manera.az
manera.az

"Cənnətdən gələn məktublar" təqdim oldu - FOTOLAR

📅 30.08.2016 16:00

"Cənnətdən gələn məktublar" təqdim oldu - FOTOLAR

Avqustun 28-i Aybəniz Əliyarın "Cənnətdən gələn məktubları"nın ardınca yeni bir ünvana - Sumqayıtda Ə. Kərim adına Poeziya Klubunun və S. Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasının birgə təşkil etdikləri təqdimat mərasiminə yollandıq.

Şabranda yaşayıb-yaradan, Xaqani Poeziya Evinin direktoru, şair Aybəniz Əliyar ustad şairimiz Ramiz Qusarçaylının təsis və rəhbərlik etdiyi “Ay işığı” ədəbi məclisinin sənət məktəbində püxtələşən, bu gün də onunla sıx təmasda olan yazarlarımızdandır.

Onun hər uğuruna ürəkdən sevinən, yeni nər olunmuş “Cənnətdən gələn məktublar” kitabının redaktoru Ramiz Qusarçaylının: “Şair, Sumqayıt tədbirinə gedəcəksinizmi?” sualımu belə cavablandırdığını xüsusi qeyd etməyə bilmirəm. “Getməmək olarmı, qaça-qaça, uça-uça gedəcəyəm!” Mən də, əlbəttə ki, Ramiz müəllimin sevincinə şərik idim və ona qoşularaq birgə “qaça-qaça, uça-uça” yola düzəldik Qubadan. Şabrandan sevilmli şairimizi də “tərkimizə” alıb cənnət mehinə sarı davam elədik yolumuzu... Sumqayıtlı yazarlarımızla, şairlərimizlə bizə hər zaman xoşdur. Ev sahibi kimi hiss edirik özümüzü onlarla birgə. Günbəgün inkişaf edib gözəlləşən, möhtəşəm təzə binalarla, yeni tikililərlə simasını yeniliyə doğru dəyişən şəhərlə birgə onun sənət adamları, ziyalı və yazarları da “təzələnir”, sinələri kükrəyib aşıb-daşır. Şair İbrahim İlyaslının simasında təmsil olunan, təzəlikcə yeni möhtəşəm buna ilə təmin olunan Poeziya Evi qoynunda poeziya vurğunlarını birləşdirir, hər zaman qapılarını onların üzünə geniş açır. Biz yetişəndə S. Vurğun adına Mərkəzi Kitabxananın qarşısında artıq “cənnət məktublarının” sorağına hamı toplaşmışdı. Dost görüşünə nə qədər sevinmək mümkünsə o qədər hərarətli, sevincək gördük şair dostlarımızı, qonaqlarımızı. Səliqəli, sərin oxu zalında gözəl bir aura vardı. Kimlər gəlmişdi şimalımızın AY Bənizlisi ilə görüşə...

Şair İbrahim İlyaslı tədbiri açıq elan edərək artıq imzası ilə Azərbaycan oxucusuna kifayət qədər tanış və doğma olan Aybəniz Əliyarın bənzərsiz istedadı haqqında ürək sözlərini, onun yaradıcılığı haqqında mülahizələrini söylədi. Söz ardıcıl olaraq Sumqayıt ədəbi mühitinin ağsaqqalı, ustad şairimiz, hazırda isə Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin sədri işləyən Əşrəf Veysəlliyə verildi. Bu səbirli, təmkinli söz adamımız şairin yaradıcılığını elə öz şeirləri fonunda yığcam, səlist və dəqiqliklə təhlil elədi. Aybəniz xanımın yaradıcılığı haqqında yüksək fikirlər söyləyən şair onun daha böyük sənət uğularına imza atacağını qeyd elədi. Bu dəfə tədbirlərin ənənəvi gedişinə dəyişiklik edən İbrahim İlyaslı Aybəniz Əliyarı çıxışların sonuna saxlamayıb bəri başdan söz verdi.

