manera.az
manera.az

Elbrus Qayalı: “Ədəbiyyatda gərək bir az üzlü olasan”- MANERA

Elbrus Qayalı: “Ədəbiyyatda gərək bir az üzlü olasan”- MANERA

Müsahibimiz şair Elbrus Qayalıdır.

- Elburus müəllim, necəsiz?

- Başımı həyat elə qatıb ki, heç bilmirəm necəyəm.

- Sosial şəbəkələrdən uzaqsınız...

-Heç komputeri necə açıb, söndürməyi də bilmirəm. Amma eşidirəm ki, deyirlər ki, filankəs sənin şeirini öz adına yayıb internetdə. Niyə səsini çıxartmırsan? Bu yaxınlarda da Əflatun Qubadov mənim ana şeirimə bir mahnı yazıb ifa edib. Özü də etiraf edir ki, məni sevdirən də bu mahnım oldu. Amma bir dəfə olsun, mahnının mətninin kimə məxsus olduğunu deməyib. Bizdə belədir, sakit oldun haqqın yeyəcəklər. Ədəbiyyatda da gərək bir az üzlü olasan.
Qubadlıdan ilk şair mən seçilmişəm AYB-nin üzvü və ilk prezident təqaüdçüsü də mən olmuşam.

- Çap olunursunuzmu? Gənclərin çoxu tanımır sizi...

- Şeirlərimi çox çap ediblər qəzetlərdə. O da vallah mən özüm verməmişəm. Elə kitabımdan götürüb dostlar sağ olun, çap ediblər. Mən heç vaxt tanınmaq, şöhrət qazanmaq həvəsində olmamışam.

- Tənqidə münasibətiniz necədi?

- Bəlkə də yeganə adamam ki, tənqiddən xoşhal oluram. Dost dostun səhvin deməlidi. Mənim dostum mənim səhfimi demirsə, demək o düşməndir. Amma onun da yeri və qədəri var. Adam adamda səhv axtarmaz, səhvi görəndə deyər, adam adamda eyib axtarmaz. Səhvsiz insan yoxdu. Amma mən fikirləşim ki, filankəsin yazısında səhv axtarmalıyam, mən bu yazıdan nə isə tapıb çıxarmalıyam ortaya, bu artıq ayrı şeydi. Tənqid gözəldi. Əgər kimsə səni tənqid etməyib, eləcə tərifləyirsə, demək elə səni uçuruma itələyənlərin biri də odur. Ədəbiyyatda tənqid mütləq olmalıdır.

- Bu gün itirə-itirə gedirik. Doğmalarımızı, torpaqlarımızı itirmişik... Bəs ümidimizi?

- Yox. Qətiyyən! İnanın ki, indi də rəsmi şəkildə eşitsəm ki, torpaqlarımızı geri qaytara bilməyəcəyik, Qubadlını bir daha görməyəcəm, vallah ölərəm. Mən bu yaşda da ümidə sığınıb yaşayıram.

- Yaşamaq gözəldi, deyilmi?

- Bu yaxınlarda ürəyimi müayinə etdirirdim, həkim dedi ki, ürəyinin vəziyyəti yaxşı deyil. Sonra üzümə baxdı dedi ki, qorxmadın? Dedim yox. Dedi axı həyəcanlandın. Dedim ki, mən həyatda hələ çox adama ümid yeriyəm. Ona görə yaşamaq istəyirəm. Mənə yaşamaq kimlərəsə kömək etmək üçün lazımdı. Mən kiminsə ümid yeriyəmsə, demək yaşamaq lazımdır. Yaxşılar da var, onlara baxanda deyirsən ki, bəli, yaşamağa dəyər...

- Bəs ömür necə?

- Mən Qubadlıdan çıxandan bu günəcən olan ömrümü mənasız sayıram. Məncə, dünyada ən gözəl yer Azərbaycandı, Azərbaycanda ən gözəl yer isə mənim doğulduğum yerdi. Mənim də ömür yolumun Qubadlıdan keçən hissəsi gözəldir, əlbəttəki.

- Elbrus Qayalı niyə yazır?
- Bəzən ümid etdiyim, güvəndiyim birindən laqeyidlik görəndə yazıram, ya hansısa bir hadisə məni sarsıdanda yazıram. Bilirsiz şeir elə bir şeydi ki, sadəcə təsirlənib yazmaq mümkün deyil. Hansısa bir şey səni ruhunu titrətməlidir ki, ordan həmin şeir doğa bilsin. İçimin, özümün rahatlığı üçün yazıram.

- Yazmasanız nə dəyişər?

- Yazmasam heçnə dəyişməz, amma mən həyatımı dəyişə bilərəm. bu qədər yükləndiyim dərdi qələmlə boşaldıram biraz.

- Ədəbiyyat bizə nə verir?


