"Qınayıram şair Qəşəm Nəcəfzadəni və ... " - Çinarə Ömray - MANERA
Çinarə Ömray
Bizim bütün faciələrimiz unutqanlığımızdan başlayır... Unuda-unuda gedirik. Gah soy kökümüzü, gah xalqımızı, gah vətənimizi, gah da özümüzü unuduruq...
Biz millət olaraq nə yasımıza yas kimi, nə də sevincimizə sevinc kimi yarana bilmirik.
Yaxın zamanlarda lap yaxın günlərdə baş verən faciənin, 19 may faciəsinin istisi hələ də üzümüzü qarsır, Fərəhin gözləri, baxışları hələ də hər yerdən bizə baxır. Amma bizim ədəbiyyat adı altında gəzən xalalarımız deyəsən ya qəlbləri möhürlənib, ya da qırmızı don geyinib Fərəhin, Ömərin, Aydanın ölüm günlərində restoranda oynamağa əhd ediblər.
O gün Mətanəti top-tüfəngə tutanlar bu gün şadlıq saraylarının birində türk qonaqlara yeyib içməklərlə yanaşı, musiqi ziyafəti də verdilər. Musiqinin sədaları altında qonaq xanımlardan birinin qırmızı dəsmalın çxardıb yellədiyini görəndə bir anlıq donub qaldım. Nə baş verdiyini anlamağa çalışırdım. Körpə uşağın yanmaqdan qızaran o siması gəldi gözümün qarşısına. Axı heç o körpələrin bədəninin istisini torpaq da soyutmuyub. Biz necə belə ehtinasız ola bilərik ki? Artıq zalda dayana bilmirdim musiqi səsinə hadisə günü qışqırışan anaların səsi qarışmışdı qulağımda. Zalın hər yanından o körpələr baxırdı elə bil. Dayana bilmirdim boğulurdum. Kitabı götürüb dəhlizə çıxdım. Pəncərədən çölə baxırdım ki, gözüm həmən binaya sataşdı. Fərəhgilin binasına... Elə bil Fərəh ordan baxıb deyrdi ki, uzum yanır, yaralarım ağlayır xala . İçim parçalandı. Oturub kitabı vərəqləməyə başladım. Bu dəfə daha böyük bir təəssüflə qarşılaşdım. Bu kitab böyük həm də daha böyük bir səhvlə qarşılaşdım. Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri Səməd Vurğunun imzasıyla təqdim edir bizim “ziyalı ədəbiyyatçı”larımız böyük Türk xalqına. Yəni bu qədərmi olar? Hərf səhfləri ilə dolu olmağı bir qırağa, başdan-başa fikir yalnışlıqları ilə də doludur. Bunu “Antalogiya”da şeirləri d'rc olunan insanlar da təsdiq etdilər. Antalogiyada şeirləri çap olunan Aybəniz adlı xanımla söhbətimiz zamanı qeyd etdi ki, müəlliflərin adlarının qarışısından Azərbaycan sözünü siliblər (güya tərcümeyi -halda qısaldma işləri aparıblar). Bunu türklərmi edib? Təbii ki, xeyr. Bunu bizim Bakıdan olan “juri”lərimiz ediblər. Mən bu kitabı vərəqlədikcə sadəcə təəssüf hissi keçirdim ki, gör, bizi dünyaya kimlər tanıtmağa cəhd edirlər.
Ay əzizlərim, axı ədəbiyyatın Azərbaycandan kənarda təmsili Rüstəm Kamalın təbirincə desək «Bir sürü mənasız arvad»ların gedib qonşu ölkələrdə şəkil çəkdirib sosial şəbəkələrdə yayımlamasından ibarət deyil!...
Məni təcübləndirən başqa bir məqam..
Qəşəm Nəcəfzadə yetərincə sözünü deməyi, düşünməyi bacaran, öz mövqeyi olan biridir. Görəsən, onun xəbəri var idimi, təqdimatını etdiyi bu kitabın içindəki yalnışlıqlardan? Dəyərli ziyalılarımız var, kifayət qədər. Onlar dəvət oluna bilməzdimi bu antalogiyanın juri heyyətinə?
Axı necə buna səssiz yanaşıb üstünü gur səsli musiqi ilə örtməyə çalışırsınız? Səhfənin birində isə yazılıb. “Vaqif Səmədoğlu, Yusif Səmədoğlu Səməd Vurğunun oğullarıdır.” Sonda isə yazılır ki, “Səməd Vurğun Vaqif Səmədoğlu və Yusif Səmədoğlunun atasıdır” bu qədər də absurd olmaz axı, ay başına dönüm!
