Anarın ərəb dilində kitabı təqdim olunub - MANERA.AZ

Bu günlərdə Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində xalq yazıçısı Anarın ərəb dilində tərcümə olunmuş seçilmiş əsərlərindən ibarət kitabın təqdimatı mərasimi keçirildi.
Tədbiri giriş sözləri ilə açan Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqları salamlayaraq bildirdi: “Misir Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də həm Misirin, həm də Azərbaycanın görkəmli ziyalıların, elm xadimlərinin həyatı və yaradıcılığı ilə, onların əsərləri ilə Misir oxucularını məlumatlandırmaqdan ibarətdir. Azərbaycanın xalq yazıçısının sevilən əsərlərindən ibarət toplunun ərəb dilinə tərcümə olunması sevindirici bir haldır. Bu toplu nəinki Misir, eyni zamanda geniş coğrafi ərazini əhatə edən 22 ərəb dilli dövlət və 500 milyon əhalinin oxuması üçün nəzərdə tutulmuşdur. Bundan başqa qeyd etmək istərdim ki, Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması ölkələrimizin bir birinə yaxınlaşması, daha yaxşı tanıması üçün seçilmiş ən düzgün yol və İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür.”.
Sonra Fələstin Dövlətinin ölkəmizdəki səfiri cənab Nasir Əbdül Kərim kitab haqqında öz təəssüratlarını bölüşərək, Azərbaycan yazıçılarının əsərlərinin ərəb dilində tərcüməsinin vacib olduğunu vurğuladı.
Tədbirdə ərəb ölkələrinin Azərbaycandakı səfirləri, diplomatları, Baki Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Millət vəkili Nizami Cəfərov, türkoloq Tofiq Məlikli, folklorşünas, publisist, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar İttifaqının üzvü, xalq şairi Nəriman Həsənzadə, Azərbaycanın xalq artisti Alim Qasımov və digər ziyalılar iştirak edirdilər.
Sonda xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirildi.