Bilsən neçə dəfə qucaqlamışam ... ŞEİRLƏR | MANERA.AZ
Elməddin Nicat
QAPINA GƏLMİŞƏM
M.İsmayıla
Əvvəldən taleyi kür idim özüm,
Baxıb göz yaşıma kiridim özüm.
Açıb doqqazının kilidin özüm
Qapına gəlmişəm Məmməd İsmayıl.
Bir salxım yarpağın dərib söyüddən
Seçdim öyüdünü yüz-yüz öyüddən.
Alıb sorağını "Qərib Seyiddən"
Qapına gəlmişəm Məmməd İsmayıl.
Kim saldı araya bu ayrılığı,
İllər böyüdübdü o "üç aylığ"ı.
Tapıb gətirmişəm itən yaylığı
Qapına gəlmişəm Məmməd İsmayıl.
Aşdım zirvəsini qarlı bələnin
Biri də mən oldum sənə gələnin.
Yayınıb gözündən ağacdələnin
Qapına gəlmişəm Məmməd İsmayıl.
Bu qoca palıdda qeyrət dili var,
Bu dağda, dərədə heyrət dili var.
Bir nərgiz dindirdim Məmməd dili var
Qapına gəlmişəm Məmməd İsmayıl.
Keçmiş gələcəkdə qalan o qızdan
Teleqram gələcək sənə bir azdan.
Çıxıb Kəlbəcərdən, durub Tovuzdan
Qapına gəlmişəm Məmməd İsmayıl.
Ötən yaz bilmədim, bu yaz oxşayır,
Bu sənli ab-hava, avaz oxşayır.
Əsrik Kəlbəcərə bir az oxşayır
Qapına gəlmişəm Məmməd İsmayıl.
BƏLKƏ ŞEİR YAZIM BARIT QOXULU
Bəlkə sevgi şeiri yazmayım sənə,
Bəlkə danışmayaq hisslərimizdən.
Elə araçımız baxışlar olsun
Anlaşaq eləcə səslərimizlə.
Bəlkə şeir yazım barıt qoxulu
Bəzəkli-düzəkli, güllə şəkilli.
Hələ burnuna da qan iyi gəlsin
Cəsəddən ayrılmış kəllə şəkilli...
Yazımmı cəbhədə şəhidimiz var
Sabah da mən ollam "Vətən sağ olsun!"
Məni buraxmır ki, sənli duyğular
İçimi sən adlı çəkən sağ olsun!
Yazımmı can verən əsgər yoldaşım
Köksündən çıxardı bir qız şəklini.
Bilsən neçə dəfə qucaqlamışam
Məni hifz eyliyən kağız şəklini...
...Alarsan üçbucaq əsgər məktubu,
Bir şeir gələcək içində zəfər.
Məktubu göndərən sənin sevdiyin
Məktubun gəldiyi ünvan:-Kəlbəcər.
İÇİMDƏ BİR QƏBİR ÖLÜR
Ölümdən qabaq adamda,
Ümid sınır, səbir ölür.
Ağaclar tək tək qırılır,
Adamlar da bir bir ölür.
Sən bildiyin o nə sirrdir
O "sirr" var ha! bir sətirdir.
Məni öldürüb bitirdi
Özü məndə bitir, ölür!
Varmı qohum, yadın olan,
Sən nəsənmiş qadın olan
Başdaşında adın olan
İçimdə bir qəbir ölür.
Manera.az