manera.az
manera.az

Ədəbiyyat üçbucağı: istedad, iddia, siyasət

Ədəbiyyat üçbucağı: istedad, iddia, siyasətHikmət Məlikzadə

Bu çağadək heç kim (fərdi olaraq) bir sahəni tam təmin edə bilməyib. Bu mənada ədəbiyyat da bəzən aldadıcı xarakterlərlə təzahür edir, nəticə etibarilə fərdi yanaşmalar ədəbi müstəvidə keçid yarada bilmir. Diqqət yetirək: «Mən şairlər şairi Xəlqaniyəm, Xəlqani» deyən ulu Xaqani ədəbiyyatın bir sütununu hördü, (tamlıq əxz olunmadı). Sonra «şeirdən ucalıq umma dünyada, Çünki Nizamiylə qurtardı o da» deyən şeyx Nizami bu «evin» ikinci sütununu hördü, (əhatə yenə yarımçıq göründü). Və sonra «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» deyən dahi Nəsimi üçüncü divarı qaldırdı. Ondan da sonra «Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz» deyən Füzuli dördüncü divarı zərgər dəqiqliyi ilə digər sütunlara birləşdirdi və ədəbiyyat adlı sarayın sütunları tamamlandı. Və daha sonra «Seyyida, ölmərəm, aləmdə səsim var mənim» deyən Seyid Əzim, «Bənzərəm bir qocaman dağa ki, dəryada durar» deyən ölməz Sabir bu sütunlara rəng çəkdi, onları min cür çalara saldı. Lakin evin damı, qapı-pəncərələri və digər təchizatları da var. Bir sözlə, bundan sonra da Xaqanilər, Nizamilər, Nəsimilər və Füzulilər yetişməlidir ki, yarımçıq qalmış ədəbi proseslər bütöv hal alsın.

Təbiidir ki, bu gün (yaxud100 il sonra üçün) kimlərin yetişdiyini təkcə zaman bilir. Bəlkə də (hələlik 100 il sonra üçün) yüksək ədəbi səviyyəsi olacaq kimsə yoxdur, yəni ola bilər ki, zaman ədəbiyyatımız üçün yetişdirəcək adamı (yaxud adamları) hələ tapmayıb. Bu da o deməkdir ki, ədəbiyyat adlı sarayın damının və digər təchizatlarının qurulması gələcək illərin fəhmi ilə əlaqəlidir və hələlik bu sarayın üstü, qapı-pəncərələri açıqdır. Təəssüf ki, hazırkı ədəbi miqyaslar bu açıqlıq anlamına sirayət etməkdən çox fərdi-iddialı çürük təfəkkürə uyğunlaşır. Hətta üzdə olan qələm sahibləri də aldadıcı manevrli fikri-hissiyyata uymaqla, xalq yazı fəlsəfəsinin üstündə yalançı-əks uyğun çevrə cızıblar. Bu çevrənin içində görünən miqdar bir az yaradıcılıq, bir ovuc təkrarçı ənənə, bir çuval da təməlsiz iddiadır. Zənnimizcə, bununla ədəbi əhatədə genişlik yaratmaq qeyri-mümkündür.
Əgər iki əsrdir ədəbiyyatımızın dam hissəsində heç bir səs-küy yoxdursa, bu, fərdi yanaşmaların aldadıcı təsir olması faktını isbatlayır. Və səmimi deyək ki, cəmiyyəti yalançı, boğazdan yuxarı təriflə ədəbi çevrədə hər şeyin yaxşı olduğuna inandırmaq bağışlanmaz günahdır. Onsuz da «elin gözü tərəzidir».
Maraqlıdır ki, dünya ədəbiyyatı da neçə əsrlərdir hay-küyçü ənənə ilə xarakterizə olunur. Dünya ədəbi sistemində də bir-birini təkrarlama, (hətta oğurlama) və yalançı çürük fəlsəfəyə meyl son dərəcə diqqət çəkir. Üstəlik, ədəbiyyatın son illər siyasi aurada boğulması ciddi narahatlıq doğurur. Buna misal kimi Nobel mükafatına təqdim olunan əsərləri göstərmək olar. Bu əsərlərdə əsas ədəbi qayə siyasi meylləri əksetdirmə, əksənənəçilik və loru dildə desək, satqınlıqdır. Yəni bədii meyar, ədəbi düşüncə, oxucu zövqünü oxşama və s. bu əsərlərin xarakterinə yaddır. Daha dəqiqi, bu tərz (zəif) əsərlər ancaq və ancaq siyasi dairələrin maraqlarına xidmət edir. Ciddi nəzər yetirsək, içimizdə də bu formatda əsər yaratmaq arzusunda olanlara rast gələrik.