Aybəniz xanım onun görüşünə toplaşanları salamlayaraq tədbirin təşkilatçılarına, isti yay günündə şeirə, sənətə diqqət yetirib onunla birgə olanların hər birinə səmimi təşəkkürlərini çatdırdı. Onun ifasında səslənən yeni şeirlər hamı tərəfindən alqışlarla qarşılandı. Təbiəti də şeirləri qədər həssas, səmimi olan İbrahim İlyaslı çıxış etmək üçün söz verdiyi şairlərin, dostların sırasında, təqdimində belə bir xüsusilik yaradır, şux, incə zarafatlarından qalmır, hamıya ürəyindəkiləri söləmək üçün imkan yaradırdı.

Çıxış və iştirak edənlərdən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şair Şabir Sarvan, uzun müddət Sumqayıtda Təhsil şöbəsinin müdiri, məktəb direktoru işləmiş, tanınmış şair Ofeliya Babayeva, DGTYB Məsləhət Şurasının başkanı, şair-publisist Əkbər Qoşalı, Atatürk Mərkəzinin baş redaktoru, şair Dəyanət Osmanlı, İsmayıllıda fəaliyyət göstərən ”Dağ Çiçəkləri” Ədəbi Birkiyinin sədri, şair Şahməmməd Dağlaroğlu, S. Rəhimov adına Qubadlı Ədəbi İctimai Birliyinin sədri, “Sözün sehri”qəzetinin baş redaktoru, şair Qafqaz Əvəzoğlu, şairlərdən Ayaz Arabaçı, Sabir Yusifoğlu, Xatirə Fərəcli, Xatirə Rəhimbəyli, Nazilə Gültac, Ədalət Nicat, gözəl saz ustası Aşıq İman, gənc şair Qoşqar Qaraçaylı, Ə.Kərim adına Poeziya Klubunun metodisti, yazıçı Almaz, həmçinin klubun kütləvi tədbirlər üzrə təşkilatçısı, gənc şair Elvin Əlizadə, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Yeganə Əhmədova, Sumqayıt şəhər Təhsil Şöbəsinin metodisti Əlhəddin Cekli, oxuculardan Yağmur Xəzan, İlqar Quliyev, Ziya Fətəliyev və başqaları Aybəniz Əliyarın şeirləri, sənəti haqqında düşüncələrini, xoş təəssüratlarını bölüşərək şairin şeirlərindən nümunələr oxudular. Poeziyanın əbədi gözəlliyi ilə süslənmiş oxucu, mütəxəssis fikrini dinləmək, onlarla birgə sənət sevincini yaşamaq olduqca xoş, unudulmaz idi...

Tədbirdən sonra şəhərin görməli yerlərində olduq, girişindən çıxışınacan tamamilə yenidən qurulan Heydər Parkı boyu tikintisi yenicə başa çatmış möhtəşəm Heydər Əliyev Mərkəzinin binasını, öz orijinal memarlıq üslubu ilə fərqlənən və göz oxşayan Şahmat və Musiqi məktəblərinin binalarını seyr elədik. Yeni Poeziya Evində, rahat və mükəmməl avadanlıqla təchiz olunmuş binada təzəlikcə məskunlaşan Ə. Kərim adına Poeziya klubunda olduq. Səliqə-səhman, yaraşıqlı stendlər, yumşaq mebellər göz oxşayırdı. Göz, könül dolusu zövq aldıq bu gözəllikdən. Beləcə uğurla sona yetdi Aybəniz Əliyarın“Cənnətdən gələn məktubları”nın daha bir təqdimat mərasimi, hələ uzun zaman xatirəlrədə yaşayacaq şeir bayramı.

Yeni sənət görüşlərinədək, əziz dostlar!

Sevinc Məmmədova,
MANERA.AZ


"Cənnətdən gələn məktublar" təqdim oldu - FOTOLAR
"Cənnətdən gələn məktublar" təqdim oldu - FOTOLAR
"Cənnətdən gələn məktublar" təqdim oldu - FOTOLAR
"Cənnətdən gələn məktublar" təqdim oldu - FOTOLAR
"Cənnətdən gələn məktublar" təqdim oldu - FOTOLAR
"Cənnətdən gələn məktublar" təqdim oldu - FOTOLAR


Baxış sayı - 1 790 | Yüklənmə tarixi: 30.08.2016 16:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031