3-cü Rizə Kitab Sərgisində Nizami Gəncəvi irsi tanıdılıb

Türkiyədə keçirilən 3-cü Rizə Kitab Sərgisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin Türkiyə türkcəsinə tərcümə olunmuş əsərlərinin təqdimatı baş tutub.
Manera.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, dövlətçiliyi və nailiyyətlərini əks etdirən nəşrlər sərgilənir.
Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyə türkcəsinə tərcümə olunan Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Sirlər xəzinəsi” və “İskəndərnamə” əsərlərinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edənlər Nizami Gəncəvinin Azərbaycan və Türk dünyasının ortaq dəyəri olduğunu vurğulayaraq, onun zəngin ədəbi irsinin türk oxucularına ana dilində çatdırılmasının əhəmiyyətindən danışıblar.
Təqdimat zamanı əsərlərin tərcüməçisi, Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım Nizami Gəncəvinin yaradıcılığından bəhs edib, əsərlərdən nümunələr səsləndirərək türk oxucularını bu ölməz irslə yaxından tanış olmağa çağırıb.
Manera.az