Düzdür, istər əvvəlki illərdə, istərsə də bu gün Azərbaycan ədəbiyyatı üçün gərəkli əsərlər yazılıb və yazılır, ancaq bu, böyük bir azlıqla təzahür edir. Bu azlığa zəmin yaradan məğzlər sadəcə, iddiadır. O iddia ki, bir xəstəlik kimi çoxlarını öz cənginə mübtəla edib.
Bəllidir ki, təbliğat çox mühüm vasitədir. Ənənəçi, güclü ədəbi miqyaslı bir şairi, yaxud yazıçını oxuculara, cəmiyyətlərə tanıtmaq üçün bu vasitədən istifadə əsasdır. Ancaq təəssüf doğurası haldır ki, dünyada da olduğu kimi, ölkəmizdə əksər hallarda yalnız adamlı qələm sahibləri (yaxud da sadəcə, cızmaqaraçılar) təbliğata cəlb edilir, hətta yerli-yersiz mükafatlandırılırlar da. Nəticədə ədəbiyyat heç nə qazanmır, qalib yenə də siyasət olur (faciəvi haldır ki, bu, bütün sahələrdə belədir).
Pozitiv sürətlənməyə meyl ədəbiyyatın aqibətini sual altına qoyub. Və etiraf edək ki, son illər Azərbaycan ədəbiyyatı qismən uğura imza atır, lakin zəif-ənənəçi xarakteri ilə daha çox diqqət çəkir. Ədəbiyyata güclü axının iyrənc təfərrüatları da bu prosesə ciddi təsir göstərir. Az qala hamının «şair» olması ölkədə ədəbiyyat-cəmiyyət məsələlərinə münasibəti sıfıra doğru dəyişib. Səmimi deyək, sovetin vaxtında ədəbiyyat çox önəmli sahə idi, təəssüf ki, hazırda bu sahə o qədər də maraq çəkmir. Bəllidir ki, bu cür yanaşmalara bir az da mühitin acı girdabı zəmin yaradır.
Ədəbiyyat (poeziya) ucuz şou, asan dolanışıq yolu, yaxud da cızmaqarıçılıq işi deyil. Mövcud olduğu andan bu sahə ədəbi-ictimai ovqata sirayət edir, cəmiyyətin bədii-poetik əsər mübadilələrini yetkin formaya salır. Lakin bu gün güclü-mənasız axına tab gətirməyən ədəbiyyat əməlli-başlı sarsıntı keçirir. Onun qapısına toplaşanların əksəri iddiaçı təkrarçıdır və yarınma siyasəti yürüdür.
Dünya vahidinə görə Azərbaycan (miqyasca) bütöv bir vilayətdir, onun hüdudlarında bu qədər təkrarçı-zəif qələm adamının olması təbii ki, gülünc təsir bağışlayır. Və bu qədər qələm adamı ölkəmizin ədəbiyyat üfüqlərinə güzgü tutmaq gücünə malik deyilsə, onda təbii ki, ədəbiyyat-poeziya anlayışları şübhəsiz, qınaq hədəfinə .
Çoxluğun xoşagəlməz proses olduğunu bilirik. Atalarımız da «Çoxluq ......dur» deyiblər. Bu gün Azərbaycan ədəbiyyatı (poeziyası) həmin bulaşığın içindədir və nəfəs kəsən iy verir. Üstəlik, kütləvi savadsızlıq, ədəbiyyata kommersiya mənbəyi kimi baxılması və s. bu sahədə görünən axsama yaradıb.
Azərbaycan ədəbiyyatında bir az da sudan quruçıxma söhbəti var. Bu prosesə hələlik qanun heçnə demir. Lakin qanunun humanist olduğu yerdə ölçü-biçi gözlənilməz. Hazırkı axın bəlkə də bu çəkisizlikdən qaynaqlanır. Hər halda bugünün ədəbi qənaətləri, poeziyayaratma cəhdləri ürəkaçan deyil.
