manera.az
manera.az

Həyat- Şəhla Nihanın qısa hekayələri/ MANERA.AZ

📅 13.03.2017 20:40

Həyat- Şəhla Nihanın qısa hekayələri/ MANERA.AZ


Manera.az Şəhla Nihanın qısa hekayələrini təqdim edir.

1
Bir şair vardı. İncitmişdilər onu. Elə hey soyuqdan, sazaqdan yazardı. Yazıları don vurmuş göz yaşlarıydı, hamını dondurub, onu isidərdi. Bir dəfə dərindən ah çəkəndə evinə od düşdü. El-oba tökülüşdü, yanğını əlyazmalarıyla söndürdülər.
Daha yazmadı şair. Alovdan yazmağın istisi yox idi...

***

2
Taleyini o qədər qarğımışdı ki, aşsüzənə döndərmişdi. Bir dəfə onu kürəyindən açıb qarşısına qoydu, diqqətlə nəzərdən keçirib fikirlərə qərq oldu:
- Eyvah... bununla neyləmək olar? taleliyi qalmamış..
Mətbəx avadanlığına qatıb məişətdə işlətmək fikrindəydi ki, birdən diqqətini taleyinin kələ-kötür səthi çəkdi. Çəkic və sumbata kağızı götürüb bütün nahamar çala-çuxurları cilaladı. İşım-işım işıldayan düppədüz taleyini yenidən kürəyinə şələləyib böyük ümidlərlə yoluna davam elədi. O gündən həyat onu bir daha sınağa çəkib dərə-təpəyə salmadı.

***
3
Ona demişdilər ki, tərəqqi hər zaman özündən bir addım öndə olmaq stimulu ilə başlayır. O da çalışırdı, cani-dildən çalışırdı. Ayları həftələrə, həftələri günlərə, günləri saatlara yaşayırdı. Beləcə gəlib yetişdi qocalığa. Yenə də tələsdi, yenə də özündən qabağa qaçdı və dönüb arxasına baxanda..heyhat!.. özünü qoyduğu yerdə tapa bilmədi. Həyatın bitib qurtarmaq xüsusiyyətindən xəbərsizdi...

***
4
Bir Günəş ana vardı, bir də kirimişcəsinə ətrafına fırlanan səyyarə balaları. Ana onları çox istər, qızındırardı, kimini çox, kimini az. Bir dəfə eşidir ki, o biri dünyada ana-övlad, qohum-qardaş söhbəti keçmir, elə özü boyda bir “niyə bəs onda??” sualı doğur qarşısında. Çox fikirləşmədən əlini atıb özünü açır ümumplanetar şəbəkədən.
Elə o fırlanan, bu fırlanan...

***
5
Qayğılar, problemlər daim peşində. Qaçmaqdan, qovulmaqdan yorulmuşdu. Axırda dayanıb durdu, onları özündən qabağa buraxdı. Dedi, siz buyurun keçin, mən özüm gələrəm arxanızca.
Aldatdığını sandı. Qaçmır, asta-asta addımlayırdı ki, bəlkə gözdən itələr və canı qurtara onlardan. Birdən arxadan addım səsləri eşitdi. Onlar idi, yenə arxasınca qaçırdılar. Yerin dairəvi olduğunu unutmuşdu tamam..

***
6
Bütün arzuları çox keçmədən yerinə yetirdi, özü də artıqlamasıyla. Ağ istərdi – ağ olardı, işıq istərdi – işığa qərq olardı, ruzi – başından tökülərdi, məhəbbət – üçü birdən sevərdi, uşaq – ildə ikisi doğulardı. Axır bezdi ifratçılıqdan. Əllərini göyə qaldırıb dedi: “Allahım, daha heç nə istəməyəcəyəm, öz “doza”mı bilmirəm mən. Sən özün mənə layiq olduğum qədər ver, rəbbim, sənə arxayınam.”
Göylər eşitdi səsini. Elə həmən gün evinə oğru gəldi, nəyi vardı, yığıb yığışdırıb apardı. Sonra işdən qovuldu, maşınını vurub tamam sıradan çıxartdılar, evi yandı, kirayələrə köçməli oldu. Arvadı atdı onu getdi, uşaqları da apardı. Səhhətiylə problem yaşadı, növbənöb xəstəliklər tanıdı yaxasını.
Bir gün qapısından içəri bir kağız tulladılar, qaldırıb baxdı, cənnətə bilet və viza idi..

