manera.az
manera.az

neçə tale, neçə ölüm və neçə ölümsüzlük... -MANERA.AZ

neçə tale, neçə ölüm və neçə ölümsüzlük...   -MANERA.AZ
Əli Şirin Şükürlü Sayad


Ədəbi Suprematizmə aid yeni nümunə:

Daş
(şeir-esse)


Sahil boyu səpələnmiş müxtəlif ölçülü
iri daş parçaları - tərpənməz halına rəğmən
bir fikir gəlir ağlıma:
üstündə dayanmaq da olar, oturmaq da və
seyr etmək olar həm də dəniz səthinə çökmüş
nəhayətsizliyi;
sanki seyr edirsən keçmişi və az sonra
qırılır yaddaşın hardasa... və yenidən qayıdırsan
hərəkətsiz daşların sükutuna.

Sükut halı və cürbəcür həndəsi forması daşların
saxlayır bir anlıq, cəlb edir adamı. Işdi birdən oyada bilsən sükutu,
görən nələrdən danışar bu daşlar və nələri gizlədər daş yaddaşında.

Bəlkə də
nə qədər pıçıltı, nə qədər çığırtı gizlənib daşların sükut halında,
neçə tale, neçə ölüm və neçə ölümsüzlük bürünüb
tərpənməz sükut halına müxtəlif ölçülü bu daş varlıqların ...
(daş adamların demək istəyirdim qeyri-ixtiyari).

Görən elə daş idimi yaranandan,
bəlkə daş yox, bəlkə elə
balıq olub, adam olub, quş olub,
sonra dönüb daş olub; reinkarnasiya –
deyəsən, ləyaqətlə görür öz işini.
Sonra yenə
ya balıq, ya adam, ya quş olacaq və
yenə axırda dönüb daş olacaq.
Yenə biri eynən mənim kimi, bəlkə elə
mənə bənzəyən ya adam, ya balıq, ya quş şəklində
gözünü zilləyib sükuta və hərəkətsizliyə
xeyli dayanacaq keçmişlə gələcəyin arasında.

Uzaqlaşıram dənizdən, daşlardan və sahildən.
Yalnız bir fikir qucaqlayıb bu dəli ağlımı, yalnız bir fikir:
gələcəyə üz alan,
indi yalnız riyazi dildə susan bu daş parçaları
nə idi, kim idi,
hardan gəlib düşüb bu dəniz sahilinə,
hansı trayektoriyanı cızıb – hansı tarixi yazıb
keçmişdən indiki tərpənməz sükut halına.
Yoxsa hər şey “neçə”di elə “necə”yə kimi,
hər şey elə doğurdan da rəqəmdi öncə?!

Bir löhvə dayanır dəniz sahilində:
Bayıl qəsri –Şirvanşahlar dövləti tərəfindən
1235-ci idə müdafiə məqsədi ilə inşaa edilib,
1306-cı ildə zəlzələ nəticəsində dənizə batıb.


MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031