manera.az
manera.az

İnsanı yaxşı edən- Nübar Lətiflinin hekayəsi/ MANERA.AZ

İnsanı yaxşı edən- Nübar Lətiflinin hekayəsi/ MANERA.AZ


Nübar Lətifli

Düşüncələrin ağuşunda itib getdiyindən dünya ilə əlaqəsinin kəsildiyini düşünürdü. Bəzən beyninin hər qırışını, bədənin hər əzasını, hüceyrəsini, canına dolanmış hər qan damarını hiss edirdi. Düşüncələr dəryasında gah qızıl balıq olub suların dibindən səthinə kimi üzə-üzə gedir, gah da üzməyi bacarmayan varlıq olaraq boğulur, suyla dolduqca dibə enir, enir, enirdi. Sonra suyun dərinliklərindən baş qaldırıb üzü yuxarı seyrinə davam edirdi. Cansız cəsədindəki açıq gözləri ilə göydəki ulduzları tək-tək sayırdı. Ruhən artıq o ulduzları kəşf etmiş olurdu. Son budur... Və əlbəttə, bu sonda gözlədiyi başlanğıc...

Sanki altına tikanlar düzülmüşdü, gah sağ böyrü, gah sol böyrü üstə çevrilir, əzablarına sarılaraq birdən ağzı aşağı, sarıldığı əzabların ağrısına dözə bilməyib tezcə yenidən kürəyi üstə xəyali səmasına baxaraq gözlərini yummağa çalışırdı. Nə baş verdiyini anlamamışdı. Niyə yuxuda ağrı hiss edirdi? Yuxudaydımı? O, heç yatmamışdı axı. Ayıq idi. Hətta xəlvətə sinib bir siqaret də çəkmişdi. Siqaretin tüstüsünə dözə bilmədiyini xatırlayırdı. Hər qüllabı sümürdükcə ciyərlərinə gedən dumanın ağzına sovrulub, nəfəs borusundan keçərək incə sinəsinə necə yayıldığını hiss edirdi. Tüstü burun boşluğuyla sanki geriyə yol axtarırdı. Tez-tez öskürək tuturdu, dik sinəsi əsirdi. Filmlərdə görmüşdü, təzə başlayan hər kəs belə əziyyətə qatlaşırdı.

Amma bu, ona əzab vermirdi. Sadəcə əzablarını tərpədirdi. Hətta dumanın başının içinə girdiyini, ön beyin, ara beyin, orta beyin, beyincik və kötükdən ağacına kimi bütün beyninin hissə-hissə hər səhtinə toxunduğunu hiss edirdi. Tüstü toxunan hər hissədə bədəninin əzalarını sanki dondururdu.

Barmaqları elə bil birdən tutuldu və hələ bitirmədiyi siqaret üzüklü barmağıyla üzüksüzün arasından sürüşüb yerə düşdü. Ayağının qarşısında hələ közərə-közərə işıldayan siqaret yan-yörəni yandırmağa başladı. Ayağını nə qədər geri çəkmək istəsə də bacarmırdı. Ayaqları torpağa bitişən ağac kimi idi. Kələ-kötür, yöndəmsiz, hərəkətsiz. Elə bu vaxt siqaretin alovlandırdığı yerdə əvvəl kiçik, sonra böyüməyə başlayan bir quyu yarandı. Quyunun kənarları aşınaraq hər şeyi içinə doğru, özünə çəkirdi.

Budur, donmuş bədəniylə birdən dik ayaqüstə boşluğa - quyunun dibinə düşdü. Yer yarılıb arasına girmək bu olmalı idi. Uşaqlıqda daim yuxuda bundan qorxardı, amma heç vaxt özünü həmin quyunun dibidə görməzdi. Düşüncələrində “kaş görəydim” deyə bir arzu hiss etdi. Hazırlıqsız düşmüşdü bu dibə. Sonsuz qaranlığın içində idi. Rahat nəfəs alırdı, bura havasız deyildi. Təkliyi arzulamışdı - bu da arzuladığı həmin təklik...
Amma qaranlıq onu qorxudurdu, heç özünü də düşünə bilmirdi. Bu qorxu onun heç vaxt qarşılaşmadığı hiss idi. Çox qəribə gəlirdi ona. Telefonu hanı bəs, həmişə üstündə gəzdirirdi axı. Amma əlləri də tərpənmirdi. Sanki əllərində bir ağırlıq vardı, ancaq heç başını da tərpədə bilmirdi. Tərpətsəydi də qaranlıqda heç nə görməyəcəkdi. Qaranlıq sonsuza qədər uzanırdı. Bir işartıya ehtiyac vardı!

