manera.az
manera.az

Ailə dəyərlərindən dövlətçilik missiyasına uzanan mənəvi varislik

📅 26.04.2026 10:37

Ailə dəyərlərindən dövlətçilik missiyasına uzanan mənəvi varislik

Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. Adamların mənəvi aləmi təkcə əməkdə, ictimai fəaliyyətdə deyil, həmçinin ailədə formalaşır.
Heydər Əliyev


Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir.
İlham Əliyev


Dünya gender elmi tarixində elə qadın simaları var ki, onların ömür yoluna və fəaliyyətinə nəzər salarkən yaşadıqları dövrün ictimai-siyasi hadisələri, zamanın çağırışları, mühitin təsirləri də mütləq diqqətə alınır. Hər bir xalqın tarixində öz yeri, öz izi, öz adı ilə ucalan qadın şəxsiyyətləri var. Onların xalqa, cəmiyyətə, elmə, mədəniyyətə verdiyi töhfələr zaman keçdikcə daha böyük dəyər qazanır. İstedadı, biliyi, bacarığı ilə seçilən belə qadınlar həm də zəhmətsevərliyi, xeyirxahlığı, mənəvi zənginliyi ilə yadda qalırlar. Azərbaycan elminin, səhiyyəsinin və ictimai-mənəvi həyatının belə parlaq simalarından biri akademik Zərifə Əliyevadır.

Yüzlərlə insana nur bəxş edən, gözlərə işıq, qəlblərə mərhəmət gətirən böyük qadın, böyük ana, böyük alim Zərifə xanım Əliyevanın həyat yolu bir örnək məktəbidir. Bu məktəb ailə dəyərlərinin, insan sevgisinin, elmi məsuliyyətin, cəmiyyətə xidmətin ali dərsidir. Bu mənəvi məktəbin davamı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində özünü aydın şəkildə göstərir. Mehriban xanım Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbindən bəhrələnən, Zərifə xanım Əliyevanın nəciblik, mərhəmət, ailə və insanlıq ənənələrini yaşadan görkəmli şəxsiyyətdir.

Zərifə xanım Əliyeva ilə Mehriban xanım Əliyevanın həyat və fəaliyyət yolunda mənəvi yaxınlıq, dəyərlər bağlılığı, insana, ailəyə, xalqa və dövlətə xidmət fəlsəfəsi xüsusi ahəng yaradır. Hər iki xanım Azərbaycan ictimai-siyasi, elmi və mənəvi həyatında seçilmiş qadın obrazı kimi ucalır. Onların taleyi qadın zərifliyi ilə böyük missiyanın birləşdiyi nadir ömür salnaməsidir.

Həyat fəlsəfəsində xoşbəxtlik anlayışı hər zaman müxtəlif mənalarda izah olunur. Bəzən insan ömründə xoşbəxtliyin ölçüsü sahib olduğu imkanlardan daha çox gördüyü işlərlə, yaratdığı mənəvi irslə, insanlara bəxş etdiyi işıqla müəyyənləşir. Elə şəxsiyyətlər var ki, öz əməlləri ilə sağlığında mənəvi abidə ucaldır, tarixdə silinməz iz qoyurlar. Zərifə xanım Əliyeva belə uca şəxsiyyətlərdəndir.

Ulu Öndər Heydər Əliyevin Zərifə xanım haqqında söylədiyi fikirlər bu böyük qadının ailədə, cəmiyyətdə, insan talelərində hansı mənəvi zirvəyə sahib olduğunu göstərir. Ulu Öndər Zərifə xanım kimi həyat yoldaşı olduğu, ailəsində yüksək mənəvi mühit yaratdığı üçün özünü xoşbəxt saydığını vurğulayıb. Prezident İlham Əliyevin “Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur” fikri isə övlad qəlbindən gələn ən böyük ehtiramdır. Onun “Mənim anam əsl alim idi” sözləri Zərifə xanım Əliyevanın həm ana, həm alim, həm də insan kimi böyüklüyünün ifadəsidir.

Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva haqqında kövrək xatirələri bu böyük qadının ailədə, cəmiyyətdə və insan talelərində tutduğu mənəvi yeri daha dərindən açır. Ümummilli Lider onu “birinci növbədə böyük bir insan” kimi xatırlayır, Zərifə xanımı sədaqətli həyat yoldaşı, mehriban ana, ailəsini, övladlarını, nəvələrini yaşadan və böyüdən fədakar insan kimi qəlbində yaşatdığını bildirirdi. Bu fikir Zərifə xanım Əliyevanın ana, xanım, həyat yoldaşı və şəxsiyyət kimi ucalığını bütün aydınlığı ilə ifadə edir.

