manera.az
manera.az

Gənc yazıçı Şəhla Aslanın “Qutsal dönüş”ü | MANERA.AZ

📅 18.01.2016 12:39

Gənc yazıçı Şəhla Aslanın “Qutsal dönüş”ü | MANERA.AZ
MANERA.AZ
Bu yaxınlarda Kitabevim.az-da düzənlənmiş bir tədbirdə iştirak edirdim. Adətim üzrə, yenə də gənc yazarların yeni nəşr olunan kitabları cərgələnmiş rəfə göz gəzdirdim. Şəhla Aslanın “Qudsal Dönüş” kitabına gözüm sataşanda xatırladım ki, bu kitabın bir müddət əvvəl keçirilən təqdimatına dəvətli olsam da orada iştirak edə bilməmişəm. Kitaba diqqətlə baxdığımı görən gənc yazar Çinarə Ömray kitabı almaq niyyətimi duydu və həmin kitabdan birini çantasından çıxarıb mənə bağışladı.

Kitaba müəllifin eyni adlı povesti və üç hekayəsi daxil edilmişdi. Nəşriyyat işində çalışanlar adətən kitabın bədii tərtibatına və poliqrafik keyfiyyətinə diqqət edərlər. Etiraf edim ki, bu “xəstəlik” məndən də vaz keçməyib. Bu mənada, ilk baxışdan tərtibatını bəyənmədiyim, hətta adındakı “Qutsal” sözünün yanlış olaraq “Qudsal” yazıldığını duyduğum kitabı Bakıdan Sumqayıta dönərkən taksidəcə varaqlamağa başladım. Yeri gəlmişkən, onu da deyim ki, mütaliədə nəsr əsərlərinə, xüsusən də hekayə kitablarına daha çox üstünlük verirəm. Hekayə mənim ən çox sevdiyim janrdır. Oxumağa kitabda ilk yer alan “Qutsal dönüş” povestindən başladım. Müəllifin dili və təhkiyəsi, eyni zamanda mövzusu diqqətimi cəlb etdi. Mənzil başına çatıncaya qədər 10-15 səhifə oxumaq imkanı qazandım. Amma kitab redaktəsi ilə məşğul olan hər kəs kimi bu yerdə mən də karandaşsız ötüşə bilmədim. Dil və ya üslub səhvi kimi qəbul etdiyim və ya daha sərrast ifadə edilə biləcəyini düşündüyüm söz, cümlə və ya ifadələrin altını çizməyə başladım. Bəzi səhvlərin texniki səhvlər ola biləcəyi ehtimalını da nəzərə almaqla özüm üçün qeydlər etdim. Amma povestin süjeti, hadisələrin dinamikliyi məni ardınca çəkib apara bilmədiyinə görə kitab bir müddət yazı masamın üzərində onu oxuyacağım günü gözləməli oldu.

Nəhayət, vaxt tapıb, kitabdakı hekayələri oxumağa başladım. İlk oxuduğum “Qızılquş” hekayəsi məni bərk tutdu və bir oxucu olaraq çox duyğulandırdı. Öz baba və nənəsinin hekayətini qələmə alan gənc yazıçının bu hekayəsi çox uğurlu alınmışdı. Sinnləri səksəni adlamış baba və nənənin keçmiş günlərini xatırlamalarının fonunda ucqar bir dağ kəndinin mənzərəsi və kənd həyatının özəllikləri cəmi beş səhifədən ibarət olan bu hekayədə çox həssaslıqla qələmə alınmışdı. İndilərdə, kəndi və onun insanlarını nəsrə gətirən, gələcək nəslə örnək ola biləcək çox incə mətləblərə toxuna bilən gənc yazarlara çox az halda təsadüf etdiyimdən Şəhlanın bu uğuruna çox sevindim. Bir az da obrazlı desəm, səksən yaşlı babası bəlli qızılquşu göydə “əlhavası”na vurduğu kimi, Şəhla Aslan da “Qızılquş”unda “quşu gözündən vurmuşdu.” Onun Qızılquşu sözün həqiqi mənasında oxucunun gözləri önündə göyə millənəbiləcək qədər canlı təsvir edilmişdi.

