gülü-çiçəyi bir göz qırpımında soldu. Balaca ayaqlar bir daha iməkləmək, yerimək üçün addım atmadı, əllər heç kimin yaxasından, qollarından, boynundan tutaraq sarılmadı, ən acısı da üzdəki o saf və məsum gülüş solğun və cansız bir sima ilə əvəzləndi. Nədən?...Nəyə görə? Günahı nə idi axı onun?

Günahı yəqin günahsızlığı imiş. Namərdin silahından çıxan güllə məhz onu və nənəsini hədəf seçdi. Sinələrində vəhşi ürək gəzdirən yağı düşmənlərin açdığı atəş məsum Zəhra`nın canını aldı. Namərd gülləsi havada sürətlə şütüyərək bir ocağın odunu və yanan işığını söndürərək boğucu bir dumana və al qaranlığa qərq etdi. Əgər o güllənin vəzifəsi dağıtmaq, məhv etmək idisə, bir ailənin həyatının məhv olması biçimində olmamalı idi. Sinələrin alışıb yandığı, ürəklərə dağ çəkildiyi, gözlərin ah-fəğan etdiyi, boğazların düyünləndiyi, beyinlərin də dumanlandığı bu faciə, tək o ailənin faciəsi deyildi. Bu bütün varlıq aləminin, bəşəriyyətin faciəsi idi. Bitən dəkcə yaş yarımlıq bir körpənin ömrü deyildi. Bir insanın öldürülməsi, bütün insanlığın öldürülməsi dəyərində olduğu üçün, Zəhra`nın, eləcə də onun nənəsinin qətli də bütün insanların qətliamı deməkdir. Zəhra həm də gələcəyin bir anası, bütöv bir nəslin var olma səbəbi idi. Yəni günahsız yerə təkcə Zəhra öldürülmədi, həm də ayaqları altda cənnət olan bir qadın, bir ana, bir nəsil də onunla birlikdə qətlə yetirildi. Bunun cəzası da mütləq olmalı, haqsız yerə həyatları əllərindən alından iki canın qanı yerdə qalmamalıdır. Zəhra`nın həyatı qarşıda idi. Elə nənəsinin də nəvəsi ilə yaşayacağı ən şirin anlar, duyğular da. Amma düşmən yenə düşmənliyini edərək insafsızlığını yenə göstərdi. Həm nənənin, həm də nəvəni sonsuzadək bu anları yaşamaqdan məhrum etdi. Zəhra dil açacaq, həm yaşıdları ilə bütün uşaqlar kimi səhərdən axşama yorulmadan böyük coşğu ilə oynayacaq, bəlkə arada nadinclik edəcək, amma gülüşü ilə valideynlərinin ürəyini yumşaldacaq, həvəslə bağçaya, məktəbə gedəcək, özünü zəhmətə verib ali məktəbə daxil olmaq üçün gecəsini, gündüzünə qatacaq, bəlkə ən gözəl peşəni arzulayıb həyatını bu istiqamətdə davam edəcək, ailə həyatı quracaq, sonda isə özü ana olacaqdı. Yaxınları da bütün bunların şahidi olacaqdı. O həm də gecələr nənəsinin ona nağıl danışmasını istəyəcək, onun qoynunda yuxuya gedəcəkdi. Amma olmadı, namərdlər onun bu haqlarını əlindən aldı. Həmin qaniçən cəlladlara bir neçə sualım var. Axı, allahın verdiyi canı almağa sizə kim ixtiyar vermişdi? Güllələr silahdan çıxıb istiqamətləndiyi zaman bircə dəfə sizin də körpələrinizin, intizarla yollarını gözləyən bir ananızın var olduğunu düşündüyünüz oldumu? Ayrı-ayrı millətlərdən də olsaq bunları edərkən vicdanınız sızıldadımı? Məsələn, Qarabağdakı vəhşiliklərinizə rəğmən bizim xalq sizin tərəfdən keçən vətəndaşlara bir pislik etmədi, insan kimi davrandılar. Tarixi torpağımız olan ölkənizdə bir azərbaycanlı belə yoxdur, halbuki bizim ölkədə sizin millətin nümayəndələri bərabərhüquqlu prinsiplərlə yaşayır. Bunları da hesaba qatdınızmı? Yox. Qatmadınız. Yaxşı, yəqin, onda günahsız dinc insanları qətlə yetirərkən, özünüzü kişi hesab edərək fəxr etdiniz?

Əslində sizdən insaniyyət, humanistlik, empatiya, dürüstlük, vicdanlılıq kimi xüsusiyyətləri gözləmək ağıla xəyanət olardı. 25 il öncə zəbt etdiyiniz Qarabağ`ımızda böyüklər bir yana, kiçik uşaqları böyük vəhşiliklə qətlə yetirdiiniz. 6 il öncə də 8 yaşlı Fariz`in də həyatı eynən bu cür sonlandı. Bu uşaqların haqlarını “ədalət keşikçiləri” sizdən tələb etmədilər və sizin də ayağınız yer aldı. Beləliklə onlar da özlərinin sizdən heç bir fərqi olmadığını sübut etmiş oldular. Çünki haqsızlıq qarşısında susmaq ona ortaq olmaq, dəstək verməkdir. Əvvəldən həddinizi aşırı həddə aşmışdınız, amma sonuncu etdiyinizlə artıq səbr kasasını daşdırdınız. Sizə göstərilən humanistliyin cavabı olaraq vurduğunuz zərbələrdən çıxan nəticə budur ki, sizinlə ancaq anladığınız dildə danışmaq lazımdır. Gərək səbəb olduqlarınızın on qat əvəzi özünüzə qaytarıla, analarınızın ciyəri yana, şiddətli zərbələrlə ağır şoka uğradılasınız, başımıza gətirdiklərinizin eynisi başınıza gətirilə, bəlkə onda ibrət götürəsiniz. Amma şübhəsiz nahaq yerə yaşatdığınız müsibətlərin, məhv etdiyiniz həyatların, aldığınız canların əvəzini ödəyəcəksiniz. Məzlumların ahından ərş titrəyər. Zəhranın atasının etdiyi ahlardan qorxmağı sizə məsləhət görürəm. Özü demişkən, ona həm övlad, həm də ana acısı yaşatmaqla ikiqat ciyərini yandırdınız. Sizin də ciyəriniz şübhəsiz ki, daha ağır şəkildə yanacaq. O atanın da ahının yerdə qalması ən böyük haqsızlıq olardı. Bir yandan Azərbaycan ordusunun gücü, bir yandan uca Allahın ədaləti mütləq öz sözünü deyəcək. Necə ki, artıq ordumuz bunu cavabsız qoymadılar, sizə özünüzün həddinizi və nə qədər zavallı olduğunuzu göstərdilər. Bu daha başlanğıcın başlanğıcıdır. Başqa Farizlərin, Aliyələrin, Zəhraların qurban getməmələri üçün əsas tutarlı cavablar irəlidə veriləcək. Məğlubiyyətin ən dözülməz acısını isə Azərbaycan öz tarixi torpaqlarına qovuşanda hiss edəcəksiniz. Bütün məsmlar əbədi səadət yolunda olsalar da, ruhları şad şəkildə o torpaqlarda öz xalqının içində dolaşacaq. Həmin an göz açıb-qapayıncayadək olan müddət qədər yaxındır. Allahın izni ilə biz onu mütləq yaşayacağıq.


Zaur Cəfərov,
Manera.az


Baxış sayı - 1 860 | Yüklənmə tarixi: 10.07.2017 12:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031