Bir az burda adı olanlardan maraqlandım dedilər ki, burada dərc olunmağımız üçün bizdən pul da alıblar. Birisi 60 AZN verdiyini dedi, biri 70, digərləri 75... və.s.
Həə.. məsələ yavaş-yavaş aydınlaşır. Bu dəm içəridən gələn yallı səsi bir el misalını yadıma saldı. “Yalı artıq düşən, yallı gedər”.
Eşitdiyim, oxuduğum qədəri ilə Səməd babamız bir şeirini dərc etmək üçün onu dəfələrlə redaktə edərmiş. O qədər həssas imiş , o qədər “qəddar” imiş ki yazılarına... Tova, sağ olsaydı bu antalogiyanı çırpardı bu arvadların təpəsinə. Kitab da ki, maşallah 2-3 kilo!
Antalogiyanı varaqladıqca artıq bayaqki kimi, düşünmürdüm. Qınamırdım artıq bu xalaları, əmiləri. Bir deyim var, insan olduğu qədərdi. Istəsən də onu olduğundan artıq düşünməyə vadar edə bilməyəcəksən. Onlar üçün önəmi yoxdur ölən Fərəhdi, Ömərdi ya Andireydi. Necə ki, Bəxtiyarın şeirini Səmədin adından sırıyıblar türklərə! Bu gün də əldə etdikləri o 60 -70 AZN-lərin hesabına burda faciəmiz üzərindən ədəbiyyatımıza toy tuturlar.
Bir tək qınadığım çal-çağırda iştirak edən Qəşəm Nəcəfzadə və 4-5 nəfərdir ki, axı onların qələminə ciddi yanaşan, dəyər verənlər var idi. Bu andan sonra o fikirlərində qala biləcəklərmi?!...
...Bu antalogiyanı vərəqlədikcə daha çox səhvlərlə qarşılaşır, qarşılaşdıqa da tanıdıqlarım gözümdə cılızlaşırdı. Kitabı qatlayıb kənara qoymuşdum ki, zaldan aparıcının bizə səsləndiyini eşitdik – “Söz verilir, gənc yazarlar Şəhla Aslana, Çinarə Ömraya...” Bizə niyə söz verildiyini anlaya bilmədik, öncə. Çünki biz jurnalist olaraq dəvət edilmişdik. Tədbiri mediada işıqlandırmaq idi işimiz. İntervular alır, qeydlər aparır üzərimizə düşən vəzifəni yerinə yetirirdik. Əlqərəz, zala daxil oluruq.
Sarayın ta o başındaki pəncərədən başı qara örpəkli, yas içindəki bina baxırdı üzümə, arxamda sazına dəm tutmağa çalışan aşığın dınqıltısı qulağımı yaralıyır...
Üzümdə bir istilik hiss edirdim. Sanki içimdəki o ocaq üzümdə yanırdı. Və söz verilən dostlarımın dayandığı sıranın ta sonunda dayandım. Yəqinki sözümü deyib gedəcəkdim. Qərarım bu idi. Amma mən bu gün ilk dəfə sevindim. İntiqam Yaşarın o alov saçan çıxışı hələ də qulağımdadır, Emil Rasimoğlunun “O körpələrin kəfəni hələ saralmıyıb. Necə şənlənə bilirsiniz axı. Ayb olsun!!!” deməsi və etiraz əlaməti olaraq oranı tərk etməsi hamımızın içindən xəbər verirdi. Onlardan sonra mikrafonu Qəşəm müəllim aldı və özününü, tədbiri müdafiyə mövqeyinə keçdi. Bizsə bütün bu haqsızlıqlara dözməyib çıxış etməkdən imtina edərək zalı tərk etdik. Gördülər özlərini bizim gözümüzdə!
Həyətdən bir də o binaya baxdıq. Şadlıq sarayının içindəki faciə o yanan binanın faciəsindən daha ağrılı idi. Və anladım ki, bizim ədəbiyyat meyvələri dağılmış bir ağacdır, ağacın bəhrəsini görmək üçün dağılmış meyvələri bir səbətə yığıb düzgün məqsədlə istifadə etmək lazımdır.
Manera.az
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)