Ən qara buludun arxasına çəkiləndə də dünyanı işıqlatmağa gücü çatan günəşin şəfəqinə və ya bir qaloya ehtiyacı vardı.
Keçmişi xatırlamağa çalışdı, heç nə yadına düşmədi. Bu gününü yada salmaqçünsə gözlərini yumdu. Alınmırdı. Sanki hər şey qaranlığa qərq olmuşdu. Sevgisini düşündü, eşqini, nifrətini, həsrətini fikirləşdi. Silinmişdi. Bunu arzuladığını bilirdi. Hər şeyi unutmağı arzuladığını unutmamışdı. Kim olduğunu, haradan gəlib, hara getdiyini unutmağı arzulamamışdı. İndi insan olduğunu belə xatırlamırdı. Daha əzab da çəkmirdi. Ağrısı yox olmuşdu. Xoşbəxtlik yəqin bu idi. Ya da ölümdü.... Hər şeyin sonu. Düşdüyü bu halın adı nəydi? Bircə cavab vardı beynində: Ümidsizlik. Həyatından xatırladığı tək şey ümidsizlik idi. Hər yerdə itirdiyi ümid xatirələrində itməmişdi. Ümidsiz ölmüşdü, ümidsiz bitmişdi. Qaranlıqlarda yox olmuşdu. Elə bil Yusif olmuşdu quyunun dibində. Bir qığılcım, müdhiş şimşəyin, ildırımın uzaq göydə çaldığı parlaq qığılcım bir təsəlli olardı ona.
Bomboş düşüncələrində tək bir şey vardı. Ümidsizlik. Qəfil bir anlıq düşünə bildi. Beyninə saplanan tək ümidsizlik deyildi, həm də ümidsizliyi yaradan ümid vardı...

Elə bu an bir işıldaböcək zəif işığı ilə gəlib qondu düz burnuna. Gözlərini qoşalayıb işığa baxdı. Bəlkə özünün bu görkəmini kənardan görsəydi, gülərdi. Amma son zamanlar gülməyi də unutmuşdu.

İşığa baxdıqca gözlərində bir işartı yaranırdı. Sönmüş bir ocağın kömüründə qırmızıya çalan işartı. Gözlərinin işığıyla düz qarşıya baxdı. Ayağının altındakı torpaq elə bil qabarmağa başlayırdı. Sanki 100 mərtəbəli binanın sürətli lifti ilə torpağın nüvəsindən səthinə doğru qalxırdı. Yavaş-yavaş başını hərəkət etdirməyə cürəti çatdı. Alınırdı. Başını yuxarı qaldırdı. Günəşin bulud arasından süzülən zolağı düz onun üstünə düşürdü. Sanki böyük bir səhnədə projektor işığının altında idi. Amma bu hələ məşq idi. Böyük tamaşa başlamamışdı.

Getdikcə ətrafı işığa bürünürdü. Soyuq idi, üşüdüyünü hiss etdi. Əllərini hərəkətə gətirdi. İsinmək üçün qollarını sinəsində çarpazladı. Dünyanı sonsuzacan uzanan qar basmışdı. Göz qamaşdıran, ağappaq gözəllik idi. Amma bu gözəllikdə də üşüyürdü... Yeriməyə başladı. Ayaqlarının əvvəlki kimi gözəl insan ayağı olduğuna sevinirdi. İnsan olduğunu xatırlayırdı artıq. Kim olduğunu, hardan gəlib, hara getdiyini bilirdi. Sevgisini, sevgilisini canladıra bilirdi gözü önündə. Özünü də xəyal elədi Keçmişini xatırlayırdı, bu günü də yadında idi. Amma hələ də tir-tir əsirdi soyuqdan. Sanki ruhu qarda donmuşdu, baharda təzə tumurcuqlayan budaqları şaxta vurduğu kimi, ümidlərini də şaxta kəsmişdi. Düşüncələrini qırov tutmuşdu. Duyğularını isə sırsıra məhv eləmişdi.

Amma daha qaranlıq deyildi. Hər əzası hərəkət edirdi. Düşüncələri aydın idi. Sonsuzluq olsa da, soyuq olsa da yeriyəcəkdi. Gedəcəkdi bu yolu axıracan. Bəlkə ayağı daşa dəyib üzü üstə yıxacaqdı onu, amma daşdan tutub qalxacaqdı. Ayağının ilişdiyi daşı əlinə alıb qarşısına atacaqdı və hər addımına baxacaqdı.

Sonsuz səmadan günəş işıq saçacaqdı. Əridəcəkdi büsbütün hər yanı tutmuş qarı. İsinməyə başlayacaqdı – həm cismən, həm ruhən. Bəlkə sevəcəkdi, bəlkə daha heç vaxt sevməyəcəkdi xatirələrində gizlənən kişidən başqa kimsəni. Həsrətinə qapılacaqdı. Amma mütləq sevəcəkdi. Həyatı sevəcəkdi. Ümidi sevəcəkdi. Bir də qaranı yalnız gözlərinin rəngi kimi xatırlayacaqdı.

Düşüncələrin ağuşunda gülümsəyə-gülümsəyə gözlərini yumdu. Övladının “ana” səsinə ayıldı. Başının üstündə bir cüt göz mələk kimi baxırdı. Boynuna sarılaraq öpüşlərinə qərq etdi anasını. Ağrımırdı heç yeri, quş kimi yüngül olmuşdu.
Tez yerindən qalxıb, möhkəmcə qucaqlayıb sinəsinə sıxdı sevgilisini, bütün anaların hissi eynidir düşüncəsiylə.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930