Hərbi and - 1 silah, 2 güllə |MANERA.AZ
![]()
MANERA.AZ Seyid Aynurun şeirlərini təqdim edir:
QARANLIQ
Bilmirəm yaydımı, qışdımı indi?,
İçimdə bir sevgi qarlayır elə.
Nə vaxtdır mən soyuq, sən də soyuqsan,
Tanrımı, bəndəmi qarğayır belə?!.
Sənli fikirlərim qəfil qar olur,
Qonur kirpiyimə, düşür üzümə.
Sevincdən yüyürüb uşaqlar kimi,
Çevrilir başına, düşür izinə.
Səhər otağıma doğur qaranlıq,
Axşamlar daha da qorxulu olur.
Məni səhərədək boğur qaranlıq,
Sənin gecələrin yuxulu olur.
Döydüyün qapının rəngi başqadır,
Bütün yollar indi sola burulur.
Qınamıram vallah, şairsən axı-
Gündə bir cavan qız sənə vurulur.
* * *
Hərbi and,
1 silah, 2 güllə,
Məhəbbət
1 arzu və 2 bədən,
Ölmək üz-üzə,
yox olmaq –çarəsizcə,
Vüsalların “ən” ,
“ən”idir yəqin!.
* * *
QADIN
Bir qadın xəstəxana pəncərəsindən baxar:
anasının qoxusunu almış körpə tək,
iməkləyər kor ölümün dalısınca.
Yaralı göyərçin qədər titrək,
payız yarpaqları kimi solğun,
siqaretdən yox, dərddən azarlamış,
bir cüt ciyərini qollarıyla sıxar.
bir qadın xəstəxana pəncərəsindən baxar,
və düşünər:
müharibələri, köçkünləri, əsirləri,
qan leysanının yuduğu səhra, çölləri,
səngərdə düşmən snayperinə tuş gələn əsgəri,
zibilliklərə atılmış körpələri.
Bir qadın xəstəxana pəncərəsindən baxar,
və unudar:
QADINLIĞINI!.
* * *
Nə zillənən qəzəbli baxışların,
Nə də günün istisi,
Məni yandıran-
Sənin onu
sevməyin oldu.
* * *
“Göyçək Fatmanın nağılı”
“Biri azdı, biri çox,
Biri vardı, biri yox”.
Kasıbların ac qarnı,
Olmur almalarla tox.
Fatma qədər deyildim,
Kəndirimi açalar,
Bir qarının evinə,
Əlçimimi atalar.
Yığ, ay qız, tellərini,
Nağıllarda yu asan,
Yox şəhərdə rəngli su,
Axı necə yuyasan?!.
Diri vaxtı danışmır,
İnəklər baş qatmağa.
Çevrilmir sümüklər də,
Nə ipəyə, başmağa.
Körpüdən keçən zaman,
İtməz tayı başmağın.
Gəzə, araya səni,
Adamları padşahın.
Gizlədəndə analıq,
Banlamır xoruz damdan.
Nağıllarda quşlar da,
Mərd olur adamlardan.
* * *
KÜSMƏ
Elə bil dalınca düşübsən,
saat qaçır, ayrılığa tələsir.
Ağlıma da bir fikir gəlib:
güləcəksən bəlkə də,
barmağımdakı üzüyü,
saatın əqrəblərinə taxıb,
uçacağam yanına.
Küsmə nə olar,
gələcəm!.
* * *
"Sənə şükür, ay Allah,
Şükür sənə , İlahi,
Nə yaxşı gülü torpağa,
Yağışı buluda həmdəm yaratdın!
Ancaq bu unutduğun,
Ağlamağı sellərdən öyrənmiş bəndənə,
Gözlərini ovuclarına sıxacaq,
Həmdəm, sirdaş göndərmədin,
Elə hey, həmdərdləri yolladın!
Ey, unu buğdanın canından çıxaran,
Suya və çarxa yazığı gələməyən, dünya,
Barışmışam artıq sənlə, dostam daha,
Ancaq yenə də yovuşa bilmədiyim,
O qədər dərdlərim var ki...”
Asandır yarpaq kimi,
Boz quşa budaq kimi,
Calaq olmaq ağaca,
Vallah, yaman ağırdır,
Adam olmaq balaca!
* * *
AYRILIĞIN YASI
Ötən yaz,
Yağışlar yolunu kəsmədimi,
küləklər əlindən almadımı heç,
sənə yazdığım sevgi dolu şeirləri?.
Sevgimiz ayağında,
xatirələr boz çamadanında gedəndən bəri,
Üzüm tinglərdə,
Günah alma ağaclarında qalmadımı?.
Bizsə payızda tutduq ayrılığın yasını,
əlvida, ey yaz,
ayrılığın günahı almaların,
səndən sonra kədər dolu üzüm,
ağ şanının.
* * *
MƏHƏBBƏTİN
Əlil arabasına bənzəyir məhəbbətin,
sənə çatım deyə,
maşınları saxlayıb,
qarşıdakı yolu keçmək lazımdır.
Alınası iş deyil-
bu şəhərdə maşınlar sürətlə gedir.
* * *
SARI KÖYNƏK
Məhəbbəti evinizdə yanğın bilib,
söndürdü atan.
əynində narıncı kostyum,
başında qoruyucu kaska,
əlində yüksək təzyiqli su şırnağı-
çətin olur el qınağı.
Deyirlər qəmginsən,
ad günündə aldığım
o çox sevdiyin sarı köynəyinin düyməsi haralardasa düşüb.
“Insan əlindən nələrin getdiyini
ən dəyərsizi itirəndə anlayır”.