***
7
Mənən təkmilləşmək, kamil birisinə çevrilmək istəyirdi. Satori, katarsis filan. Ət və ət məhsullarından imtina etmişdi, gününü meditasiya ilə keçirir, bütün pis vərdişlərindən əl çəkib, ağır fikirlərdən daşınır, neqativ meyllərdən qurtulurdu. Bu səssizlikdə bəzən ona elə gəlirdi, quşların dilini anlamağa başlayıb, ətrafı işıqlanıb. Müqəddəsləşirdi yavaş-yavaş, belə davam etsəydi qanad da çıxaracaqdı..
Bir gün elə öz dünyəvi rəvan ilıq fikirləryilə baş-başaykən,
mənəviyyatının günahlardan xali vadilərində o baş-bu başa at səyirdərkən,
onda ki, pəncərə tülünü dəlib mənbəyi naməlum zərrin işıq sütunu şığımışdı içəri, onda ki, bütün yaradılışı sevib özünü kosmos-kosmosu özü hesab edirdi, onda ki, hara gəldi getmək/ getdiyi yolları unutmaq/ maneələri ovcuyla silmək istəyirdi ... - qapı döyüldü.
Gedib baxdı, işıq pulu ödəməsi üçün bildiriş gətirmişdilər.

***
8
Biri gedir sehrli talaya özünə dilbər axtarmağa. Gözəl səliqəli ev görür, üstündə yazı: “Mən özüm boyda bir kaprizəm”. Maraq ona güc gəlir, qapını döymədən ayağı ilə itələyib açır və içəri keçir. Fikirləşir, kaprizi yalnız qabalıqla yenmək olar.
İçəridə görür al-əlvan erkək tovuz quşu şəstlə o başa gedir, bu başa gəlir. Xadimələri də biri yelpinclə yelləyir onu, o biri əlindəki güzgünü gah sağdan tutur, gah soldan, gah öndən- arxadan. Tovuz quşu hibrid biri olur - başı tülkü başı, ayaqları məməlilərin cütdırnağından.
Qonağın nitqi tutulur, heyrət dolu nəzərlərini ev sahibinin üzünə dikib yekə bir sual işarəsi üfürür havaya. “Kapriz” tərs-tərs onu süzüb dillənir:
- Qapının üstündə “İdeal” sözünü oxudunmu?
- Yox.
- Elə isə niyə burda ideal görmək arzusundaydın?
Müxtəlif şeylərə özü bildiyi adı qoyub nələrsə gözləmək, sonra o gözləntini həmən xislətdə bulmadıqda gözləri hədəqəsindən sıçrayana qədər heyrətlənmək ancaq insana xas xüsusiyyətdir.

***
9
- Məlunlar, mərifətsizlər! Bəsdirin basırıq saldınız. Sakit olun, intizama riayət edin, növbəni gözləyin.
- İndi mənəm, mənim növbəmdir.
- Yox, çəkil kənara. Mən keçməliyəm!
- Sən hara dürtülürsən?! Keç arxaya, mən Oparin koaservantıyam.
- Gözümüz aydın. Mən də Foks mikrosferiyəm.
- Əgər nəsil-şəcərənizi buraya tökəcəksinizsə, bilin, mən də yerdən çıxmamışam. Mən Eqami meriqranuluyam.
- Nolsun? Hərənin öz statusu var. Heç kəs göydən düşməyib bura. Ayrı-seçkilik niyə salırsız axı?
- Ax tərbiyəsizlər, döyənəyimi tapdaladınız! Sizi görüm anticisimlər yaradasız! Sizlə işmi görmək olar?! Sizlə yeni eramı açmaq olar? Sizmisiz yaradıcısı o gözəl gələcəyin??! Sizləmi fəxr edəcəyik? O gözəl möhtəşəm missiya sizlərinmi boynunda?? Rəzalət!!...
- Əvvəl mən keçməliyəm, mən olmasam heç nə olan deyil.
- Özüm keçəcəm! Hər şey məndən başlar. Siz hamınız məndən sonrasız.
- Sus, naməddə! – deyərək uzunçuluq edənin üstünə şığıyıb ona çırpıldı. Yazıq qovuqcuq “uf” deməyə macal tapmamış canını tapşırdı. Ona çırpılan özü də zərbdən partladı. Beləliklə, molekulyar səviyyədə ilk qətl hadisəsi və intihar törədildi. Savab dəftərinin hələ üzü açılmamış günah dəftərinə ilk yazı düşdü və elə o vaxtdan günahlar savabları üstələyir.
Önündəki növbə iştirakçıları arasında qovğa yaşanmış qapının üstündə belə bir lövhə vardi:
“Qədim dünya okeanı. İlkin bulyon proseslərinə nəzarət komitəsi”.

***
10

HƏYAT
(harda qurtarır-qurtarsın, qırıldığını sanırlar).

MANERA.AZ


Baxış sayı - 2 032 | Yüklənmə tarixi: 13.03.2017 20:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031