manera.az
manera.az

Bakı Kitab Mərkəzində Anar Məmmədxanovun 15-ci anım gününə həsr olunmuş tədbir keçirilib

📅 23.04.2026 19:44

Bakı Kitab Mərkəzində Anar Məmmədxanovun 15-ci anım gününə həsr olunmuş tədbir keçirilib
“Özünə sadiq ömür: Anarsız 15 il” adlı tədbirdə Anar Məmmədxanovun əziz xatirəsi ehtiramla yad olunub.

Bu gün Bakı Kitab Mərkəzində 90-cı illərdə Azərbaycan gənclərinin kumirinə çevrilmiş, böyük vətənpərvər, əfsanəvi “Bakılı oğlanlar” komandasının kapitanı Anar Məmmədxanovun 15-ci anım gününə həsr olunmuş “Özünə sadiq ömür: Anarsız 15 il” adlı tədbir keçirilib.

Tədbirdə Anar Məmmədxanovun ailə üzvləri, yaxın dostları, tanınmış ictimai xadimlər, ziyalılar və sənət adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Xəzər” TV-nin baş direktoru, “Bakılı oğlanlar” komandasının parlaq simalarından biri, Xalq artisti Murad Dadaşov açıb. O, çıxışında öz kapitanı Anar Məmmədxanovla bağlı ən səmimi və kövrək xatirələrini bölüşərək, onun şəxsiyyətindən, dostluğundan və liderlik keyfiyyətlərindən bəhs edib.

Gecənin aparıcısı Anar Məmmədxanovun həyat yoldaşı İradə xanım olub. Tədbir zamanı ailə üzvləri – bacısı Nahidə xanım, oğlu İslam, eləcə də yaxın dostları Anar Məmmədxanovla bağlı xatirələrini bölüşüblər, onun həyat və fəaliyyətinə dair unudulmaz anları yenidən canlandırıblar.

Çıxış edənlər Anar Məmmədxanovun yalnız sənət və ictimai mühitdə deyil, həm də milli məsələlərdə göstərdiyi mövqedən danışıblar. Bildirilib ki, o, Azərbaycanın haqq səsini müxtəlif ölkələrdə ucaldaraq Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük xidmətlər göstərib. Onun Vətəninə, xalqına və milli dəyərlərə bağlılığı xüsusi vurğulanıb.

“Özünə sadiq ömür: Anarsız 15 il” adlı tədbir Anar Məmmədxanovun zəngin ömür yoluna, yüksək insani keyfiyyətlərinə və Vətən sevgisinə həsr olunub.

Anar Məmmədxanov öz işıqlı siması, dərin zəkası, yumoru və vətənpərvərliyi ilə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.


Baxış sayı - 39 | Yüklənmə tarixi: 23.04.2026 19:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930