Sonra kitabda gedən “Papaq” hekayəsini oxumağa başladım.

Öncədən etiraf edim ki, bu hekayə son zamanlarda oxuduğum ən gözəl hekayə kimi yaddaşıma yazıldı. Hekayənin mövzusu kənddən paytaxt Bakıya – aşıqların festivalına gəlmiş qocaman bir aşığın başına gələn əhvalatı əhatə edir. Müəllif qəhrəmanını təsvir edincəyə qədər insanlarının mənəviyatı korlanmış şəhər həyatı ilə təbiəti kimi insanları da saf və yaxşı mənada sadəlövh olan kənd həyatı arasında paralellər aparıb öz qənaətlərini inandırıcı və səmimi bir şəkildə oxucuyla bölüşür. Hadisə şəhərdaxili bir marşrut avtobusunda cərəyan etsə də, yazıçı müasir Azərbaycan cəmiyyətinin özəlliklərini bütövlükdə burada cəm olmuş sürücü və sərnişinlərin timsalında qabarıq şəkildə oxucusuna çatdıra bilir. Hekayənin qəhrəmanı olan buxara papaqlı qocaman aşıq və müəllifin xəyalları şəhər həyatının naqisliklərinə dirəniş göstərən yeganə və təklənmiş təmizlik simvoluna çevrilir. Və əks qütblərin mübarizəsi, mən deyərdim ki, müharibəsi başlayır. Qaranlıq var qüvvəsi ilə işığın üzərinə yeriyir.

Nəticədə İŞIQ get-gedə öləziyir və sönür – onun bələdçi bilib yanınca gətirdiyi “porsuq”un fırıldağına və içində mənəviyyatdan əsər-əlamət qalmamış avtobus sürücüsünün tənəli sözlərinə tab gətirə bilməyən aşığın ürəyi elə dayanacaqdaca patlayır. Hekayə, aşığın kənara atılıb qalmış papağına müəllifin ürək göynədən münasibətiylə sonuclanır. Mənə elə gəlir, gənc yazıçı hekayəni məhz “Papaq” adlandırmaqla və oxucunun diqqətini bu nöqtəyə yönəltməklə çox həssas və ağrılı bir mətləbə işarət verir.

Kitaba daxil edilmiş üçüncü hekayə - “Cəza” o biri iki hekayə qədər ürəyimə yatmasa da burada da milliyətçi mövqe, milli təəssübkeşlik sərgiləndiyi üçün ayrıca bir nöqteyi-nəzərdən diqqətə layiqdir,- deyə düşünürəm.

Şəhlanın hekayələrini oxuyub bəyəndiyim üçün “Qutsal dönüş” povestinin ardını da oxumağa qərar verdim. Əvvəldə o qədər də çəkici olmayan povestin süjet xəttində irəlilədikcə baş verən dinamiklik oxucunu ardınca çəkib apara bilirdi. Amma, istənilən halda yenə də düşünürəm ki, müəllif “Qutsal dönüş”ünü azca sıxmaqla onu daha oxunaqlı bir “uzun hekayə” şəklində oxucusuna yenidən təqdim edə bilər.

Ümumiyyətlə isə, kitabı oxuyarkən Şəhla Aslanın gənc yazarlar içərisində dərin milli təfəkkürə, fərqli düşüncəyə və yazı manerasına malik olduğunu müşahidə etdim. Gələcəkdə onun çox ciddi bir hekayə ustası kimi yetişəcəyinə, yaradıcılığında daha qutsal bir irəliləyiş edəcəyinə mənim qətiyyən şübhəm yoxdur.

P.S. Kitabın nəşrində tələskənliyə yol verildiyini və bundan dolayı müəllifin öz əsərlərini kitab çapa gedərkən bir daha yetərincə incələmək imkanının olmadığını sonralar öyrəndim. İstənilən halda, bu məsələdə də bütün gənc yazarlarımızı diqqətli olmağa çağırıram. Kitab nəşr etdirməyin məsuliyyəti ağırdır.

İbrahim İlyaslı,
"Kaspi" qəzeti


Baxış sayı - 1 880 | Yüklənmə tarixi: 18.01.2016 12:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031