- Ədəbiyyat bizə çox şey verir. İstedadlı həkim və ya müəllim əgər gündəlik biliyini artırmırsa, o savadsızlığa məhkumdur. Yəni gün ərzində oxumayan adamın biliyi azalar ki, artmaz. Oxumaq lazımdır. Kitablar bir nəqliyyatdır və sənə dünyanı gəzdirər. Sən evində oturduğun yerdə niyə də gündə bir neçə saatlığa dünyaya səyahətə çıxmayasan?

- Ən çox kimləri oxuyursuz?

- Mikayıl Müşviqi çox sevirəm. Onu dönə-dönə oxumaqdan yorulmaram. Dünya ədəbiyyatından Dostayevskini, Tolstoyu oxuyuram. Çox kitab oxuyanam.

- Sizin sənətiniz də, işiniz ədəbiyyatla tərs mütanasibdir. Yunan Roma güləşi üzrə çempionsuz. Bədən Tərbiyəsi və İdman Akademyasını bitirmisiniz. İdman bir az kobudluq tələb edir, ədəbiyyat isə incəlik, zərif duyğular tələb edir.Ədəbiyyatla idmanın ortaq nöqtəsin necə tapmısınız?

- Bilirsiz, idaman əksinə insanları saflaşdırır. İdman insanı həm də vətənpərvər edir. Məsələn, mənim akademiyada tələbə yoldaşım olub Milli Qəhrəmanımız Əliyar Əliyev. Görürsüz o necə vətənpərvər insandı? Həm də qəlbində bir şair ruhu var idi,onun. Qıraqdan kobud görsənən hər bir insanın içində, dərinliyində bir incəlik var, əslində. Çox maraqlıdır ki, mənim tələbə yoldaşlarımın çoxu ədəbiyyata meyllidirlər. Təvəkkül adlı tələbə yoldaşım vardı, o da şeir yazırdı. Bizim akademiyanı bitirən Asif Talıboğlu var, o da gözəl şairdi. Demək ki, ədəbiyyat elə bir qüvvədir ki, elə bir cazibəsi var ki, fiziki də özünə cəlb edə bilər, idmançını da, fəhləni də. Bu duyğu işidi...


- Gəzib dolanmısan yəqin hər yanı,
De, necə tapmısan bizim ünvanı?
Sona gölü keçər, kəklik qayanı,
Laləli zəmidə barlı bülbülüm,
Cəh-cəhinə qurban olum bülbülüm.

O bülbüldən xəbər var?


- Ondan sonra mənə bir dostum söhbət etdi. Şuşadan idi. Deyir mən şuşada göyərçinlər saxlayırdım. Bir göyərçinim var idi, bəzəkli. Çox qəribə bəzəkləri var idi ondan bir tək məndə var idi. Hamı o quşun tamaşasına gəlirdi. Mən də quşun qanadının alına işarə qoymuşdum ki, birdən uçub gedər, quşumu tanıyım. Deyir Mərdəkanda sanatoriyaya yığışmışdıq. Bir gün həyətimizə bir göyərçin qondu bütün hissim titrədi. Onu tutdum qanadına baxdım həmən göyərçin idi. Bunu eşidəndə ağladım. o quşlar bizdən vəfalıdı.

- Sizə görə şeir necə yaranır?
- Şeir daxili narahatlıqdan doğur. Şeir ruhun sarsıntısından doğur...

- Yeni kitabınız çıxıb “Tanıya bilmədim səni”. Təbrik edirik...

- Məni kitabıma görə məni təbrik edəndə bir az da içimdə düşünürəm ki, sanki kimsə mənə deyir ki, təbrik edirəm gözəl istirab çəkmisən. Çünki bir kitabın araya- ərsəyə gəlməsi üçün nə qədər istirab çəkir, nə qədər əzab çəkir şairlər...

- Manera.az-a hələlik son sözünüz?

- Manera.az haqqında xoş sözlər eşidirəm. Nə qədər sosial şəbəkədən uzaq olsam da saytınızın xəbəri mənə də çatır. Dostlar bu yaxınlarda dedilər ki, manera.az adında bir sayt açılıb. Mən səmimi adamam, düşünürəm sizin də xətrinizə dəyməz. Bir dostum dedi ki, “Qardaş, vallah 4-5 çəlimsiz uşaqdı bu saytı işlədənlər. Amma o buğuburma kişilərin eləyə bilmədiyi işləri görürlər. Hay salıblar hər yana”. Bax, belə davam edin, qızım. Bu məsuliyətli olduğu qədər də şərəfli işdi. Bir şeyi də bilin ki, ağıl nə yaşda olmur nə də görünüşdə. Siz ağıllı gənclərsiniz ki, belə bir işlə məşğulsuz.

Elbrus Qayalı: “Ədəbiyyatda gərək bir az üzlü olasan”- MANERA

- Çox sağ olun!

- Minətdaram sizə.
Xatırladım ki, televiziyalara müsahibə çox vermişəm. Amma ilk dəfədi öz istəyimlə sayta müsahibə verirəm. Sizin kimi gənclərin yetişdiyini görəndə yetərincə ürəyim fərəhləndi. Var olun və bu templə irəli gedin.
Uğurlar manera.az-a!

Çinarə Ömray
Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031