Senzuranın sağlığında Azərbaycan ədəbiyyatı (poeziyası) hətta dünya sərhədlərini aşmaq gücünə malik olmuşdur. (Bunu o vaxt oxuduğumuz əsərlər də sübut edir). Senzuranın olmadığı kosmik sürətlənmə dövründə ədəbiyyat-poeziya öz funksiyasını icra edə bilmir, hər kəs ağlına və ağzına gələni ictimai çək-çevirə sırımağa çalışır; nəticədə bədii əhatə dəyərdən düşüb, poeziyaya hörmət itib. Ədəbiyyatın hörmətdən düşməsi də cəmiyyətin faciəsidir.
Desək də, deməsək də «modern-ənənəçi forma» hər şeyi öz əhatəsində fırladır. Fırlanmaq başgicəllənməsi də yaradır. Ədəbiyyatımızın ağılçaşdırma məğzlərinə də bu fırlanma baiskardır. Və U.Ceymsin təbirincə desək: Çox böyük tarix gərəkdir ki, azacıq ədəbiyyat alınsın. Təəssüf doğuran haldır ki, bu gün ədəbi təbliğata cəlb olunanların yarıdan çoxu fikri şeirdən ayıra bilməyənlərdir. Buna görədir ki, son iki on ildir təsirli-emosional bədii yazıya rast gəlinmir. Bu da ədəbiyyat və xəlqilik məsələlərini sıfıra endirir. Hansı ki, ədəbiyyatın xəlqiliyi onun tarixi keçmişini dərindən əks etdirir. Bir halda ki, xəlqilik ədəbi proseslərin ayrılmaz hissəsidir, bu forma gözlənilməlidir.
Hazırkı tənqidçilərin çoxu ədəbiyyatda sənətkarlıq məsələlərinin doğru-dürüst realizəsini apara bilmir.
Əgər sənətkarlıq məziyyətləri ədəbiyyatı insanlara sevdirən əsas məğzlərdəndirsə, onda ədəbi tənqidçilər bu dövr üçün ədəbiyyatın hesabat proqrmalarını tərəfsiz hazırlamağı bacarmalıdırlar. Belə bir hal olmadığı üçün hazırkı ədəbi ənənə müəyyən mənada xalqın mənəvi tələblərinə cavab vermir, özündə şablonçuluq və sxematiklilik yaradır. Və ədəbi qatında bədiilik olmadığına görə son illər qələmə alınan silsilə cızmaqaraların yükü də yoxdur. Bu səbəbə son illər kimsə öz ədəbi məktəbini yarada bilmir.
Maraqlıdır ki, istedadsız iddialılar çox vaxt səhv yolda olduqlarını görmürlər. Sanki bir səhvi iki dəfə təkrar etmək onların xobbisidir. Belələri postmodernist ənənəçiliyi rəzil günə qoyurlar. Və onlar şedevr sandıqları fikirləri fərqində ola bilmədikləri iddia ilə qələmə aldıqları üçün ədəbiyyatı xaosa uğradırlar. Necə ki, İ.Pestalosti deyib: «Düzgün düşünmək böyük bir kəşf qədər əhəmiyyətlidir». Həm də iddiadan doğan fikirlər əslində, qorxaq əsgərlər kimidir. Diqqət yetirək: istedaddan yüksək iddia indiyə qədər bircə sənətkar belə yetişdirməyib.
Təcrübələrimizdən cəsarətlənib deyə bilərik ki, «istedad xaosdan harmoniya yaradır, iddia çılpaq ehtiras». Onsuz da təkrarçı ənənələrə aludə olmaqdan zövq alanlar üçün «şeir (bütövlükdə ədəbiyyat - H.M) məqsəd deyil, naqqallıqdır. Belələri qələmə aldıqlarında xəta olmadığını iddia edirlər, çünik yazıçı (şair) deyillər». Belə olan halda onların «yaradıcılığında» tipoloji-bədii dərk axtarmaq gülünc təsir bağışlayar. Və səmimi deyək, bu tip cızmaqaraçıları yüksək tərzdə tərifləyən tənqidçilər unutmasınlar ki, xalq yazı ənənəsinə, xalq ədəbi ruhuna xəyanət edirlər.
Nə isə, düşünürük ki, biz zamana təsir etmək gücünə malik deyilik; siyasi manevrlər nə qədər ədəbi çək-çevirləri öz əhatəsində sıxsa da, tarix əsl qələm sahiblərinə dəyər vermək üçün gecikməyəcək.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30