Zərifə Əliyeva Azərbaycan tibb elmi tarixində möhtəşəm yeri olan qadın alimdir. Onun oftalmologiya sahəsində gördüyü işlər, elmi axtarışları, peşəsinə bağlılığı Azərbaycan səhiyyəsinin inkişafında mühüm mərhələ təşkil edir. Mehriban xanım Əliyevanın “İxtisas seçimimə həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdi” fikri də bu mənəvi təsirin, bu örnək həyat yolunun necə dərin iz buraxdığını göstərir.

Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın elmi irsini yüksək qiymətləndirərək onun Azərbaycan oftalmologiya məktəbinə dəyərli töhfələr verdiyini, gənc kadrların hazırlanmasında böyük xidmət göstərdiyini vurğulayıb. Dövlət başçısının “Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi” fikri onun tibb elmi tarixindəki mövqeyini, alim məsuliyyətini və həkim şəfqətini ən dəqiq şəkildə səciyyələndirir.

Zərifə xanım Əliyeva dövlət xadiminin ömür-gün yoldaşı, Prezident anası, görkəmli alim, ictimai xadim, həkim-oftalmoloq kimi Azərbaycan tarixində özünəməxsus yer tutub. Mehriban xanım Əliyevanın həyatında da həkimlik peşəsi, humanist düşüncə, ictimai-siyasi fəaliyyət, dövlətçilik məsuliyyəti və Azərbaycan qadınına xas nəciblik bir vəhdət təşkil edir. Bu bənzərlik sadə tale oxşarlığından daha artıq məna daşıyır; burada dərin mənəvi bağlılıq, ailədən cəmiyyətə, cəmiyyətdən dövlətçilik missiyasına uzanan uca bir dəyərlər xətti görünür.

Mehriban xanım Əliyeva qadının ailədəki yerinə, ana missiyasına, ailə dəyərlərinə hər zaman xüsusi həssaslıqla yanaşır. Onun “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hadisəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm” sözləri bu düşüncənin ən səmimi ifadəsidir. Mehriban xanım Əliyeva Zərifə xanımdan gələn ailə, mərhəmət, milli-mənəvi dəyər ənənələrini yaşadır, təhsilin, tibbin, mədəniyyətin, mənəviyyatın inkişafına böyük diqqət göstərir, müasir Azərbaycanı dünyada yüksək səviyyədə tanıdır.

Zərifə xanım Əliyeva və Mehriban xanım Əliyevanın ictimai-humanitar fəaliyyətində mərhəmət, şəfqət, insan amilinə həssas yanaşma mühüm yer tutur. Zərifə xanım Sülhü Müdafiə Komitəsinin üzvü kimi sülh, barış, insanlıq çağırışlarını dəstəkləyirdi. Onun müharibəyə, insan iztirabına, ağrıya qarşı həssas münasibəti həkim ürəyindən, ana qəlbindən doğurdu.

Mehriban xanım Əliyeva da beynəlxalq miqyasda sülh, ədalət, mədəniyyətlərarası dialoq və humanizm ideyalarının yorulmaz təbliğatçısıdır. UNESCO və ICESCO çərçivəsində həyata keçirdiyi fəaliyyətlər, dünya mədəni irsinin qorunmasına, təhsil və humanitar layihələrin inkişafına verdiyi töhfələr Azərbaycan qadınının nurlu simasını beynəlxalq aləmdə ucaldır.

Zərifə xanım Əliyeva ailəyə bağlı, ailə ocağının dəyərini uca tutan ictimai xadim idi. Ulu Öndər Heydər Əliyev ailə məsələlərinin, övladların tərbiyəsinin, evdə yüksək mənəvi mühitin yaradılmasının Zərifə xanımın üzərinə düşdüyünü və onun bu missiyanı böyük sədaqətlə, məharətlə yerinə yetirdiyini xüsusi vurğulayıb. Bu, Zərifə xanımın ailə daxilində nə qədər böyük mənəvi dayağa çevrildiyini göstərir.

Mehriban xanım Əliyeva da qadını ailədə sülhün, mehribanlığın, anlayışın və məhəbbətin qoruyucusu kimi dəyərləndirir. Onun ailəyə, övladlara, həyat yoldaşına münasibətində Azərbaycan qadınının ənənəvi zərifliyi, sədaqəti və mənəvi ucalığı görünür.

Zərifə xanım Əliyevanın taleyinə Heydər Əliyev kimi böyük dövlət xadiminin həyatının əbədi sevgisi olmaq yazılıb. Mehriban xanım Əliyevanın taleyinə isə Qarabağı işğaldan azad edən, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyat və məslək yoldaşı olmaq kimi şərəfli missiya düşüb. Hər iki ömür yolu sevgi, sədaqət, dövlətçilik və xalq naminə xidmətlə bağlıdır.

Akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elminin inkişafında xidmətləri geniş və çoxşaxəlidir. O, öz sahəsində yenilikçi alim, peşəsinə böyük məsuliyyətlə yanaşan həkim, elmi məktəb yaradan ziyalı idi. Zərifə xanımın həyatı, ailədə və cəmiyyətdə tutduğu yer əsl mənəviyyat, müdriklik və şəfqət məktəbidir. Bu məktəbin müasir dövrdəki davamçısı Mehriban xanım Əliyeva xalqının sevgisini qazanmış humanist lider, xeyirxahlıq və mərhəmət ünvanı kimi tanınır.
Zərifə Əliyeva həkimlə xəstə arasında birbaşa əlaqənin müalicənin təsirini artırdığını, həkimin xəstə üçün ən doğma insana çevrildiyini bildirirdi. Onun bu fikirləri həkim peşəsinə necə böyük insanlıq missiyası kimi yanaşdığını göstərir. Akademik N.Puşkovskaya Zərifə Əliyevanın xeyirxahlığını onun həyat tərzi kimi dəyərləndirib. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırıb, professor N.Şulpina isə dünya şöhrətli alim kimi qiymətləndirib.

Mehriban xanım Əliyeva da həkim düşüncəsini, humanist fəlsəfəni, dövlətçilik məsuliyyətini, ictimai xeyirxahlığı öz fəaliyyətində birləşdirən şəxsiyyətdir. Onun “sizin Mehriban” müraciəti xalqla səmimi bağlılığın, insanlara yaxınlığın, mərhəmət və qayğının rəmzinə çevrilib.

Zərifə xanım Əliyeva kökləri dövlətçilik düşüncəsinə, ziyalılığa və yüksək mənəvi dəyərlərə bağlı olan nəcib bir ailənin yetirməsi idi. O, Azərbaycanın görkəmli dövlət xadimi, uzun illər səhiyyə sahəsində böyük xidmətlər göstərmiş Əziz Əliyevin qızı, ictimai-siyasi mühitin, elmə və xalqa xidmət ənənəsinin içində formalaşmış bir ziyalı xanım idi. Əziz Əliyev ocağından aldığı tərbiyə, ailə mühitində gördüyü məsuliyyət, insanlara qayğı və Vətənə bağlılıq Zərifə xanımın şəxsiyyətində həkim şəfqəti, alim zəkası, ana müdrikliyi və xanım zərifliyi kimi parladı. Bu mənəvi şəcərə onun ömür yolunu daha da ucaltdı, adını Azərbaycan qadınının nəciblik və ləyaqət salnaməsinə çevirdi.

Azərbaycan qadınının ənənəvi dəyərlərini özündə yaşadan Zərifə xanım Əliyeva dövlət xadiminin qızı, dövlət başçısının xanımı, gələcək Prezidentin anası, alim qızın anası, yüzlərlə insana nur verən peşəkar həkim, görkəmli alim, kübar, alicənab, insanları sevən böyük qadın idi. Onun şəxsiyyətində mərhəmət, şəfqət, humanizm, nəciblik və yüksək mədəniyyət birləşirdi. Bu keyfiyyətlər ona əsl insan, əsl xanım, əsl həkim ucalığı qazandırıb.
Mehriban xanım Əliyeva da kökləri elmə, ədəbiyyata, ziyalılığa və milli-mənəvi dəyərlərə bağlı olan nəcib bir şəcərənin yetirməsidir. O, görkəmli alim, professor Arif Paşayevin qızı, Azərbaycan ədəbiyyatına “Bir gəncin manifesti” kimi ölməz əsər bəxş etmiş Xalq yazıçısı Mir Cəlal Paşayevin nəvəsidir. Bu şəcərədən gələn mədəniyyət, elm, sözə ehtiram, insana sevgi və Vətənə xidmət ənənəsi Mehriban xanım Əliyevanın şəxsiyyətində yeni bir ucalıq qazanıb. Onun fəaliyyətində Paşayevlər ailəsinin ziyalı ruhu, Mir Cəlal müəllimin mənəvi söz işığı, Arif Paşayevin elm və təhsil məktəbi, Zərifə xanım Əliyevadan gələn mərhəmət və nəciblik ənənələri bir-birini tamamlayır.

Prezident İlham Əliyevin Zərifə xanım haqqında söylədiyi sözlər onun unudulmaz obrazını bütün aydınlığı ilə canlandırır. Dövlət başçısı Zərifə xanımın yüksək davranış meyarlarına malik olduğunu, insanlara səmimiyyətlə, xeyirxahlıqla yanaşdığını, alicənablıq və mədəniyyət kimi müsbət keyfiyyətləri özündə birləşdirdiyini vurğulayıb. Onun alim kimi böyük zirvələrə yüksəldiyini, əsərlərinin və elmi monoqrafiyalarının bu gün də aktuallığını qoruduğunu qeyd edib.
Dövlət başçısı Zərifə xanım Əliyevanın insanlara münasibətində səmimiyyətin, xeyirxahlığın, yüksək mədəniyyətin və alicənablığın birləşdiyini xüsusi qeyd edib. Prezident İlham Əliyevin fikrincə, Zərifə xanım əsl ziyalı idi və Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri öz şəxsiyyətində təcəssüm etdirirdi. Bu dəyərləndirmə Zərifə xanım Əliyevanın portretini həm elmi, həm mənəvi, həm də ailə müstəvisində tamamlayır.

Prezident İlham Əliyev Mehriban Əliyeva haqqında da yüksək fikirlər söyləyib. Onu peşəkar, bilikli, təcrübəli, prinsipial, xeyirxah insan kimi dəyərləndirib və Azərbaycan xalqının Mehriban xanıma böyük sevgi və rəğbətlə yanaşdığını bildirib. Bu fikirlər Mehriban xanım Əliyevanın ictimai və dövlət fəaliyyətinin mahiyyətini aydın şəkildə ifadə edir.

Prezident İlham Əliyevin Zərifə xanımın vəfatından sonra ailəsinin həyatında böyük dəyişiklik baş verdiyini, xoşbəxt anlarda belə anasının sevincini düşündüyünü söyləməsi övlad qəlbinin ən dərin duyğularından xəbər verir. Bu sözlərdə anaya sonsuz məhəbbət, itkinin ağrısı, xatirənin müqəddəsliyi yaşayır.

Zərifə xanım Əliyevanın ömrü Azərbaycanın müstəqilliyini, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu yolundakı böyük missiyasını, sevimli oğlunun Prezident kimi xalqına xidmətini, Mehriban xanım Əliyevanın geniş ictimai və dövlətçilik fəaliyyətini, nəvələrinin böyüməsini, doğma Vətənin qüdrətlənməsini görmədən əbədiyyətə qovuşdu. Ancaq o, ürəklərdə nəcib həkim, xeyirxah ictimai xadim, Azərbaycanın kübar xanımı, böyük ana kimi əbədiləşdi. Dövlət xadimi atasından aldığı nur, böyük dövlət xadimi olan həyat yoldaşı ilə yaşadığı mənəvi ömür, sevgi ilə böyütdüyü oğlunun “müqəddəs anam” kəlamı ilə Zərifə xanım Əliyeva Azərbaycan tarixində işıqlı şəxsiyyət kimi qalır.

Mehriban xanım Əliyevanın Zərifə xanım haqqında dediyi sözlər bu mənəvi bağlılığın ən kövrək ifadəsidir: “Mənim Zərifə xanımla ünsiyyətim qısa oldu. Zərifə xanımla, bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır”.

Heydər Əliyev və Zərifə Əliyeva birliyi Azərbaycan ailə, sevgi, sədaqət və mənəviyyat tarixində örnək məktəbdir. Bu məktəbin işığı bu gün də yaşayır, yeni nəsillərə yol göstərir, Azərbaycan qadınının ucalığını, ailə dəyərlərinin müqəddəsliyini, insana xidmətin böyüklüyünü xatırladır.
Zərifə xanım Əliyeva bir ömür boyu nur saçdı. Mehriban xanım Əliyeva həmin nurun mənəvi davamını öz fəaliyyəti ilə bu gün də yaşadır. Bu davamlılıq Azərbaycan qadınının şərəf salnaməsidir.

Heydər Əliyev və Zərifə Əliyeva birliyi tariximizin ən nurlu səhifələrindən, Azərbaycan ailə, sevgi, sədaqət və mənəviyyat salnaməsinin ən uca zirvələrindəndir. Zərifə xanım Əliyevanın adı nurla anılır, Mehriban xanım Əliyevanın fəaliyyəti isə həmin nurun müasir Azərbaycan yolunda davam edən işığı kimi görünür. Böyük Rəhbər və Böyük Qadın — bir ömrün iki uca zirvəsi, bir xalqın yaddaşında əbədi yaşayan nur və sədaqət abidəsi. Ruhunuz şad, xatirəniz əbədi olsun.

Aygül Bağırova


Baxış sayı - 106 | Yüklənmə tarixi: 26.04.2026 10:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930